Newscenter.az.29.01.2022. “Dini etiqad azadlığı haqqında” Qanuna ediləcək dəyişikliklərin cəmiyyətimizdə geniş müzakirələrə səbəb olacağı onsuz da öncədən də bəlli idi. Odur ki, bəzilərinin bu dəyişiklikləri konkret olaraq Qafqaz Müsəlmanları İdarəsinin və Şeyxin səlahiyyətlərinin, imtiyazlarının məhdudlaşdırılması kimi tövsif etməsi, dəyərləndirməsi də təbiidir. İstənilən fikirin səsləndirilmə, ictimailəşdirilmə hüququ var. Lakin bu sadəcə bir fikirdir, ehtimaldır, amma heç bir halda həqiqət deyil.
Burda söhbət yalnız dini sferada islahatların aparılmasından gedə bilər. Biz bu dəyişikliklərə məhz islahat təşəbbüsləri kimi yanaşırıq. Postmüharibə dönəmində ölkə həyatının bütün sferalarında, o cümlədən dini sahədə də islahat prosesi davam etdirilməli, genişlənməlidir. Dini məsələlərə yanaşma tərzimiz dəyişməlidir. Həmçinin könüllü ianələr, nəzir yığılması məsələsində də yeni münasibət sərgiləməliyik.
Bu baxımdan toplanan ianələrə nəzarət səlahiyyətinin bundan sonra Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) alınıb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi təklifinə də, ianələrin nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə ödənilməsinə, qəbul edilməsinə də məhz nizamlama və təkmilləşdirmə təşəbbüsü kimi baxmalıyıq. Çünki nəzir qutularına verilən ianələrlə, o ianələrin hara və necə xərclənməsi ilə bağlı indiyə qədər çox söz-söhbətlər olub. Əminəm ki, təklif olunan dəyişikliklərin qəbul edilməsindən sonra bu söz-söhbətlərə böyük ölçüdə son qoyulacaq. Bundan sonra ianələrin yığılması da, xərclənməsi də bir xeyli dərəcədə şəffaf olacaq.
Qanun layihəsinə əsasən həmçinin dini icmaların qeydiyyatı üzrə prosedur qaydalarının dəqiqləşdirilməsi və icmalara nəzarət sisteminin genişləndirilməsi nəzərdə tutulur. Bu da olduqca vacib məsələdir. Yeni dəyişikliklər məscidlərimizdə fəaliyyət göstərən icmalara xarici təsirlərin, sızmaların qarşısını vaxtında almağa imkan verəcək. Və məlum məsələdir ki, bütün bu funksiyalar, səlahiyyətlər məhz aidiyyatı üzrə instansiyaya - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməlidir.
Qafqaz Müsəlmanları İdarəsinin qeyri-hökumət təşkilatı, ictimai birlik olduğunu nəzərə alsaq, bu səlahiyyətlərin ictimai birlikdən dövlət qurumuna ötürülməsi tamamilə məntiqli addımdır. QMİ isə nüfuzlu dini qurum kimi bundan sonra da öz fəaliyyətini davam etdirəcək. Sözügedən dəyişikliklər əslində müəyyən mənada QMİ-nin özünün də daha çevik quruma çevrilməsində müsbət rol oynayacaq. Odur ki, QMİ-nin fəaliyyətinin məhdudlaşdırılması müzakirə mövzusu deyil və ola bilməz. Mənə elə gəlir ki, dindarlarımız da bu dəyişiklikləri müsbət qarşılayacaq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri