Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qurani-Kərimi tərcümə ixtisaslı ərəbünasların işi olmalıdır

Qurani-Kərimi tərcümə ixtisaslı ərəbünasların işi olmalıdır


Newscenter.az.30.10.2021. Hər şeydən əvvəl qeyd edək ki, tərcüməçi ilə dil daşıyıcısı ayrı-ayrı anlayışlardır.

Hər hansı bir dili bilmək hələ tərcüməçi olmaq demək deyildir.

Tərcüməçi olmaq üçün tərcümə sənətini (tərcümə işinin qayda-qanunları; üslubiyyat...), ən mühümü isə, tərcümə etdiyimiz dilin linqvistik təbiətini izah edən dilçilik sahəsini (məsələn, ərəb, ingilis, rus dilçiliyi) bilmək lazımdır.

Ərəb dilinə gəlincə, klassik dil materialını (xüsusən Qurani-Kərim mətnini) tərcümə etmək mürəkkəb və sistemli proses olduğundan bizdən:

a) ərəb dilinin klassik səviyyəsini;
b) bu səviyyə ilə əlaqəli ərəb dilçiliyini;
c) Quranın nazil olduğu dövrdə işlək olan ifadə "priyomlar"ını;
ç) Quranın Allah kəlamı olduğunu təsdiqləyən, o dövrün ərəb insanına məlum olmayan yeni dil faktlarını;
d) Müasir ərəb dilindəki bəzi qrammatik qaydaların Quran dilində fərqli səciyyə daşıması faktını;
e) Ancaq Qurani-Kərimə xas ritorik fiqur hesab edilən "iltifat"ı (qrammati zaman və akkuzativ iltifat);
j) Qurani-Kərim, hədislər və Cahiliyyət poeiziyası dilinin bir-birindən kəskin fərqləndiyini və sairi bilmək tələb olunur.

Qurani-Kərimi tərcümə işinin nə qədər məsuliyyətli bir iş olduğunu tam şəkildə təsəvvür etsin deyə hörmətli oxucunun diqqətinə bəzi faktları çatdırmaq istəyirik:

Məsələn, “Müddəssir” surəsini tərcümə etmək qərarına gəlsək, həm yeni sözləri, həm də köməkçi nitq hissələrinin yeni məzmunda işlədilməsi kimi qeyri-ənənəvi dil hadisəsini diqqətdən qaçırmamalıyıq.

İki yüz əlli altı sözdən ibarət “Müddəssir” surəsində, ən azı, səksən dörd yeni sözə rast gəlmək mümkündür. Yeni sözlərin bəzilərinə nəzər salaq:

[rucz] – yeni məfhum olub, “bütlər”, yaxud “əzab” deməkdir.
[saudən] – ritorik təsvir olub, “dağa çıxmaq qədər məşəqqətli əzab”ı ifadə edir.
[bəsəra] – yeni feldir, yəni “üzü bozarıb rəngi dəyişdi”.
[ləvvahə] – yeni məzmunda işlədilmişdir, “dərinin rəngini dəyişdirən” deməkdir.
[rahinə] – hərfən “girov” demək olub, “məsuliyyət daşımaq, yaxud sorğu-sual olunmaq” fellərinin yerində işlədilmişdir.
[səqar] – yeni söz olub, “cəhənnəm” mənasında işlədilmişdir.
[qasvəra] – yeni söz olub, “şir”, yaxud “oxatanlar” deməkdir.
İndi isə ənənəvi köməkçi sözlərin yeni məzmunda işlədilməsi faktlarına nəzər salaq. Bu surədə ədatların on dörd yeni məzmunda işlədilməsinə təsadüf olunur. Məsələn, “fə” bağlayıcısı bu surədə ənənəvi qaydada, yəni iki felin, yaxud ismin arasında, ikincini birinci ilə əlaqələndirmək məqsədilə istifadə edilməmişdir. Bu bağlayıcı üç ayədə (3-5-ci ayələrdə) başda gələn tamamlıqla sonra gələn feli xəbər arasında işlədilmişdir:
[va rabbəkə fəkəbbir] – “Öz rəbbini uca tut!”
[va siyəbəkə fətahhir] – “Libasını təmizlə!”
[var-ruczə fəhcur] – “Bütlərdən uzaqlaş!”

Bir yerdə isə bu bağlayıcı ön qoşmalı zərflə (məkan zərfi) fel arasında işlədilmişdir:
[va lirabbikə fəsbir] – “Və rəbbinin yolunda səbir et!”

Həmçinin ərəb dilində “yox!” mənasını verən “kəllə” cavab ədatı bu surənin dörd ayəsində (16, 32, 53 və 54-cü ayələr) hədələmə, acıqlanma, çəkindirmə, “daha doğrusu, həqiqətən” məzmununda işlədilmişdir.

