Newscenter.az.3.09.2021. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin ən mühüm mərhələsi 1990-cı ilin iyul ayında doğma yurdu Naxçıvana qayıdışı ilə bağlıdır.
Görkəmli dövlət xadiminin 1990-cı il iyulun 22-də Moskvadan Bakıya, oradan isə doğma yurdu Naxçıvana gəlişi sonralar özünün də söylədiyi kimi tarixin və zamanın hökmü idi.
90-cı illər elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvan tamamilə taleyin ümidinə buraxılmış, muxtar respublikanın ətraf aləmlə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, sabahkı günə inam qalmamışdı. Xalqın yeganə təsəllisi böyük öndərin Naxçıvanda xalqı ilə bir yerdə olması idi. Heydər Əliyev həmin günləri xatırlayarkən deyirdi ki, xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. “Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin ifasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir”.
Ulu öndər Naxçıvana qayıtdıqdan qısa bir müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada on minlərlə Naxçıvanlının təkidi ilə Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın siyasi həyatında möhtəşəm bir mərhələnin başlanğıcını qoydu. Bununla ölkəmizin milli dövlətçiliyinin əsaslarının yaradılması üçün mühüm qarşısıalınmaz siyasi proses start götürdü.
Heydər Əliyev Naxçıvanda milli dövlətçiliyimizin bərpası və dövlət quruculuğu yönündə qətiyyətli, inadlı və inamlı geniş bir siyasi hərəkatın əsasını qoydu. Ulu öndərin qətiyyəti, hər şeydən üstün tutduğu milli dövlət maraqları, bu maraqların bərpası və qorunması istiqamətində atdığı tarixi addımlar Azərbaycanın addım-addım milli müstəqilliyinə qovuşdururdu.
Ümummilli liderin qəbul etdiyi mühüm tarixi qərarlar Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanılması təmin olundu, Müstəqil Azərbaycan Ordusunun əsası qoyuldu.
Heydər Əliyev 1991-ci ildə faktiki olaraq Azərbaycanın xarici siyasi-iqtisadi əlaqələrinin əsaslarını yaratmaqla müstəqil dövlətimizin xarici siyasət kursunu həyata keçirməyə başlamışdı. Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası da uzun illərdən sonra məhz Onun Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Dahi şəxsiyyətin Naxçıvanda bu istiqamətdə atdığı addımlar isə ölkəmizin digər ölkələrlə dinc, səmimi dostluq şəraitində əməkdaşlıq etməsinin əsasını qoymuşdu.
Ümummilli liderimiz 1991-ci ildə milli birlik, milli ideyanı da dərinləşdirərək azərbaycanlıları bir ideya ətrafında toplamağa başladı. 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan tarixinin şərəf və qürur salnaməsi olan 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu öndər tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyulması ilə müstəqli Azərbaycanın milli dövlətçiliyin bərpası istiqamətində həlledici mərhələ başlandı.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor