Newscenter.az.25.10.2021. "Mossad" kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanıdır. İsrailin məxfi kəşfiyyat orqanı olan "Mossad" dünyanın ən effektiv və peşəkar işçi heyətlərindən birinə malikdir. Bəs onlar bir təşkilat olaraq bu peşəkarlığı necə əldə ediblər?
"Mossad"ın İsrail dövlətinə görə məsuliyyət daşıyan xüsusi bir qurum yoxdur. Onlar yalnız dövlət başçısının, yəni Baş nazirin qarşısında cavabdehdirlər. 1951-ci ildə rəsmi şəkildə əsası qoyulan bu qurumun tərkibinin kimlərdən ibarət olduğu və onları sayı bəlli deyil. Qurumun tabeliyində olan şəxslər uşaqlıq və gənc yaşlarından ciddi təlim-tədris proqramına əsasən yetişdirilirlər. Yaxşı bir akademiya və ya universitet təhsili, bir neçə dili ana dili səviyyəsində bilmə, fiziki hazırlıq, ciddi ekstremal şəraitlərdə sağ qalma və s. kimi faktorlar sözügedən proqramın tərkib hissəsidir.
"Mossad"ın strukturunda bir çox şöbələr olmasına baxmayaraq, onların ən gizlisi "Kidon” adlanan qurumdur. Bu qurum hücum, sabotaj və hərbi aksiyaların təşkili və ən yüksək məxfilik şəraitində psixoloji müharibələrin aparılması məsələləri ilə məşğuldur. Bu təşkilatla bağlı olan digər bütün məlumatlar məxfidir.
"Mossad" bu günə qədər heç bir təhlükəsizlik orqanının həyata keçirə bilmədiyi əməliyyatları uğurla icra edə bilib. Bunlardan ən çox səs-küyə səbəb olanı 1972-ci il Münhen hadisələri ilə bağlıdır. Belə ki, 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunları zamanı Fələstin əsilli "Qara Sentyabr” adında təşkilatlanmış terror qruplaşmasının üzvləri 11 idmançını əsir götürərək öldürmüşdülər. Hadisədən sonra cinayətkarların tutulması ilə uğursuzluğa düçar olan alman polisinin əksinə, "Mossad" əməkdaşları "Tanrının qəzəbi” adlı silsilə əməliyyatlar keçirərək, hadisədə adı keçən bütün cinayətkarları yaxalamışdı. Məhz bu hadisədən sonra onların fəaliyyətinə olan maraq daha da artdı.
"Mossad"ın adına şöhrət qazandıran digər əməliyyatları da olub. Bunlardan biri 2010-cu ildə İranın atom silahlarının ərsəyə gəlməsində əməyi olan fizik alimlərin ölümləri ilə iddialardır. İran tərəfi iddia edir ki, alimlərin ölümü "Mossad"la birbaşa bağlıdır. Ard-arda gələn sui-qəsd xəbərlərinə baxmayaraq, İran polisi və xüsusi xidmət orqanları bu əməliyyatların qarşısını ala bilməyib.
Xüsusən də 2020-ci ilin yanvar ayında Qüds qüvvələrinin generalı olan Qasım Süleymaninin öldürülməsi xəbəri diqqətləri yenidən bu qurumun üzərinə çəkdi. Hadisədən sonra generalın yerini ABŞ hərbi qüvvələrinə bildirən şəxsin ABŞ və İsrail xüsusi xidmət orqanlarının əməkdaşı olduğuna dair iddialar yayıldı. Lakin, bunu sübuta yetirəcək faktlar hələ də tapılmayıb.
