Newscenter.az.19.11.2021. Azərbaycan-Ermənistan sərhədinin texniki olaraq müəyyən edilməmiş sərhədlərinin Laçın və Kəlbəcər istiqamətində baş verən şiddətli döyüşlərdən sonra Cənubi Qafqazın şahmat taxtasındakı iki qrossmeyster – Türkiyə və Rusiya münasibətlərinin xarakterinə nəzər yetirmək aktuallıq qazanır.
Çünki Rusiya 10 noyabr üçtərəfli bəyanatın tərəflərindən biridir və həmin bəyanata əsasən Ağdamda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir.
Ankara-Moskva xəttində hansı məqamda qırılmalar, hansı məqamda güclü tellər yaradılmasını izah etmək üçün iki ölkə arasındakı münasibətlərin mahiyyətinə ümumi tezislərlə toxunmaq zərurəti yaranır.
Nə “dost”, nə də “düşmən”
Türkiyə-Rusiya əlaqələri təkcə xarici siyasət kursunun mahiyyəti baxımından yox, eləcə də regional sabitlik, qlobal inkişafa töhfələr baxımından vacibdir.
Ancaq müştərək maraqların paralelində kəsişən maraqların olması bir sıra problemləri ərsəyə gətirir.
Bununla belə iki ölkə üçün spesifik xarici faktorlar əməkdaşlıq və ya qarşılıqlı inamın mövcudluğuna şərait yaradır.
Türkiyə NATO-nun üzvüdür və Avropa Birliyinə üzvlüyə iddialıdır. Ancaq Ankara müxtəlif səbəblərdən dolayı Avropa Birliyinin və ABŞ-ın sanksiyalarına məruz qalır.
Təhdidlərə dair mövqelərin haçalanması Türkiyə və onun Qərb partnyorları arasında müəyyən fikir ayrılıqları yaradır.
Belə bir məqamda Qərbdən gələn təhdidlər Ankara ilə Moskvanı yaxınlaşdıran faktora çevrilir, buna görə də Türkiyə ilə Rusiya bəzi siyasi baxışları müvəffəqiyyətlə uzlaşdıraraq əməkdaşlığın yeni formatını yaratmaq istəyirlər.
Türkiyə-Rusiya əlaqələrinin cari vəziyyətinə gəlincə, konfrontasiya və rəqabət mövcuddur, paralelində isə əməkdaşlıq üzərinə fokuslanan ideyalar da daim dövriyyədədir.
2000-ci illərin əvvəllərindən etibarən Ankara və Moskva vacib yanaşmalara dair nəzərəçarpacaq nailiyyətə imza atıblar.
Ticari əlaqələr və energetika sahəsində əməkdaşlıq çoxtərəfli əməkdaşlığın mühərrikinə çevrilib.
Ankara və Moskvanın Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqdakı mövqeləri daban-dabana ziddiyyət müstəvisinə qədər çatmayıb, əksinə gedişatdakı templər müştərəkliyin faiz dərəcəsini artırır.
Cənubi Qafqazda Ankaranın paraktiki səviyyədə siyasi və hərbi iştirakı Türkiyə üçün yenilikdir, Rusiyanın isə regionda təsirlərinin keçmişə söykənən bir tarixi var.
Buna görə də, hər iki ölkənin Cənubi Qafqaz prioritetləri ümumi tabloda nahamarlıq yarada bilir, Kreml Ankaranın Cənubi Qafqazda hərbi qüdrətinin artan xətt üzrə genişlənməsindən narahatlıq keçirir.
Rusiyanı narahat edən digər məsələ isə Türkiyənin NATO üzvü olmasıdır, yəni Kremlin strateqləri NATO-nun Türkiyə vasitəsilə regiona gəlişini hesablayır və bunu təhlükə kimi qiymətləndirir.
Ancaq Qərbin Rusiya və NATO üzvü olan Türkiyəyə olan münasibətindəki eyniyyət Ankara ilə Moskvanı bu regionda tandem olaraq maraqlarınının uzlaşdırılması zərurətini yaradır.
Azərbaycanla Türkiyə arasında 2021-ci ilin iyununda imzalanan Şuşa Bəyannaməsində də Moskvanın maraqları nəzərə alınıb, yəni bu məsələdə Bakı-Ankara-Moskva üçbucağında müştərək maraqların ifadəsi nümayiş etdirilib.
Söhbət ondan gedir ki, Şuşa Bəyannaməsində Azərbaycanla Türkiyə Ağdamdakı Birgə Monitorinq Mərkəzinin fəaliyyətini regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayan amil kimi nəzərdən keçirib.
Ankara ilə Moskvanın müştərək maraqlarının yarandığı digər platforma Zəgəzur dəhlizidir, bu dəhliz Türkiyəyə də, Rusiyaya da əlavə iqtisadi faydalar gətirən marşrut statusundadır.
Kreml də, Ankara da onları yaxınlaşdıran mühərrikin iqtisadi maraqlar olduğunu dərk edir, gələcəkdə iki ölkə arasındakı ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması gözlənilir ki, bunun üçün münbit platformalardan biri də Zəngəzur dəhlizidir.
Bəs sərhəddəki son hadisələr?
Noyabrın 16-da sərhədin Laçın və Kəlbəcər istiqamətində postmüharibə dövrünün ilk şiddətli toqquşması baş verdikdən sonra Ankara Bakıya dəstəyini nümayiş etdirdi, daim Azərbaycanın yanında olacağını bildirdi.
Rusiyadan gələn açıqlamalar isə bir növ öz təşəbbüskarlığını nümayiş etdirərək bütün tərəflərə, o cümlədən Qərbə mesajları özündə ehtiva edir.
Xatırlayırsınızsa, bu ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan münasibətlərinin xarakterini “pis sülh” epiteti altında təqdim etmişdi.
Sərhəddəki son hadisələrdən sonra isə “pis sülh”ün motivini daha aydın ifadə edən cümlə işlədib: “Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir”.
Bununla belə Rusiya da daxil olmaqla region ölkələrinin problemlərin uzunmüddətli həllində maraqlı olduğunu vurğulayıb, yəqin ki, o Türkiyə amili üzərinə daha çox vurğu edib.
Ancaq Vladimir Putin daha çox Rusiya faktorunu ön plana çəkir, ölkəsinin Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artdığını bildirir.
Bu, Türkiyəyə də mesajdır, ancaq Moskva onu da anlayır ki, hazırda regionda Türkiyə ilə əlaqələri dərinləşdirmək lazımdır.
Nəticə kimi qeyd edə bilərik:
Rusiya ilə Türkiyənin Cənubi Qafqaz məsələsində əməkdaşlıq formatında mübahisəli məsələlərin mövcudluğuna rəğmən iki ölkə üçün müştərək maraqlar yeni istiqamətlər yaradır.
Türkiyə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrilir, amma nədənsə Ankaradan gələn bəyanatlarda sülhməramlıların nəzarətində olan zonalara dair aydın təsəvvürlər yaradan mövqelər görmürük.
Ancaq Ankaranın bu məsələdə pərdəarxası məqamlarda Azərbaycana açıq dəstək verdiyini söyləmək üçün əsaslar var, bu qənaəti möhkəmləndirən birgə hərbi təlimlərdir.
Türkiyə regionda Rusiyanın ambisiyalarının qarşısında dayanan ən güclü sipərdir, Moskvanın ambisiyalarının genişmiqyaslı xarakter almamasında Ankaranın rolu böyükdür.
Aqşin Kərimov-siyasi ekspert