Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi kollektivi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib



Newscenter.az.12.05.2021. “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi kollektivi Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan məqbərə və məzarı ziyarət edilib.

Newscenter.az xəbər verir ki, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın görkəmli mütəfəkkir barəsində fikirlərini təqdim edirik.

Düzünü tədqiqatçılar bilir, belə oxumuşam ki, on ikinci yüzilliyin birinci yarısında Azərbaycanın mədəniyyəti, memarlıq incisi qədim Gəncədə güclü zəlzələ baş verib; təbiətin bu təlatümündən iki möcüzə yaranıb. O iki möcüzədən biri Göygöldür, digəri Nizami Gəncəvi.
Biri təbiətin saf güzgüsü, digəri mənəviyyatımızın, düşüncəmizin aynası...

Min ilə yaxındır ki, insanlar qocaman Kəpəzin ağuşuna sığınan Göygölə can atır, xalqımızın təmiz qəlbinə bənzəyən bu aynanı seyr edir. Onun fonunda şəkil çəkdirmək bizim günlərimizdə içdən gələn bir həvəsə, ənənəyə dönüb. İnsanlar daranır, bəzənir, Göygölün önündə şəkil çəkdirir, amma həmişə də bir anda əbədiləşən o fotolarda hamıdan gözəl görünən Göygöl olur.

İnsanlar, dünya min ilə yaxındır ki, Nizami Gəncəvi yaradıcılığına, Nizami Gəncəvi dəryasına baş vurur, xalqımızın mənəviyyat aynasına baxıb özünü görür, möhtəşəm varlığını hiss edir, durulub saflaşır. Amma həmişə də yeni-yeni nəsillər öz əzəməti ilə nəinki Kəpəzi, Qaf dağlarını, Himalayı, Alpı utandıran Nizami zirvəsinə, Nizami Gəncəvinin fikir, düşüncə ucalığına ucala bilmir. Di gəl ki, o ucalığın əl-ətəklərində dolaşıb çevrə vurmaq da insanı zənginləşdirir.

Bəzən tabular qoyulur; məsələn belə, hər yerindən duranın Nizami Gəncəvi haqqında nəinki, yazmaq, heç danışmaq ixtiyarı yoxdur. Bəlkə də bu dahi şairin yaradıcılığının əlçatmaz olmağından ortaya çıxan bir tələbdir. Amma məncə, Nizamidən danışmaq, onun ölməz “Xəmsə”si haqqında fikir söyləmək üçün Nizamişünas olmağa heç ehtiyac da yoxdur. Xüsusən də yer üzündə var olan, sayı 60 milyona çatan Azərbaycan türkləri, xüsusən bütün türk dünyası, xüsusən külli müsəlman dünyası...

İrəli sürülən hər fikrin bir “nə üçün?” sualı var. O sualı cavablandırmaq üçün arqumentlər lazımdır. Amma Nizami adı gələndə arqumentlər ortadan qalxır. Çünki hər bir azərbaycanlı dünyaya göz açdığı gündən ata-ana nəfəsi, tarixi keçmişin yaddaşlara hopan dərin xatirəsi, milli ruh, doğma dil, müqəddəs torpağın ətri ilə yanaşı Nizami Gəncəvi havasını da ciyərlərinə çəkir. Düzdür, Nizami epik əsərlər yazmışdır, əgər şeir qaydalarına uyğun yazılmasaydı, onun hər bir poeması həyat cövhəri, insan xarakterləri ilə dolu bir romandır. İş burasındadır ki, hər bir azərbaycanlı üçün Nizaminin hikmətləri, poetik sərvəti “Kitabi Dədə Qorqud”, “Koroğlu” dastanları, bayatılar, qoşmalar, hətta mən deyərdim ki, anamızın laylası qədər aydın, doyulmazdır.

