Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Klostridiozlara qarşı necə mübarizə aparılmalıdır?



Newscenter.az.19.10.2021. Klostridiozlar Clostridium cinsli mikroorqanizmlərin patogen ştamları tərəfindən törədilən heyvanların və insanların infeksion xəstəlikləridir. Clostridiumlar çöpşəkilli, qrammüsbət və anaerob bakteriyalardır. Spor əmələ gətirdiyindən xarici mühit amillərinə, o cümlədən dezinfeksiyaedicilərin təsirinə qarşı davamlıdır. Əlverişli mühitdə, xüsusilə nəmlik çox olan şəraitdə aktiv inkişaf edərək çoxalan və qızdırılmaya qarşı davamlı olan bu bakteriyalar (qaynadıldıqda 10-20 dəq. ərzində inaktivləşir) mənfi temperaturda illərlə sağ qala bilir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, heyvanlar arasında klostridiozlara yoluxma alimentar (törədici ilə çirklənmiş yem və su qəbulu), eyni zamanda travmatik olaraq (dəri və selikli qişalarda yaranmış zədə və yaralar vasitəsilə), insanlar arasında yoluxma isə başlıca olaraq infeksiya ilə sirayətlənmiş qida məhsullarının istehlakı ilə baş verir.

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə əhali arasında müşahidə edilən qida zəhərlənmələrinə görə klostridiozlar ilk beşliyə daxil olan salmonella və stafilokok mənşəli toksikoinfeksiyalarla eyni sırada yer alır.

Klostridiozların törədiciləri sapronozdur. Əsas rezervuarının torpaq olmasına baxmayaraq, onlar suda, yemlərin tərkibində, peyində, döşənəkdə, havada, bitkilərin səthində və digər yerlərdə geniş yayılıb. Eyni zamanda insanların və heyvanların həzm, respirator və urogenital traktlarında rast gəlinir. Klostridiozların törədiciləri xəstəliyə yoluxmuş heyvanların fekalı və digər ifrazatları ilə daima ətraf mühitə yayılır.

Bağırsaqda qeyri-aktiv spor şəklində məskunlaşan klostridiumlar adi halda heyvanın sağlamlığına heç bir zərər yetirmədən saprofit həyat tərzi sürür. Lakin stres amilləri, yemləmə və heyvan yetişdirilməsi ilə bağlı yaranan çatışmazlıqlar fonunda heyvan orqanizmində rezistentliyin zəifləməsi onların vegetativ hala keçərək aktivləşməsinə və xəstəlik törətməsinə səbəb olur. Məlum olduğu kimi, klostridiumların bir çox növləri (C.perfringens, C.botulinium, C.septicum, C.chauvoei, C.tetani, C.sordellii, C.difficile və b.) və tipləri (A, B, C, D, E, F) mövcuddur ki, onların xarakterik xüsusiyyəti ekzotoksinlər (entero-, neyro-, nekro-, sito- və hemotoksin) ifraz etməsidir. Bu toksinlər içərisində botulotoksin, tetanotoksin və epsilon-toksin letal təsirə malik olması ilə səciyyələnir. Mövsümdən asılı olaraq klostridiumlar heyvanlarda intoksikasiyalarla müşayiət olunan müxtəlif xəstəliklər (Botulizm, Bradzot, Anaerob enterotoksemiya, Tetanus, Emfizematozlu karbunkul, Yaman keyfiyyətli şiş, Qaz qanqrenası, Nekrotiki enterit, Nekrotiki hepatit və s.) törədir. Bəzi klostridiozlarda toksemiya ilə yanaşı, bakteremiya da baş verir. Qeyd edək ki, klostridiumlar arasında polipatogen C.perfringens heyvan sağlamlığı ilə bağlı daha təhlükəli infeksiya növü hesab olunur.

Klostridiozlarla yoluxma zamanı xəstəlik törədicisi heyvanların mədə, bağırsaq, qaraciyər və böyrəklərini, qana sirayət etdiyi halda isə sinir sistemi və əzələ toxumasını zədələməklə yanaşı, sepsisə səbəb olur ki, bu da çox vaxt heyvanların qəfləti ölümü ilə nəticələnir.

Ümumiyyətlə, təhlükəli bakterial mənşəli xəstəliklərə aid olan klostridiozlar demək olar ki, bütün növ kənd təsərrüfatı heyvanlarının (iri və xırdabuynuzlu heyvanlar, atlar, donuzlar və s.), həmçinin balıqlar və quşların kütləvi tələfatına səbəb ola bilər. Xüsusilə də immun sistemi zəif olan körpə heyvanlar klostridial infeksiyalara daha tez yoluxur.

Odur ki, xəstəliyə qarşı kompleks mübarizə tədbirləri çərçivəsində heyvanlarda bakteriyadaşıyıcılığın qarşısının alınması məqsədilə təsərrüfatlarda sistemli şəkildə profilaktiki tədbirlər, o cümlədən dezinfeksiya işləri həyata keçirilməli, yemlərin və suyun sanitar-gigiyenik vəziyyətinə nəzarət gücləndirilməli, yemləmə rejimi tənzimlənməli və heyvan rifahı təmin olunmalıdır. Heyvanların klostridiozlara qarşı dövri peyvəndlənməsi spesifik profilaktiki tədbir olaraq zəruri hesab edilir. Sadalanan bütün bu tədbirlər ölkəmizdə heyvan sağlamlığının və qida təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.

Sevinc
Xəbəri paylaş