Newscenter.az.29.10.2021. Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psixoloyi və cinsi təzyiqlərə məruz qalırlar.
Uşaqlara Qarşı Zorakılıq üzrə Dünya Hesabatına görə, hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, fahişəlik məqsədilə istismar olunur və insan alverinin qurbanına çevrilir. Hesabata görə, il ərzində bütün dünya üzrə 53 min uşaq qətlə yetirilir. Bu uşaq ölümlərrndən 22 mini 15-17 yaşlı uşaqların payına düşür ki, onların da təxminən 75 faizi oğlanlar olub. 80-90 faiz uşaqlar evlərində fiziki cəzadan əziyət çəkir. 100-dən artıq ölkədə uşaqlar hələ də məktəblərdə istifadə edilən çubuq, kəmər və sair alətlərlə bədən cəzaları alırlar və yaxud belə təhlükə ilə üzləşirlər. Ən azı 30 ölkədə cəzaçəkmə müəssisələrində hələ də uşaqlar qamçı və ya çubuqla döyülmə cəzasına məhkum edilirlər. Müasir dünyada uşaqların yalnız 2,4 faizi cəza müəssisələrində qanunla müdafiə olunurlar. Hər il 133275 milyon uşaq valideyinləri arasında zorakılıq hallarının şahidi olurlar. İnkişaf etmiş ölkələrdə məktəbyaşlı uşaqların 65 faizi şifahi və ya fiziki təhdidə məruz qalırlar.
Yaşı 18-dən az olan təqribən 150 milyon qız və 73 milyon oğlan məcburi cinsi əlaqəyə cəlb edilir və cinsi zorakılığın digər formaları ilə üzləşiblər. 21 ölkədə aparılan sorğuya əsasən qadınların ən azı 7, kişilərin isə 3 faizi məhz uşaqlıq dövründə cinsi təcavühzün qurbanı olduqlarını bildiriblər. 15 yaşına qədər ilk cinsi əlaqəyə girdiyini bildirən qadınların 45 faizi bunun məcburi olduğunu söyləyiblər. 10-17 yaşında olan qızların ən azı 82 faizi 18 yaşına çatmamış ailə quracaqlarını bildiriblər. Hesabata əsasən, dünyada 218 milyon azyaşlı uşaq əməyinə cəlb edilir ki, onlardan 126 milyonu təhlükəli işlərdə çalışır. Ümumilikdə, dünya üzrə il ərzində 57 milyon uşaq məcburi əməyə cəlb olunur, 18 milyon isə fahişəlik məqsədilə istismar edilir, 1,2 milyon uşaq isə insan alverinin qurbanı olur. Hüquq müdaifiəçilərinin qənaətincə, buna səbəb ölkələrin BMT-nin Uşaq Hüquqları Konvensiyasını icra etməmələridir. Bəs Azərbaycanda necə, uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyəti yetərli hesab etmək olarmı? Etiraf edilməlidir ki, Azərbaycanda da uşaq hüquqları ilə bağlı bir sıra problemlər mövcuddur. Düzdür, müasir qlobal mühitdə dünyanın heç bir ölkəsində insan hüquqlarının qorunması tam arzuolunan səviyyədə ola bilməz. Bu prizmadan yanaşsaq, qətiyyətlə demək olar ki, uşaq hüquqlarının qorunmasında əyintilər yaşanmaqdadır. Nəzərə almaq lazımdır ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir. Qeyd edim ki, uşaqların hüquqlarının pozulması ilk növbədə ailədən başlanır. Sonrakı mərhələlərdə isə uşaq hüquqlarının pozulması daha geniş forma alır. Bu işdə əsas məsələ ondan ibarətdir ki, hər bir doğulan uşaq arzuolunan uşaq olsun.
Əgər doğulan uşaq arzuolunan olmursa, elə buradaca onun hüquqları pozulmuş olur. Yəni uşaq hüquqlarının qorunmasına onun dünyaya gəlməsindən əvvəl başlanılmalıdır... Əgər ailədə oğlan və qız seçimi olursa, qız uşağı gözləniləndə ondan yaxa qurtarılırsa, artıq burada hüquqların pozulmasından söhbət gedir. Yaxud valideyn erkən yaşında qızını ərə verirsə, o qız uşağı hələ dünyanı dərk etmədən, ana məsuliyyətini anlamadan ana olmağa məcbur edilirsə, artıq onun hüququ pozulur. Çünki onun bir uşaqlıq dünyası məhv edilmiş olur. Məhz bu kimi hallar nəzərə alınaraq, beynəlxalq təşkilatlar (ATƏT) Azərbaycanda xüsusi qanunun qəbul edilməsini tövsiyyə edib. Tövsiyəyə əsasən, həkimlərə ana bətnində olan uşağın cinsi barədə valideynə məlumat verilməsi qadağası təmin edilməlidir. Belə bir müddəanın «Məişət zorakılığının qarşısının alınması haqqında» qanunda əksini tapacağı gözlənilir. Digər bir məqam ondan ibarətdir ki, ailədə məişət zorakılığı baş verirsə, orada birinci növbədə uşaqların hüquqları pozulur. Belə halda ərlə arvad arasındakı münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq onlar ilk növbədə dünyaya gətirdikləri uşaqların taleyi barədə fikirləşməlidirlər. Belə münaqişələrdə uşaqların iqtisadi, mənəvi, təhsil hüquqları pozulur, nəticədə də psixoloyi stress keçirir.