Sual sözü olan “necə” (keyfə) iki ayədə sual məqsədilə işlədilməmişdir:
[fəqutilə keyfə qaddər] – (Onun) ölçüb-bitməsi batsın (ölsün)!
[summə qutilə keyfə qaddər] – Yenə də (onun) ölçüb-bitməsi batsın (ölsün)!

Bu ayələrdə “keyfə” sözü məsdər düzəldən köməkçi sözə yaxın mənada işlədilib. Sanki bu söz özündən sonrakı feli ([qaddəra] – ölçüb-biçmək) naib-fel statuslu məsdərə ([taqdir] – ölçüb-biçmə) çevirir. Başqa izah isə belədir: “Ölçüb-biçməsinə görə ölsün!”

Göründüyü kimi, hər iki ayədə sual məzmunundan əsər-əlamət yoxdur. Həmçinin "in" köməkçi sözünün inkar mənasında işlədilərək eyni cümlə daxilində digər inkarla təsdiq bildirməsi Qurani-Kərimdə geniş yayılmışdır. Belə dil hadisəsinə Cahiliyyət poeziyası nümunələrində rast gəlmək mümkün deyildir.

Nəhayət, “Müddəssir” surəsində, tərcüməçidən diqqətli olmağı tələb edən “açıq dil” faktlarına nəzər salaq:
Surədə iyirmi doqquz açıq dil faktı mövcuddur. Məsələn:

“Qalx və xəbərdarlıq et!”
“Öz rəbbini uca tut!”
“(Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş!”
“(Etdiyini) çox bilib başa qalxma!”
“Şahid oğullar”.
“Onun üçün (hər şeyi) artıqlaması ilə ayağının altına döşədim”.
“Əsla! Xeyr!”
“Dərinin rəngini dəyişdirər”.
“Sizdən (yaxşı işlərdə) irəli düşmək, yaxud geri qalmaq istəyənləri”.
“Sağ tərəf sahibləri istisna olmaqla!”
“Dalanlarla birlikdə biz də dalardıq”
“Nazil olmuş səhifələr verilməsini”.
“Təqvaya layiq olan ancaq Odur!”

Yuxarıdakı faktların hər biri haqqında ayrılıqda düşünsəniz, görəcəksiniz ki, hər ifadə, hər söz çoxcəhətlidir. Məsələn, ilk ayəni götürək: “Qalx və xəbərdarlıq et!” Ayədəki “qalx” feli bir neçə məna ifadə edə bilər: bu, ayağa qalxmadırmı, yerindən durmadırmı, hərəkət etməkdirmi? Yoxsa, burada “işə başlamağ”a işarə olunur? Bəlkə, o, özünün toplayıb hazırlaşmağı bildirir? Həmçinin “və xəbərdarlıq et” əmr forması ilə mümkündür ki, aşağıdakılar nəzərdə tutulsun: dini insanlara çatdır; qiyamətin yaxınlaşmağı barədə insanlara xəbərdarlıq et; dünyada veriləcək cəza barədə xəbərdarlıq et; cəhənnəm əzabı və əbədiliyi barədə xəbərdarlıq et və s. Bu minvalla hər bir “açıq” söz haqqında təxminlər irəli sürə bilərsiniz. Sonuncu ayəyə nəzər salaq: “Təqvaya layiq olan ancaq Odur!” Ayənin ərəbcə mətnindəki “əhl” sözü ehtimal olunan bir neçə məna daşıyır: bir şeyin sahibi; bir şeyi bəxş edən; bir şeyə layiq olan; bir şeyin mənbəyi. “Təqva” sözü də bir neçə məna bildirir: qorunma (Allaha imanımız sayəsində Qiyamət günü Allahın əzabından qorunuruq); qoruma (əgər iman gətirərlərsə Allah insanları bu əzabdan qoruyar; yaxud dünyanın şər işlərindən qoruyar) və s.

Qrammatik cəhətdən "açıq" hesab edilən bu dil fiqurlarının düzgün tərcüməsi üçün tərcüməçi ayələrin nazil edilmə səbəblərindən bəhs edən ədəbiyyata müraciət etməklə yanaşı, həm də Peyğəmbərin ömür yolunu - Sirəti, Qurani-Kərimi izah və tətbiq təcrübəsini - Sünnəni yaxşı bilməlidir.
Xülasə, Qurani-Kərimi tərcümə ixtisaslı ərəbünasların işi olmalıdır; əks halda, qarşımıza həm dil, həm də məzmun baxımından qənaətbəxş olmayan tərcümə nümunələri çıxacaqdır. Puşkinin "Yevgeni Onegin"ini, Şekspirin "Romeo və Cületta"sını rus və ingilis dillərini öyrədən ali təhsil qurumlarının dördillik təhsilini almış məzunları ustalıqla tərcümə edə bilərlərmi?!

Elvusal Məmmədov

AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, Fəlsəfə üzrə fəlsəfə doktoru
Xəbəri paylaş