Nə vaxtsa oxuduğum, bəlkə orta məktəb illərində eşitdiyim belə bir fikri bugün daha inamla təsdiq etməyə, o sözlərə şərik çıxmağa borcluyam. Bizim ədəbiyyatımızın tarixi iki dövrə bölünür; Nizami Gəncəviyə qədərki ədəbiyyat, Nizamidən sonrakı ədəbi dövr.
Nizami Gəncəvinin Azərbaycan şairi adlandıranlar da haqlıdırlar. Onun 1500 illik İslam mədəniyyətinin yetirməsi, dünya şairi adlandıranlar da eyni dərəcədə haqlıdırlar. Amma bu gəncəli dahini kainat şairi adlandırsalar da haqlıdırlar... Nə yaxşı ki, Azərbaycanın övladları belə bir həqiqətlə lap kiçik yaşlardan tanış olmaq bəxtiyarlığına sahibdirlər. Axı orta məktəbdə oxuyarkən bizim ədəbiyyat dərsliklərimiz, ana dili, Azərbaycan dili kitablarımız Nizami Gəncəvinin adı, onun müdrik rəsmi ilə açılırdı. Uşaqkən fəxr edirdik ki, Nizami bizimdir. İnsan yetkinləşdikcə dərk və fəxr edir ki, Nizami Gəncəvi bizim olmaqla yanaşı həm də dünyanındır. Çünki Nizami Gəncəvi milli mənsubiyyətindən, dilindən, dinindən, cinsindən, dərisinin rəngindən asılı olmayaraq bütün bəşəriyyət üçün tükənməz bir xəzinə yaratmışdır. Nizami Gəncəvi söz sənətini yüksəldən bir sənətkar olmaqla bərabər müasir insanın fikrən və ruhən formalaşmasında misilsiz xidməti olan düşüncə dahisidir.
Burada hər kəsin düşünə və söyləyə biləcəyi sadə oxucu təəssüratını yekunlaşdırır və Nizami Gəncəvi şəxsiyyətinin yetişməsini şərtləndirəm psixoloji məqamları, şairin əsərlərində insan psixologiyasının ən incə, ən dərin qatları haqqında psixoloq mülahizələrimi qısaca da olsa qeyd etmək istərdim. Elmi və praktik təbabətdən fərqli olaraq psixoloqların insanlara yeganə təsir vasitəsi sözün gücü ilə inandırmaqdır. Psixoloji yardımın ən ümdə vəzifələrindən biri, bəlkə də birincisi insana məqdəsyönlülük, mənəvi-zehni keyfiyyətlərin aşılanmasıdır. Budur artıq yeddi ildir ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi müəyyən psixoloji problemlərlə ünvanımıza üz tutan uşaqdan böyüyə hər kəsə anlatmaq istəyir ki, əgər qarşına məqsəd qoymusansa və o məqsədin reallaşması üçün çalışırsansa, sonda səni uğur gözlədiyinə tam əmin ola bilərsən. Vay o kəslərin halına ki, onların həyatdakı leytmotivini təşkil edən dərk olunmuş məqsədi yoxdur. Əslində insan məzmunu, onu formalaşdıran və bəlli bir istiqamətə yönləndirən də məqsəddir. Bu yazını hazırlayarkən mən bu qlobal psixoloji məsələyə Nizami Gəncəvinin şəxsiyyəti fonunda nəzər salmaq istədim.

