Newscenter.az.26.11.2021. 24 noyabr 2021-ci ildə Yaxın Şərq siyasi tarixində önəmli hesab ediləcək hadisə baş verdi. 9 ildən sonra Birləşmiş Ərəb Əmirliyinin vəlihəd şahzadəsi Məhəmməd bin Zayed əl Nahyan Türkiyə səfər etdi və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla öncə təkbətək, sonra isə nümayəndə heyətlərinin də iştirakı ilə görüş baş tutdu.
Bu görüş çərçivəsində iki ölkə arasında əsasən iqtisadi sahəni əhatə edən 10 müqavilə imzalandı.
Əbu Dabi İnkişaf Holdinqinin İdarə Heyətinin sədri Məhəmməd Həsən əl Suvaidinin verdiyi açıqlamaya görə ilk mərhələdə BƏƏ tərəfi Türkiyə iqtisadiyyatına 10 milyard dollarlıq bir sərmayə qoyacaq.
Baş tutmuş bu səfərin 2012-ci ilin fevralından sonra əl Nahyan və Ərdoğan arasında baş tutan ilk təkbətək görüş olması baxımından da əhəmiyyətli hadisə hesab edilə bilər.
Təbii ki, bu səfərin digər önəmli tərəfləri də var ki, onları da xüsusilə qeyd etmək lazımdır.
1. Bu səfərin Türkiyədə lirənin dollar qarşısında süni şəkildə sürətlə ucuzlaşması fonunda baş turması və tərəflər arasında imzalanmış 10 milyard dollarlıq sərmayə qoyuluşunun türk lirəsini yenidən dəyər qazanmasına səbəb oldu. Bu da o deməkdir ki, Türkiyəyə qarşı oynanılan çirkin oyun pozulmuş oldu.
2. "Ərəb Baharı"ndan sonra tərəflər arasında korlanan münasibətlərin belə vaxtda yenidən canlanmasının özündə də xüsusi səbəblər var. BƏƏ Türkiyə ilə davam edən gərgin münasibətlərin ona xeyir gətirmədiyini, əksinə Türkiyənin regionda artan rolunun onun milli maraqlarını kölgədə qoyduğunu yaxşı başa düşür. Çünki həm Liviyada, həm Suriyada, həm də Aralıq dənizində Türkiyənin sərgilədiyi mövqe hər kəs tərəfindən göründü.
3. Uzun illər ittifaqda olduğu Səudiyyə Ərəbistanı və Misir Türkiyə ilə yaxınlaşmağa başladı ki, bu da ittifaqın dağılması deməkdir.
4. Donald Trampın dövründə ABŞ-dan ciddi dəstək alan BƏƏ Cozef Bayden dövründə bu dəstəyi görə bilmədi. Əksinə Bayden avtoritar dövlətləri demokratiya ilə hədələdi.
5. Türkiyənin Qətərdə sərgilədiyi mövqe BƏƏ üçün ciddi siqnal oldu və görünür əmirlik də bu mövqedən faydalanmaq niyyətindədir.
6. Türkiyə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımında regionun ən qüdrətli dövlətidir və İranla qarşılaşa biləcək tək dövlətdir. Bu və digər səbəblərə görə də BƏƏ Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlı olduğunu sərgiləməyə başladı.
Təbii ki, Türkiyə üçün də BƏƏ ilə münasibətləri normallaşdırmaq vacib əhəmiyyətə malikdir. Burada həm maliyyə vəsaitlərinin çoxluğu, iqtisadi sahədə əməkdaşlıq, Aralıq dənizi məsələsində Türkiyənin qarşısında dayanan dövlətlərin sayının azalması və s. maələlər baxımından önəmlidir.
Burada diqqəti çəkən digər önəmli məsələ bir neçə gün öncə İsrail baş naziri və İsrail prezidentinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zənf etməsi və tərəfər arasında normallaşma mərhələsinə keçən münasibətləridir.
Hesab edirəm ki, bundan sonrakı mərhələdə tərəflər arasında mövcud olan münasibətlər daha da inkişaf etdirilə bilər. Hətta BƏƏ tərəfindən Türkiyəyə qoyulacaq sərmayənin həcmi bir neçə dəfə də arta bilər.
Samir Hümbətov-siyasi şərhçi