Newscenter.az.15.05.2021. Son dövrlər Fransadan Azərbaycana qarşı ən yüksək səviyyədə, daha dəqiq desək prezident Emmanuel Makron səviyyəsində təxribat xarakterli fikirlərin səsləndirildiyini media vasitəsi ilə öyrənirik. Təbii ki, Azərabyacanın Fransa ilə daima mehriban münasibətlər qurmaq cəhdlərinə baxmayaraq, təəssüflə qeyd etməliyəm ki, Fransadan zaman-zaman Azərbaycana qarşı bunun əksini görmək mümkündür. Baş verən prosesləri araşdırarkən və analoz edərkən Fransanın Azərbaycana qarşı atdığı addımların arxasında bəzi amillərin dayandığını görmək mümkündür. Bunların sırasında həm daxili, həm də xarici amillər var.
Məsələni Fransanın daxili amilləri ilə əlaqələndirsək, əsas diqqəti çəkən məsələ Fransa daxilində baş verən proseslərlə əlaqəlidir. Burada əsas qeyd ediləcək məsələlər sırasında SARI JİLETLİLƏRDƏN sonra Koronavirus pandemiyasının yaratdığı çətinliklərlə və s. məsələlərlə əlaqədar olaraq 14 və 21 aprel tarixlərində Fransada fərqli qruplara aid olan ordu daxilindəki generalların hökumətə verdiyi sərt xəbərdarlıqlar xüsusi yer tutur. Hesab edirəm ki, Emmanuel Makron hökuməti bu tip manipulyasiyalar etməklə cəmiyyətin fikrini əsas məsələlərdən yayındırmağa çalışır. Burada digər məsələ Fransada formalaşmış erməni lobbisinin dəstəyi ilə bağlıdır. Heç kəs üçün sirr deyil ki, erməni lobbisi Fransada ciddi sosial,siyasi və iqtisadi bazaya malikdir. Erməni lobbisi Fransada hökumətə ciddi təsir etmək imkanına malikdir. Həmçinin erməni lobbisi Fransada mediaya ciddi nəzarət mexanizimlərinə malikdir. Məhz buna görə də zaman-zaman Fransa mətbuatında həm Azərbaycana, hım də qardaş Türkiyəyə qarşı əks-təbliğat fikirləri yer almaqdadır.
Xarici amillərə gəlincə, burda da bir neçə səbəbi qeyd etmək mümkündür. Bu səbəblər sırasında II Qarabağ savaşından sonra Türkiyə və Rusiyanın vəziyyəti öz nəzarətlərinə götürməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin, daha dəqiq desək Fransa və ABŞ-ın oyundan kınarda qalmasını qeyd etmık mümkündür. Digər məsələ isə hər keçən gün regionda güclənərək regional gücdən Qlobal gücə çevrilən Türkiyənin Azərbaycanla dost və qardaş dövlət olması, nəticədə Azərbaycanın hər zamannTürkiyəyə daha çox etibar etməsidir. Təbii ki, qeyd ediləcək xeyli məsələlər var ki, Fransanın yalnızca Azərbaycana deyil, eyni zamanda Türkiyəyə qarşı aqressiv münasibət göstərməsinə səbəb olur. Azərbaycan Fransa ilə birgə Avropa Şurasının üzvüdür. Şübhə etmirəm ki, erməni lobbisi əlində əsirə çevrilən Fransa hökuməti və Fransa cəmiyyəti bundan sonra da Azərbaycana və Türkiyəyə qarşı hər zaman mənfi münasibətdə olacaq. Təbii ki, siyasi proseslər daima dəyişir. Qarşıdakı zamanda proseslərin gedişatı vəziyyəti daha yaxşı anlamağa imkan verəcək.
Samir Hümbətov-siyasi şərhçi