Newscenter.az.3.11.2021. Sentyabrın 8-də Maliyyə Nazirliyi "2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" verdi. Açıqlamadan görünürdi ki, hökümət gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti 11 milyard 860 manat proqnozlaşdırır. Bu məbləğ bu ilki 12 milyard 200 milyon manatla müqayisədə 340 milyon manat və ya 2,8 faiz az olmaqla neft gəlirlərindən büdcə asılılığının azalma dinamikasını xarakterizə edirdi. Lakin, dünya bazarında neftin qiymət bahalaşmasından vəcdə gələn, iştahının həddi-hüdüdu olmayan hakimiyyət 1 ay 17 gündən sonra fikrini dəyişərək, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti 12 milyard 710 milyon manata qədər artırıb. Beləliklə də gələn il büdcəyə neft fondundan daxilolmalar bu ilə nisbətən 510 milyon manat və ya 4,2 faizə qədər çox proqnozlaşdılır. Bu barədə 27 oktyabr 2021-ci ildə Azərbaycan qəzetində dərc olunan Azərbaycan Respublikasının 2022- ci il üçün dövlət büdcəsi haqqında Qanun layihəsində bildirilir. Belə olacağı halda gələn il üçün büdcə gəlirlərinin yarısından çoxunu neft gəlirləri təşkil edəcək.
İndi qayıdaq, prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə". Prezidentin imzaladığı bu sənəddə qeyd olunur ki, "dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılmalıdır. Bu gün (yəni 2016-cı ildə) dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50 faizi) ARDNFdən edilən transfertlərin hesabına maliyyələşdirilir. Bu rəqəm 2025-ci ilə qədər 15 faizə endirilməlidir."
Son 5 ildə neft gəlirlərinin büdcədə payını 5 faiz belə azaltmayan hakimiyyət sizcə 2022-ci ildən sonrakı 3 ildə onu 35 faiz azaldaraq 15 faizə çatdıra bilərmi? Təbii ki, yox. Bəs, onda prezident "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ni kimin üçün təsdiq edib. Əgər, hökümət buna əməl etməyəcəkdirsə, onda strateji yol xəritələrini hazırlamaq üçün on milyonlarla vəsaiti Mckinsey şirkətinə nədən ödəyirdik?
Qubad İbadoğlu-Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı ekspert