İstedadın bir vergi olduğunu heç kim inkar etmir. Psixoloqlar yardım prosesində ilkin başlanğıcı mütləq nəzərə alır, daxili potensialı dəyərləndirərək insan dünyasına körpü salmağa çalışırlar. Lakin bu da inkar olunmazdır ki, dünyaya gələn hər bir insan həyatının əvvəli yazılmamış ağ vərəq kimidir. Bəzən biz ona tale deyirik. Qoy olsun. Əsas odur ki, həmin o ağ vərəqə yazılan tale, həyat hekayəsinin müəllifi bir başqası deyil, elə o insanın özüdür. Bu mənada Nizami Gəncəvinin həyatı və şəxsiyyəti ideal bir nümunədir. Təsəvvür edin cəmi 68 (bəzi mənbələrə görə 63) il yaşayan bu dahi şəxsiyyət erkən yaşlarından daxili- zehni bir zənginliyə can ataraq sənət möcüzələri yaratmışdır. Bu elə-belə, durduğu yerdə alınmır. Nizamişünaslar, xüsusilə şairin öz əsərləri deməyə imkan verir ki, Nizami Gəncəvi fikrən və əməldə bir an belə məqsədsiz yaşamamışdır. Gəncədə şəhər mühitində böyüyən dahi şair məntiq, tibb, astronomiya, astrologiya, coğrafiya, tarix, fəlsəfə... elmlərini dərindən mənimsəmişdi. Təbii ki, xalqının dili, ana dili ilə yanaşı ərəb, fars, gürcü dillərini də bilirmiş. Bəs yaxşı əsərlərində adı keçən Sokrat, Aristotel kimi filosofları Nizami hansı dildən mənimsəmişdi – bəlkə yunancadan? Orası dəqiqdir ki, Nizami Gəncəvi fitrətinin gücünə, gecə-gündüz bilmədən çalışdığına görə yəhudi, xristian, pəhləvi, müsəlman, türk tarixini, xalq mifologiya və folklorunu, özündən əvvəlki bütün ədəbi-tarixi sərvətləri mənimsəmişdi. Nizami Gəncəvi tanrı yolunu tutaraq İslam fəlsəfəsini ən mötəbər daşıyıcısına çevrilmişdi. O, söz peyğəmbəri, bütün varlığı ilə İslama bağlı şeyx idi. Bəzən ən yaxşı ifadələri dəyərsizləşdiririk. Amma Nizami Gəncəvinin – böyük şairin simasında məqsədyönlülüyün ideal şəkli ilə üz-üzə qalırıq, söz bütün mahiyyəti ilə məhz məzmunu ifadə edir. Bax bu zaman Nizami Gəncəvi düha və zəhmətin, məqsədin, amalın övladıdır. İstər psixoloq olsun, istər müəllim – biz yeni nəslə bax bu nümunəni çəkib övladlarımızı işə, zəhmətə öyrətməliyik.

Nizami min ilə yaxın bir dövrün, ən müxtəlif ictimai-iqtisadi quruluşlar yaradan zamanın elə nadir şairlərindəndir ki, o bir saat belə şah sarayında yaşamamış, öz gözünün nuru, əlinin zəhməti ilə ömür sürmüşdür. Ona görə yazırdı ki:

Elə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə bir möhtac bəndə!

Dünya tarixində bir çox kütləvi psixoloji sarsıntılar mühitin, ictimai çevrənin vəziyyəti ilə bağlı olmuşdur. Bu qlobal bir məsələdir. Hər zaman ədəbi mövzulara sadiq qalan Nizami Gəncəvi cəmiyyətin mənəvi-psixoloji sağlamlığının qorunmasının kökündə ədalət psinsiplərinin sarsılmazlığını görür, elə ilk əsəri “Sirlər xəzinəsi”-ndə şahları insafa, xalqa xidmət etməyə, gəncləri əməyə, doğruluğa, humanizmə çağırırdı.
Çoxsaylı həyat təcrübələrinin timsalında insanın özünə inamı ən qüdrətli mənəvi-psixoloji amil kimi uğurların təməlində dayanır. Məqsədi müəyyən etmək nəzəri cəhətdən də mümkündür, amma inamsız məqsədə yetmək çətin məsələdir. Bizim psixoloqlarımız haqlı olaraq xüsusilə qadınlar arasında apardıqları maarifləndirmə işində inam faktorunu önə çəkir, hər hansı psixooloji gənginliyin, problemin aradan qaldırılmasında daxili qətiyyətin rolunu qeyd edirlər.

Yenə də Nizami Gəncəvinin ləyaqətli obrazı göz önündə canlanır. Onun yaradıcılıq uğurlarının əsasında dayanan başlıca amil inam duyğusu ilə bağlıdır. Nizami Gəncəvi əsərlərinin, yaratdıqlarının gərəkli və əbədi olduğuna inanır və yazırdı ki,

Yüz il sonra sorsan, bəs o hardadır? –
Hər beyti səslənər: burda, burdadır!

