Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

26 noyabr Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir



Newscenter.az.29.11.2021. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan-Rusiya münasibətləri strateji müstəvidə kifayət qədər müsbət tendensiya ilə inkişaf etməkdədir. 2021-ci il ərzində ölkələrimiz arasında ən müxtəlif səviyyələrdə olduqca fəal və məhsuldar dialoqlar, müzakirələr aparılıb. Məhz bu dialoqlar sayəsində ikitərəfli formatda bir çox vacib məsələlər öz həllini tapıb. ATƏT-in Minsk Qrupunun digər həmsədrlərindən fərqli olaraq Rusiya istər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına başlanması, istər sərhədlərin delimitasiyası, istərsə də nəqliyyat dəhlizlərinin açılması kimi məsələlərdə daha fəal və təşəbbüskar mövqe sərgiləməkdədir. Məhz bütün bu amillər noyabrın 26-da üçtərəfli formatda keçirilmiş Soçi görüşünün effektivliyində əhəmiyyətli rol oynamışdır.

Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsilə başa çatdığı gündən keçən müddət ərzində Rusiya sülhməramlılarının öz vəzifələrini məsuliyyətlə icra etmələri də Soçi görüşünün səmərəliliyinə müsbət təsir göstərən amillərdəndir. Bu məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsindən sonra ötən bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında, demək olar, ciddi insidentlər baş verməyib.
Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya edilməsi, sülh danışıqlarına başlanması kimi məsələlər Soçi görüşündə müzakirə olunan əsas mövzular olmaqla, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırılan istiqamətində atılacaq ən vacib və zəruri addımlardır. Məlumdur ki, bu gün hələ də Ermənistan ilə Azərbaycan arasında sərhədlər delimitasiya edilməyib. Bu isə regionda sülhün və sabitliyin davamlılığını risk altına atan əsas amildir. Azərbaycan hər zaman öz mövqeyini birmənalı olaraq ortaya qoyaraq bildirib ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə dəfələrlə açıq şəkildə təklif olunub ki, qarşıdurmaya son qoysun, ölkələr bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanısın və gələcəkdə qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlasın. Azərbaycan-Ermənistan dövlət sərhəddində baş vermiş toqquşmalar da göstərir ki, risklərə nəzarət etmək, onları minimallaşdırmaq üçün yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəni aparmaq zəruridir.

Birmənalı olaraq demək lazımdır ki, Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir və bu qələbənin müəllifi Ölkə Prezidenti cənab İlham Əliyevdir. Bu Bəyanat Azərbaycanın maraqlarına bütünlüklə cavab verir. Bununla belə bir maraqlı məqamı da qeyd etmək yerinə düşər ki, Soçi görüşü eyni zamanda rəsmi İrəvanın etibarsız tərəfdaş olması faktını bir daha tam çılpaqlığı ilə ortaya qoydu. Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Paşinyanın Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi “Demokratiya Sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır.

Azərbaycana gəlincə isə, ilk növbədə, 26 noyabr Bəyanatında hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyinin təsdiqi öz əksini tapıb. Sənəddə Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur, sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanılması ilə bağlı qərarlar qəbul olunub. Bəyanatı imzalayan ölkələr bir daha Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq ediblər. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması şərtlənib. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar yarandı və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər bunu deməyə əsas verir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya Prezidentinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlanması, imzalanmış sənəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlərin yer alması da Zəngəzur dəhlizinin açılması istiqamətində əməli addımların atılmasından xəbər verir. Beləliklə, Azərbaycan son bir ildə imzalanmış üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması istiqamətində bütün zəruri addımları atacaq.

Kəmaləddin Qafarov-Milli Məclisin deputatı
Xəbəri paylaş