Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quran müsəlman qadından nə istəyir?

Quran müsəlman qadından nə istəyir?


Newscenter.az.24.10.2021. Quranın cəmiyyətin hər bir üzvünə görə öz istək və göstərişləri vardır. Quranın müsəlman qadından da öz istək və göstərişləri vardır.

Allah Quranda: “Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və ALLAHın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin”.

“Nisa” surəsi, ayə 34

Bu ayədən göründüyü kimi, müsəlman qadının birinci vəzifəsi budur ki, ərinin himayəsi altında olsun və onun rəhbərliyini qəbul etsin. Belə ki, bu surənin 24-cü ayəsində oxuyuruq ki, Allah kişini ailənin rəhbəri təyin etmişdir. Bu yolla Allah müsəlman qadından istəyir ki, ərinə itaət etsin və onu bir rəhbər kimi qəbul etsin.

Ərinin buyurduqları əgər Allahın əmrləri ilə müxalifətlik etmirsə, qadın ona itaət etməlidir. Əgər ər qadından haram işi istəyərsə, şübhəsiz ki, qadın bunu etməməlidir. Allah bu qayda və qanunu qadının təkamülə çatması üçün qərar vermişdir. Çünki əgər ailədə hər kəs bildiyini söyləsə, həmin ailənin axırı yaxşı olmaz.

Quranın müsəlman qadından istədiyi başqa bir şey - iffətli olması və naz-qəmzəsindən yerində istifadə etməsidir. Belə ki, buyurur: “Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar”.

“Nur” surəsi, ayə 31

Allah Təala bu ayədə buyurur ki, mömin qadınlar iffətli olmalı və zinətlərini və gözəlliklərini, naz və qəmzələrini ərləri üçün nümayiş etdirməlidirlər. Naməhrəmə deyil.

Quran müsəlman qadınlardan istəyir ki, Peyğəmbərin (s) həyat yoldaşlarına buyurduğu kimi, təqvalı olsunlar və danışan zaman səs tonlarına diqqət etsinlər. “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”.

“Əhzab” surəsi, ayə 32

Beləliklə, deyə bilərik ki, Quran mömin qadınlardan istəyir ki, ərlərinə itaət edib, onu ailənin başçısı kimi qəbul etsinlər. İffətli olub, zinətlərini nümayiş etdirməsinlər. Təqvalı olub, danışıq tonlarına diqqət etsinlər.

Cəhənnəm əhlinin nalə çəkdiyi 4 dərd nələr olacaq?!

Quran: “Günahkarların halını; (Onlara üz tutaraq soruşarlar:) "Sizi Cəhənnəmə daxil edən nədir?" Deyərlər: "Biz namaz qılanlardan deyildik. Fəqirə və yoxsula təam verməzdik. Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq. Cəza gününü təkzib və inkar edərdik. Ölüm bizi yaxalayana qədər».

“Muddəssir” surəsi, ayə 41-47

Cəhənnəm əhli 4 şeyə görə nalə çəkər.

1. Namaza diqqət etmədiklərinə görə.

Yuxarıdakı ayələrdən belə başa düşmək olur ki, behişt əhli ilə cəhənəm əhli heç də bir-birindən uzaqda olmayacaqdır. Çünki onlar bir-birinin halından xəbərdar olacaqlar. Bu ayədən göründüyü kimi, onlar bir-biri ilə söhbət edərlər. Behişt əhli onlardan soruşur ki, necə oldu ki, İlahi rəhmət onlara şamil olmur. Cəhənnəm əhli ilk amil kimi namaza diqqət etmədiklərini söyləyirlər. Yəni, biz namaz əhli deyildik. Bu yolla namazın nə qədər bəlanı uzaqlaşdırdığını görmək olar. Çünki əgər namaz qılsaydılar və Allahı yada salsaydılar, qəflətə düşməzdilər.
İmam Sadiq (ə): “O zaman ki, bəndə vaxtında namaza durarsa, ona nəzarət edərsə, ağ nur parçası kimi yuxarı qalxar və deyər: “Sən məni hifz etdin, Allah da səni hifz etsin”. Ancaq o zaman ki, namazını vaxtında qılmaz, ona nəzarət etməzsə, o namaz qara ləkə halına düşər və deyər: “Məni zay etdin, Allah da səni zay etsin””.

2. Yoxsullara əl tutmamaq.

Cəhənnəm əhlinin ikinici naləsi yoxsula əl tutmamağa görə olar. O kəs ki, Allahı yada salmır, bəndələri necə yada salsın ki?
Hz. Peyğəmbər (s): “Qiyamət diyarı başdan-başa (isti) atəşdəndir. Möminin kölgəsindən başqa. Belə ki, sədəqəsi ona kölgə salar”.

3. Batil insanlarla oturub-durmaq.

Çox təəssüf ki, müasir cəmiyyətdə batil insanların sayı artmaqdadır və cavanların bir çoxu da agahsızlıq üzündən onlara meyl edirlər.
Hz. Peyğəmbər (s): “O kəsin ki, Allaha və Qiyamət gününə imanı var, kafirlə qardaş olmamalıdır. O kəs ki, kafirlə qardaşlıq edər, kafir olar”.

4. Məaddan qəflətdə olmaq və ölümü unutmaq.

Cəhənnəm əhlinin dördüncü naləsi - ölümü unutmaq və məadı inkar etməkdir. Dini təlimlərdə oxuyuruq ki, məadı inkar etmək bütün İlahi dəyərləri aradan aparar və məhv edər. İnsanı günaha cürətləndirər.

Hz. Rəsulallah (s): "İnsanları Cənnətə daxil edən şeylərin ən mühümü Allah qarşısında təqvalı olub, gözəl əxlaqa malik olmaqdır"...
"Təqva" - sözü lüğətdə özünü qorumaq, çəkinmək mənasını daşıyır. Başqa sözlə təqva, insanı nəfs istəklərindən çəkindirə biləcək daxili bir qüvvədir..

Günah edən özünə pislik etmiş olur.

Bir nəfər Əbuzər Ğifaridən xahiş etdi ki, ona din elminin əsasını öyrətsin. Əbuzər cavabında söylədi:
- “Elmin hüdudları çox genişdir. Amma xülasəsi budur ki, çalış, öz sevdiyinə pislik etmə”.
Həmin adam heyrətlə soruşdu:
- “Bu nə sözdür deyirsən? Indiyə kimi elə bir adam görmüsənmi ki, öz sevdiyinə pislik etsin?”.
Əbuzər cavab verdi:
- “Canın sənin üçün hər şeydən daha əziz və sevimlidir. Günah edəndə öz canına pislik etmiş olursan”. (Yəni özünü cəhənnəm əzabına məhkum edir və Allahdan uzaqlaşdırırsan; buna görə də günahdan uzaq olmağa çalış).
Xəbəri paylaş