Mən erkən yaşlardan, gənclik illərindən sevərək tanış olduğumuz obrazları – Kərpickəsən kişini, həqiqəti rəmzlərlə ifadə edən bayquşları, Sultan Səncəri ifşa edən qarını... xüsusilə Xosrovu, Şirini, Fərhadı, Bəhram Guru, Leylini, Məcnunu, Fitnəni, Nüşabəni, İsgəndəri psixologiya sahəsində çalışan bir mütəxəssis kimi göz önünə gətirərkən bir daha yəqin edirəm ki, Nizami Gəncəvi bir-birindən fərqli insan psixologiyasını canlandıran filosof, dahi alimdir.

Nizami Gəncəviyə görə insan nikbin olmalıdır, nikbinlik dayanmadan dörd bir yana təbəssüm paylamaq deyil. Nikbinlik dözüm deməkdir. Nikbin insan yalnız gülməyi deyil, dərd çəkməyi, kədərə dözməyi də bacarmalıdır. Mənəvi azadlıq insanı insan edən, onu ucaldan ən mühün psixoloji amillərdən biridir. Köləlik xəstəlikdir. O insan azad olur ki, o daxilən zəngindir. Yüksək intellektə, yaradıcı həvəsə malikdir. Nizami Gəncəvinin «Xəmsə»si, lirik şeirləri bütövlükdə götürüldükdə insan qəlbinin azadlıq himnidir. Budur bədii dəlil, ədəbi şəhadətnamə:

Qorxuram, xain ürəklər doludur dünyada –
Öküz üstünlük edər, şir də xəcalətdə olar.
Hər zirək quş uça bilməz bu mavi göylərdə
Çox göyərçin bu səmalarda əsarətdə olar.

Məhəbbət insan ruhunun meyarıdır. Məhəbbət – ürəklərin qovuşub bütövləşməsi, insan qəlbinin baharıdır. Nizami dünya ədəbiyyatında bir şəxsiyyət olaraq ən sadaqətli aşiqdir. Bunu biz şairin istəkli həyat yoldaşı, oğlu Məhəmmədin anası Afaqa sonsuz sevgisində, “Xəmsə”-nin obrazlarının timsalında görürük. Psixoloji yardım prosesinin müxtəlif mərhələlərində bir daha görür və təsdiqləyirik ki, bugün cəmiyyətimizin bir sıra problemlərinin ortaya çıxmasınıт səbəbi insanların bir-birinə, valideynlərinə, qonuşularına, iş yoldaşlarına, hətta xalqına, millətinə, vətəninə sevginin az olmasıdır. Mənə elə gəlir ki, bir çox həyat məsələlərinin nizamlanması prosesində Nizami Gəncəvi yaradıcılığının, dahi şairin düşüncələrinin örnəyi ən etibarlı mənbə ola bilər, necə ki, tarixən olmuşdur.

Nə yaxşı ki, xalqımız qədirbiləndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin Nizami ili elan olunmasına dair sərəncamı bu həqiqəti bir daha sübut edir.

Nizami Gəncəvi zəfər şairidir, o hər zaman fikir və söz dünyasında qalibdir. Axı yaşadığımız il həm də zəfər ilidir. Nizami Gəncəvinin ruhunu yaşadan çağdaş Azərbaycanın mərd oğulları 44 günlük vətən savaşında şər üzərində qələbə çalmışdır. Bu xeyrin qələbəsidir!
Bütün dünyanın Nizami Gəncəvinin 880 illiyini qeyd etdiyi bir zamanda məkr və şər rəmzi olan ermənilərin Nizami yurdu Gəncəni raket atəşlərinə tutması, dinc insanların həyatına qəsd edilməsi, qədim şəhərin böyük bir məhəlləsinin dağıldılması erməni millətinin savaş gücü deyil, bədbəxtliyidir.

Və ulu şeyx babamız, dahi şair Nizami Gəncəvinin ruhu rahatdır. Çünki Gəncədə erməni caniləri tərəfindən atəşə tutulan dinc sakinlərin də, vətən naminə canından keçən qəhrəman şəhidlərimizin də qanı yerdə qalmadı, düşməndən qisas alındı!
Ən əsası isə Nizami Gəncəvinin 880 illiyini qeyd edən Azərbaycanın ayrılmaz parçası olan Qarabağ da azaddır!
Xəbəri paylaş