Newscenter.az.16.06.2021. İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında "Şuşa Bəyannaməsi” imzalandı. Görünür "Şuşa Bəyannaməsi" erməniləri əməlli-başlı qorxuya salıb.
Belə ki, Ermənistanın Xarici İşlər Nazirliyi Şuşa Bəyannaməsinin imzalanmasının ardınca Qarabağdakı separatçılarla birgə açıqlama yayıb. Həmin açıqlamada isə olduqca gülünc və həqiqəti əks etdirməyən məqamlar var. Xüsusilə bir məqam var ki, olduqca maraqlıdır. Məsələ ondadır ki, ermənilər açıqca etiraf edirlər ki, Türkiyənin Qarabağa gəlişinin qarşısını ala bilmirik, Rusiya bizə kömək etsin.
Rusiya Prezidenti Vladimir Putin isə hazırda amerikalı həmkarı Co Baydenlə görüşmək üçün Cenevrəyə yola düşüb. Bu görüşün nə qədər gərgin keçəcəyi isə artıq heç kəsə sirr deyil. Təsadüfi deyil ki, Kreml sahibi bu saat Baydenlə görüşün detalları üzərində fikirləşir. Əks təqdirdə Moskva nə Ərdoğanın Şuşaya gəlməsinə, nə də imzalanan Şuşa bəyannaməsinə heçnə olmamış kimi səssiz qalmazdı. Yəni Kreml prosesə qeyri-adi bir müdaxilə etməsə də, ən azından sözlü də olsa narahat olduğunu bildirə bilərdi.
Ərdoğanın Baydendən tələbləri, Kremlin diqqətini Cənubi Qafqazdan hələ çox yayındıracaq.
Məsələ ondadır ki, Putindən öncə artıq Ərdoğan NATO üzvü ölkələrinin dövlət və hökumət başçılarının Brüsseldəki Zirvə toplantısı zamanı Baydenlə söhbət edib. Diqqət etdinizsə bu söhbətdən sonra Ərdoğan əminliklə hətta gülə-gülə Şuşaya səfər etdi.
Düşünürəm, Bayden və Ərdoğan cəmi 40 dəqiqə davam edən görüşündə bir çox məsələdə ortaq məxrəcə gələ bilməsədə, bir məsələdə bu ikilinin razılaşdığı aydındır.
Belə ki, Əfqanıstandan ordusunu çıxaran ABŞ Türkiyənin onun yerinə bölgədə olmasını istəyir. Düzdür, Vaşinqtonun Əfqanıstandan çıxması və terrorçu elan etdiyi Talibanla görüşmələr keçirməsi bu ölkədə - Çinin sərhədləri dibində yeni ekstremizm ocağının yaradılacağı gözləntisini ortaya çıxarsa da Vaşinqton Talibanın nəzarətdən çıxmaması üçün Türkiyənin bu ölkədə olmasını istəyir.
Türkiyə də Vaşinqtonun bu istəyini yaxşı bilir və Qarabağ məsələsi üçün istifadə edir. Yəni çox güman ki, həmin görüş zamanı Ərdoğan ABŞ-ın ardınca Türkiyənin Əfqanıstanda olması üçün güclü bir bazaya ehtiyacı olduğunu, bunun üçün də Qarabağ məsələsində dəstəyini istəyib. Yəni Ərdoğan türk qoşunlarının Azərbaycanda olmasının vacibliyini Baydenə həm də Əfqanıstana nəzarət etmək kimi təqdim edib.
Bu mənada deyə bilərik ki, ermənilərin Rusiyadan gözəntiləri yersizdir. Çünki faktiki olaraq Ərdoğan Kremlin başını qatacaq bir Baydeni gerisində qoyaraq Şuşaya gəlib.
Hər halda Ərdoğan-Bayden görüşünün təfərrüatları Bayden-Putin görüşündə bəlli olacaq. Bu görüş də həm də Ərdoğanın Şuşa şəhərinə səfəri və imzalanan Şuşa bəyannaməsi haqda bəzi gizli məqamlarında gün üzünə çıxaracağını düşünürəm.
Turan Rzayev- Atlas Araşdırmalar Mərkəzinin siyasi eksperti