Newscenter.az.26.12.2021. Bakı Nəqliyyat Agentliyi (BNA) və İsveçrənin Lozanna Federal Texnologiya İnstitutunun Böyük Şəhər Sistemlərinin İnnovativ İdarəçiliyi (İGLUS) proqramı arasında Bakı şəhərində Ağıllı Mobillik Laboratoriyasının (Smart Mobility Lab) yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva və proqramın direktoru Matias Finger imzalayıb. Memorandumun məqsədi Bakı şəhərində ictimai nəqliyyat, şəhər mobilliyi və ağıllı şəhər infrastruktur sistemlərinin inkişafı sahəsində yerli mütəxəssislərin yetişdirilməsi və hazırkı mütəxəssislərin peşə səviyyəsinin artırılması üçün ilk dəfə olaraq Agentliyin nəzdində araşdırma laboratoriyasının qurulmasıdır.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin Aparat rəhbəri Gülşən Rzayeva şəhər mobilliyinin və ictimai nəqliyyatın inkişafının insanyönümlü şəhərlər üçün vacibliyini vurğulayaraq BNA-nın bu istiqamətdə gördüyü işlər və gələcək planlar haqqında məlumat verib. Həmçinin dayanıqlı şəhər mobilliyinin formalaşması, ümumilikdə ictimai nəqliyyat sistemi və bu sahədə Bakı təcrübəsinin xarici və yerli mətəxəssislər tərəfindən öyrənilməsi üçün universitetlərlə əməkdaşlığın vacib olduğunu bildirib.
İGLUS-un proqram direktoru İtaliyanın Florensiya Avropa Universiteti institutunun və İstanbul Texniki Universitetinin professoru Matias Finger İGLUS-un ümumi fəaliyyət istiqaməti üzrə məlumat verərək bildirib ki, proqram ağıllı şəhər idarəetməsinin bütün maraqlı tərəflərini bir araya gətirərək nəqliyyat, enerji, su, kanalizasiya və binalar kimi infrastrukturları, həmçinin idarəetmə, maliyyələşdirmə, özəl sektorun iştirakı, rəqəmsallaşdırma kimi mövzuları əhatə etməklə hazırda Avropada, Amerikada, Afrikada və Asiyada ümumilikdə 13 şəhərdəki universitet ilə əməkdaşlıq edir. “Smart Mobility Lab”-in yaradılması tək Azərbaycan üçün deyil, bütün region üçün töhfə verəcəyini bildirib.
Labaratoriya vasitəsilə tərəflər Bakı şəhərində innovativ şəhərsalma yanaşmasının inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq edəcək, eyni zamanda şəhərsalma, mobillik və ictimai nəqliyyatın tənzimlənməsi sahəsində bilik və təcrübə mübadiləsi üzrə birgə fəaliyyətlər həyata keçirəcəklər. Laboratoriya BNA-nın “Nəqliyyat Könüllüləri” proqramı vasitəsilə nəqliyyat sahəsində oxuyan və bu sahəyə marağı olan gənc kadrların yetişdirilməsi, həmçinin əməkdaşların potensialının artırılması üçün mühim rol oynayacaq.
Bakı Nəqliyyat Agentliyi beynəlxalq platformalarda iştirak edərək, dayanıqlı şəhər mobilliyi istiqamətində müasir tendensiyaları izləyir, araşdırır və yol-nəqliyyat sahəsində təcrübəli təşkilatlarla əməkdaşlıq edir. BNA, Bakının hər kəs üçün əlçatan, təhlükəsiz və mobil bir şəhərə çevrilməsi üçün fəaliyyətini davam etdirir.
Sevinc