Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SOS: Planetin ən nəhəng sürüşmə zonası Xəzərin sahilindədir



Newscenter.az.20.11.2021. Xəzərin Türkmənistana aid sahil zolağında Planetin ən böyük miqyaslı aktiv torpaq sürüşməsi zonası aşkar edilib.

Reyting.az xəbər verir ki, tanınmış geoloq Gökxan Aslanın başçılığı altında Türkiyə və Fransanın alimləri interferometrin köməyi ilə Xəzər dənizinin şərq sahillərində tektonik vəziyyəti öyrəniblər. Bu cihaz yerin səthinin yerdəyişməsini millimetr dəqiqliyi ilə təsvir etməyə imkan verir. Nəticə etibarı ilə son yeddi il ərzində Qara-Boğaz-Göl körfəzində 354 radiolokasiya təsviri öyrənilib. Bir il ərzində torpaq sürüşməsinin ölçüsü 2,5 santimetr təşkil edir, intəhası, bu göstərici suyun səviyyəsindən asılı olaraq dəyişir. Bu zonada Xəzər dənizinə ümumilikdə tədricən 10 kubmetr torpaq qatı sürüşür. Narahatlıq yaradan fakt odur ki, həmin ərazi yaşayış məntəqələrinin yaxınlığında yerləşir.

Belə böyük sürüşmələr, bir qayda olaraq, tektonik və ya vulkanik aktiv rayonların ətəklərindən ayrılıb aşağı sürüşür. Belə təbii fəlakətlər çox vaxt zəlzələnin, böyük yağıntının və püskürmələrin nəticəsində əmələ gəlir. Amma indi alimlər müəyyən ediblər ki, torpaq sürüşmələri suyun səviyyəsinin dəyişməsi nəticəsində maili yamaclarda da baş verə bilər.

Sürüşmənin aşkar edildiyi sahil zolağı 5 kilometr enində və 25 kilometr uzunluğunda quruya daxil olan ərazidir. Uçqun və sürüşmələr əhəng daşı qarışıq palçıq təbəqələrinin dənizə qarışması ilə müşahidə olunur.

Qara-Boğaz-Göldə suyun, yağıntının səviyyəsini və hərarətini analiz edən mütəxəssislər onu da aydınlaşdırıblar ki, sualtı sürüşmələrin sürəti aprel və may aylarında ən yüksək həddinə çatır. Həmin dövrdə körfəzdə su özünün illik maksimum yuxarı səviyyəsinə çatır. İl ərzində sürüşmə özündən 5,1 bal gücündə zəlzələyə bərabər həcmdə enerji boşaldır. Beləliklə, Xəzərin Türkmənistan ərazisində torpaq sürüşməsini sakit zəlzələ ilə müqayisə etmək mümkündür.
Xəbəri paylaş