Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Alman iqtisadi möcüzəsinin" sirri NƏ İDİ?



Newscenter.az.23.10.2021. İkinci Dünya Müharibəsinin bitməsindən cəmi 5 il sonra siyasi leksikona "Alman iqtisadi möcüzəsi" adlı yeni bir termin daxil olmağa başladı. Söhbət təbii ki, bölünmüş Almaniyanın qərb hissəsindən - Almaniya Federativ Respublikasından (AFR) gedirdi. Müharibə nəticəsində dağılmış Almaniyanın sürətli bərpası bütün dünyanın diqqətini özünə cəlb etmişdi.

Bəs "Alman iqtisadi möcüzəsi" nədən qaynaqlanırdı? Bu, suala cavab axtarmaq üçün bir qədər əvvələ baxmalı olacağıq. Müharibə sona yaxınlaşanda Almaniyanın gələcəyilə bağlı ilk planı 1944-cü ildə ABŞ prezidenti Ruzveltin administrasiyasına onun yaxın dostu və maliyyə naziri Henri Morgentau təqdim eləmişdi.

"Morgentau memorandumu" adlandırılan plan faktiki olaraq Almaniyanın təkcə hərbi deyil, həm də iqtisadi potensialının darmadağın edilməsini özündə ehtiva edirdi. Memorandumu tənqid edən ABŞ rəsmiləri və ekspertləri isə onun Almaniyada milyonların acından ölməsinə səbəb ola biləcəyini qeyd etmişdilər.

Yaxın gələcəkdə yeni Almaniyanı ABŞ-ın müttəfiqi kimi görən praqmatik prezident Ruzvelt memoranduma skeptik yanaşmışdı və nəticədə həmin aqressiv plan "itib-batmışdı". Sonralar Morgentaunun oğlu bildirəcəkdi ki, memorandumun hazırlanmasına sovet casusu olmaqda şübhəli bilinən maliyyə nazirliyi yüksək rəsmisi Harri Dekster Uaytın təsiri olmuşdu.

ABŞ-ın Avropanın dirçəldilməsinə dair əsas addımı isə o zaman Truman administrasiyasında dövlət katibi olan Corc Marşallın adı ilə bağlanan "Marşall planı" olmuşdu. 1948-ci ilin aprelindən həyata keçirilməyə başlayan "Marşall planı" daha çox Almaniyanın inkişafı ilə bağlansa da əslində o, bütövlükdə Qərbi Avropanı əhatə edirdi.

Almaniya həmin planda nəzərdə tutlan vəsaitlərin heç də ən əsas hissəsini alan dövlət deyildi. Belə ki, $13 mlrd (2020-ci il ekvivalentində $114 mlrd) vəsaitin cəmi 11% (2020-ci il ekvivalentində $12,54) Almaniyanın payına düşürdü. Müqayisə üçün deyim ki, Böyük Britaniyanın payı 26%, Fransanınkı isə 18% idi.

Deməli, "Alman iqtisadi möcüzəsinin" sirri təkcə "Marşall planında" deyildi və ümumiyyətlə bu planda deyildi. Post-müharibə Almaniyasının inkişafı onun ilk kansleri olmuş Konrad Adenauer hökumətinin iqtisadiyyat naziri olmuş Lüdviq Erhardın adı ilə bağlanır. Erhard reyxsmarkanı əvəz edən yeni alman markasının vahid ödəniş vasitəsi kimi tətbiq edilməsinin müəllifi idi, onun bu addım isə "Alman iqtisadi möcüzəsinin" başlanğıcı sayılır.
Şübhəsiz ki, həmin yüksəlişdə ölkənin sənaye ənənələrinin və alman mühəndis təfəkkürünün də müstəsna rolu olmuşdu.

Baxmayaraq ki, müharibə nəticəsində məğlub olan Almaniyadan təkcə ABŞ və SSRİ on minlərlə qabaqcıl mütəxəssisi çıxarmışdı. Bir çoxları isə ölkədəki acınacaqlı vəziyyətdən qaçmaq üçün könüllü mühacirət eləmişdi. Bütün bunlara baxmayaraq artıq 1950-ci ildə Almaniydada illik iqtisadi artım 8%, işsizlik isə cəmi 0,7% olmuşdu.

Amma istənilən ölkənin inkişafında insan potensialının düzgün yönəldilməsinin və ondan səmərəli istifadənin də rolu danılmazdır.
2001-ci ildə Heidelberg Universitetində kursda idik. Universitetin bizim üçün kirayə götürdüyü evin sahibəsi vergi siyasəti üzrə mütəxəssis olan Frau Dr. Marks idi.

Bir dəfə Frau Marks belə bir əhvalat danışdı: "Ailədə 6 uşaq idik. 1945-ci ildə mənim 15, böyük qardaşımın isə 17 yaşı vardı. Atam Vermaxtın əsgəri olmuşdu və müharibədə hər iki ayağını itirmişdi, odur ki, bərpa işlərində mən və böyük qardaşım çalışırdıq. Hər səhər bizi işə yola salan atam deyirdi: işinizi elə görün ki, baxan onun alman işi olduğunu görsün"

Bəlkə də "Alman iqtisadi möcüzəsinin" sirri elə bunda imiş...

Ərəstun Oruclu, "Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri
Xəbəri paylaş