Newscenter.az.18.10.2021. “Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının 92%, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50% artırılması təmin edilib. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39%, əmək pensiyalarının orta məbləğində 60%, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunub. Məhz Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da görülən işlərin davamı olaraq qiymətləndirmək lazımdır”.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, dünya miqyasında baş verən sosial-iqtisadi proseslərin nəticələri yeni çağırışlar yaradıb:
“Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir. Məhz, beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edəcək. Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb. Bütün bunlar bir daha sübut edir ki, vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin təminatı Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətdir”.
“Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb:
“Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Eyni zamanda, təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır, dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirən amildir”.
Ruhiyyə