Məsələyə dövlətin yanaşmasına gəldikdə isə uşaqlar dövlətin diqqətində bir saylı məsələ olmalıdır. Onların təhsili, sağlamlığı, uşaqlara səhiyyə xidmətinin göstərilməsi dövlətin prioritet məsələsi olmalıdır. Rəsmi statistikaya görə, Azərbaycanda 11,5 min ailədə olan 22,4 min uşağa müavinət təyin olunub. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, birinci və ikinci qrup Çernobl qəzası əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alır. Yetim və valideyin himayəsindən məhrum olmuş uşaqların 991 nəfər qəyyumlarına müavinət təyin olunub. Bundan əlavə 77,2 min nəfərə, o cümlədən 70,9 min uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş 4,9 min şəxsin müalicəsi üçün birdəfəlik müavinət verilib. İlk baxışdan bu statistik rəqəmlər dövlət tərəfndən uşaqların sosial hüquqlarının kifayət qədər yüksək səviyyədə müdafiə olunması qənaətini yaradır.
Daha çox hansı ailələrdə uşaqların hüquqları pozulur, elitar təbəqələrdə, yoxsa kasıb ailələrdə?
Ekspertlərin fikrincə, bu məsələdə ailələr arasında fərq qoymaq düzgün olmazdı. Ümumilikdə ziyalı, təhsilli, kasıb ailələrin hər birində elementar uşaq hüquqları pozulur. Uşaq hüquqlarının pozulması ailənin imkanlı, kasıb, təhsilli, savadlı, savadsız olmasından yox, valideynlərin məsələyə yanaşmasından irəli gəlir.
Azərbaycanda küçə uşaqları ilə bağlı vəziyyət də arzuolunan səviyyədə deyil. Coğrafi baxımdan Azərbaycan kiçik bir ölkə olmasına baxmayaraq küçə uşaqları faktoru mövcuddur. Amma müqayisəli şəkildə götürsək, bizdəki vəziyyət bir sıra inkişaf etmiş ölkələrlə müqayisə olunası deyil. Azərbaycanda belə faktlar olsa da kütləvi xarakter daşımır. Amma bu bizi arxayın sala bilməz. Hüceyrə, başlanğıc varsa, onun qarşısı erkən vaxtlardan alınmalıdır. Bu məqsədlə ölkədə yuvenal ədliyyənin yaradılmasına çox böyük ehtiyac var. Kənardan baxanda bunun fərqi elə də diqqəti cəlb etmir, yəni düşünürük ki, nə fərqi var ki, müstəntiq elə müstəntiqdir, eyni qaydada böyüyün də, kiçiyin də işinə baxa bilər. Əslində isə cinayət törətmiş uşaqla böyüklər arasında çox ciddi psixoloyi fərq var. Araşdırma zamanı uşaqların nə səbəbdən cinayət törətmələrini öyrəndikdə onun səbəbləri gəlib böyüklərə çıxır. Amma böyüklər adətən cinayəti şüurlu surətdə edirlər. Bax, bu psixoloyi məqamlar öyrənilməli və cəzaların təyinatında nəzərə alınmalıdır. Eyni cinayətə görə uşaqla böyüyə eyni cəza verilməsi gələcəyə potensial cinayətkar hazırlamaq deməkdir. Çünki bu məsələlərdə böyük fərqlər var. Ona görə, mövcud vəziyyət öyrənilməlidir. Bəlkə də belə uşaqlar üçün xüsusi mərkəzlərin yaradılmasını böyük ehtiyac var.
Azərbaycanda küçə uşaqları ilə bağlı qanunvericilik bazası da arzuolunan səviyyədə deyil. Etiraf edilməlidir ki, küçə uşaqları ilə bağlı qanunvericilik sahəsində böyük boşluqlar var. Bu istiqamətdə qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə ehtiyac duyulur. Monitorinqlər keçirib küçə uşaqları ilə bağlı vəziyyəti müəyyənləşdirəndə, onların sonrakı mərhələdə yerləşdirilməsi, onlar üçün sığınacaqların yaradılması, uşaqlarla işləyən sosial işçilərin hazırlanması kimi məsələlər ortaya çıxır. Azərbaycanda bu istiqamətdə çox vacib işlərin görülməsinə ehtiyac var ki, onların hamısını həyata keçirməsi zəruridir.
Azərbaycanda küçə uşaqları ilə bağlı xüsusi proqramlar nəzərdə tutulmayıb. Ölkədə küçə uşaqları ilə bağlı müxtəlif proqramlar işlənsə də, hələ ki, bu sistemli deyil, layihə şəklindədir.
Əli İbrahimov-hüquqşünas