Digər məşhur əməliyyatlardan biri də Suriya ilə bağlıdır. Bu əməliyyatın məşhur siması isə əslən Misirdən olan Əli Kohendir. 1949-cu ildə Əlinin üç qardaşı və valideynləri İsrailə immiqrasiya edib. Lakin o, elektronika üzrə təhsilini bitirmək və Misirdə fəaliyyət göstərən gizli sionist təşkilatların fəaliyyətlərini koordinasiya edə bilmək üçün ölkədə qalmağa davam edib. Bir müddət Misir hərbi qüvvələrində çalışdıqdan sonra, Suriyada "Mossad"ın casusu kimi fəaliyyətə başlayır. 1961-ci ildə "Mossad"ın üçüncü direktoru Meir Amit Suriya hökumətinin daxilində fəaliyyət göstərəcək və Suriyanın İsraillə bağlı planlarını "Mossad"a çatdıracaq yeni bir xəfiyyə axtarışında idi. Amit mümkün bütün namizədlərin şəxsi işlərini araşdırdıqdan sonra münasib bir namizəd üzərində qərar tuta bilmir və daha öncə müraciət etmiş, ancaq müraciətləri rədd edilən namizədlərin şəxsi işlərinə baxarkən Əli Kohen adlı Misir yəhudisi olan və ərəb dilini mükəmməl bilən birinin əvvəllər iki dəfə "Mossad"a iş üçün müraciət etdiyini görür və onu quruma daxil edir. Kohen 1962-ci ilin fevralında dostları ilə birgə Suriyanın paytaxtı Dəməşq şəhərinə gəlir və burada da özünü Kamal Əmin Taybet adı ilə tanıdır. Bundan sonra o qısa müddətdə Suriyanın siyasi həyatında önəmli bir şəxs kimi yüksək vəzifələrə təyin edilir. Bu müddətdə Əli Kohen müxtəlif cihazlardan, radio və səs dalğalarından istifadə edərək gizli məlumatları "Mossad"a ötürməyi bacarır. Suriya ordusu əlində olan imkanlardan istifadə edərək bir necə dəfə həmin dalğaları müəyyənləşdirməyə çalışsa da, bir nəticə əldə edə bilməyib. Yanvar ayında SSRİ rəsmilərinə və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Suriyada fəaliyyət göstərən əməkdaşlarına müraciət edilir və onların rəhbərliyi ilə Dəməşq küçələrində səyyar axtarışlara start verilir. Sovet cəsusları həmin dövrə görə ən üst sayıla biləcək izlənmə texnologiyalarından istifadə edir. UAZ-452 avtomobillərinə yerləşdirilmiş izlənmə qurğularının işləmə mexanizmi sadə idi. UAZ-452 Dəməşqin hər hansısa mərkəzi küçəsinə daxil olmazdan əvvəl həmin ərazinin işıqları söndürülür və beləliklə də bütün radio dalğaları kəsilirdi. Gecə-gündüz davam edən axtarışlar nəticəsində 1965-ci ilin 24 yanvar tarixində, axşam saat 22:15 radələrində Əli Koheninin Dəməşq şəhərinin mərkəzində yerləşən evinin qarşısıdan keçən UAZ-452 radiodalğalarda ciddi artım müşahidə edir. Ərazinin işıqlarının söndürülməsinə baxmayaraq, çox yaxın məsafədə olan kimsə yüksək tezlik üzərindən məlumat ötürməkdə davam edirdi.
Hadisə barədə dərhal Suriya Kəşfiyyat Xidmətinin polkovniki Əhməd Suidaniyə məlumat verilir. Polkovnik xüsusi təyinatlı dəstə ilə birlikdə Kohenin yaşadığı binaya yolanır və Əli Koheni İsrailə məlumat göndərərkən yaxalayırlar. Qısa müddətdə Əli Kohen Suriyada edam olunsa da, onun meyidinin İsrailə qaytarılması ilə bağlı hələ də mükazirələr davam edir.
İddialara görə, onun verdiyi məlumatlar o qədər önəmli olub ki, İsrail hökuməti 6 günlük müharibədə Suriyaya qarşı qələbədə məhz bu məlumatlardan geniş şəkildə istifadə edib.
Belə bir sual ortaya çıxır ki, "Mossad" necə ən güclü orqana çevrildi? Önəmli faktor budur ki, "Mossad"ı yaradan şəxslərin əksəriyyəti faşist Almaniyası dövründə yəhudi soyqrımlarına əyani şahid olmuş şəxslər idi. Bu isə onlarda milli və dini duyğuların artmasına səbəb olub. Yəhudi millətinin müdafiəsi və onların bir daha bu cür qətliamlara məruz qalmaması o dövrkü "Mossad"ın əsas missiyası idi.
Bu gün "Mossad"ın fəaliyyətinə ən çox reaksiya göstərən ölkələrin sırasında İran, Suriya, Fələstinlə yanaşı, həm də Almaniya da yer almaqdadır. Almaniya həyata keçirilən əməliyyatların insan hüquqlarına zidd olduğunu bildirsə də, rəsmi İsrail bütün bunların milli təhlükəsizlik səbəbi ilə həyata keçirildiyini bildirir.
Bu gün İsrail ilə ölkəmiz arasında qurulan və daima inkişaf edən münasibətlərin fonunda dünyanın ən güclü xüsusi xiddmət orqanın ölkəmizin müvafiq qurumları ilə yüksək səviyyədə əməkdaşlıq etməsi ən diqqət çəkən məqamdır. Heç şühbə yoxdur ki, belə bir qurumun təcrübəsindən yararlanmaq ölkəmiz üçün faydalı əməkdaşlıqdır.
Əli İbrahimov-hüquqşünas