Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının iclası keçirilib



Newscenter.az.1.02.2022. Fevralın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn kollegiya iclası keçirilib.

Newscenter.az xəbər verir ki, Komitə sədri Mübariz Qurbanlı iclası giriş sözü ilə açaraq, ötən ilin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan parlaq zəfərimizin ildönümü ilə əlamətdar olduğunu, bu qələbədən sonra qarşıda duran vəzifələrin uğurla icra olunduğunu bildirib. DQİDK sədri qeyd edib ki, Prezident İlham Əliyevin xalqa Yeni il müraciətində, jurnalistlərlə görüşündə və sonuncu Gəncə səfəri zamanı müsahibəsində də bildirdiyi kimi, bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi gücü sayəsində regionda aparıcı rola malikdir.

M.Qurbanlı vurğulayıb ki, Vətən müharibəsində qələbə bölgədə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaradıb. Dövlət başçısının fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bu kontekstdə mühüm tarixi-siyasi hadisədir. Bununla Azərbaycanın tarixi əraziləri arasındakı ənənəvi sosial-iqtisadi və mədəni bağlılığın bərpası istiqamətində mühüm addım atıldı. Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması, tarixi-dini abidələrimizin bərpa edilməsi istiqamətində layihələrin həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin özünün ən şanlı dövrünə qədəm qoyduğunu bir daha təsdiqləyir.

Komitə sədri qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində Azərbaycanın bütün sahələrində tərəqqi təmin edilir, o cümlədən dövlət-din münasibətləri demokratik prinsiplərə uyğun olaraq tənzimlənir, dini etiqad və vicdan azadlığı, dini müxtəliflilik və milli-mənəvi dəyərlər qorunur, dinlərarası dialoq inkişaf edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ötən ildə öz fəaliyyətini dövlət-din münasibətləri ilə bağlı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə müvafiq olaraq qurub və Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulmuş məqsədlərə nail olmağa çalışıb. Komitə, tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tətbiqi ilə bağlı qərarlarından irəli gələn tələbləri nəzərə almaqla fəaliyyətini davam etdirib. Bu ilin qələbəmizin rəmzi olan Şuşa şəhərinin Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq, ölkəmizdə “Şuşa İli” elan edildiyini xatırladan DQİDK sədri Dövlət Komitəsinin 2022-ci il üçün nəzərdə tutulan Tədbirlər Planında bununla bağlı layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Hesabat dövründə Komitənin xarici əlaqələrini genişləndirdiyini, Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyinin Dini İşlər üzrə Dövlət Komitəsi ilə Memorandum imzalandığını, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfər etdiyini, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində konfransların təşkil edildiyini vurğulayan M.Qurbanlı cari ildə də beynəlxalq əməkdaşlığın əsas vəzifə və prioritetlər arasında yer aldığını deyib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayevin Agentliyin 2021-ci ildə fəaliyyəti barədə hesabatı dinlənilib. Naxçıvan Muxtar Respublikasında dini abidələrin təmir və bərpasının diqqətdə saxlanıldığını bildirən V.Babayev 2021-ci ildə Cəhri qəsəbə məscidinin tikilib istifadəyə verildiyini bildirib. Qeyd edib ki, Naxçıvan şəhərində yeni məscid kompleksinin tikintisi və Ordubad şəhər Came məscidinin təmir işləri hesabat dövrü ərzində davam etdirilib. Agentliyin direktoru ötən müddət ərzində din xadimlərinin biliklərinin artırılması, həmçinin dini təhsil almağa müraciət edənlər üçün Naxçıvan şəhər Sarvanlar, Babək, Şərur, Ordubad və Şahbuz şəhər məscidlərində qadın və kişilərdən ibarət təkmilləşdirmə kurslarının təşkil edildiyini, zərərli dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu materialların muxtar respublika ərazisində yayılmasının nəzarətdə saxlanıldığını qeyd edib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə bildirib ki, 2021-ci ildə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, 16 dini icma dövlət qeydiyyatından keçirilib, bununla da icmaların sayı 971-ə çatıb. Hazırda 9 dini icmanın sənədləri yoxlanılır. Eyni zamanda, 1 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib. 2021-ci ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutulan 5847 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilən 260 adda dini ədəbiyyat ekspertizadan keçirilib. Həmçinin hüquq mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 104 adda dini təyinatlı ədəbiyyatdan zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edilənlər müəyyən olunub. Hesabat dövründə 415 adda (752 560 ədəd) dini təyinatlı ədəbiyyata nəzarət markaları verilib.

Komitənin ötən ildə dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, eləcə də dini bayram və mərasimlərin mövcud qanunvericiliyin tələblərinə uyğun formada həyata keçirilməsinə nəzarətin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini qeyd edən C.Əlifzadə mütəmadi olaraq monitorinqlərin keçirildiyini vurğulayıb. O qeyd edib ki, il ərzində müsəlman dini icmaları Ramazan, Qurban bayramları və Məhərrəmlik mərasimləri, eləcə də xristian dini icmaların Pasxa, Milad, yəhudilərin Pesax, Roş-Ha-Şana, Hanuka bayramları koronavirus pandemiyası ilə bağlı Operativ Qərargahın qərarlarına uyğun keçirilib.

Milli-mənəvi və dini dəyərlərin, tolerant və multikultural ənənələrin qorunub saxlanılması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə aparılan dini maarifləndirmə tədbirlərinə toxunan şöbə müdiri qeyd edib ki, Komitə tərəfindən sözügedən istiqamətlərdə ölkə vətəndaşlarının cəlb olunduğu 630-dan artıq tədbir təşkil edilib. Komitə tərəfindən Vətən müharibəsi kontekstində milli birlik və vətənpərvərlik duyğularının gücləndirilməsi, şəhidlik və qazilik məqamlarının uca tutulmasının təbliği istiqamətində, eləcə də 8 noyabr - Zəfər Günü münasibətilə ümumilikdə 100-dən artıq tədbir baş tutub. Həmçinin 2021-ci il üçün dini ekstremizmə qarşı mübarizə, dini etiqad azadlığının təmin edilməsi ilə bağlı Komitə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti arasında “2021-ci ildə dini ekstremizmə qarşı birgə mübarizəyə dair” imzalanmış Tədbirlər Planı, o cümlədən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Dövlət Sərhəd Xidməti ilə hazırlanmış Tədbirlər Planları çərçivəsində tədbirlər reallaşıb.

“Nizami ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Yazıçılar Birliyi və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı, sədrin birinci müavini Səyyad Salahlının iştirakı ilə “Nizami Gəncəvinin dini-fəlsəfi görüşlərində ümumbəşəri ideyalar” mövzusunda onlayn konfrans keçirilib. Eyni zamanda S.Salahlının sözügedən mövzuda məqalələri işıq üzü görüb.

Ötən il audiovizual və interaktiv maarifləndirmə sahəsində Dövlət Komitəsinin sifarişi ilə “Dövlət və din”, “Könüllülər hərəkatı və dini icmalar”, “Biz birlikdə güclüyük”, “Qarabağ Azərbaycandır”, “Din və sosial media”, “Şuşa mənəviyyat incisi”, “İrəvan Göy məscidi”, “Dəmir yumruq”, “Vətən naminə”, "Müstəqilliyimiz tarixi nemətimizdir", “Ağoğlan məbədi”, “Xudavəng məbədi”, “Ağdam Cümə məscidi”, “Erməni vandalizmi”, “Qarabağın tarixi-dini abidələri” adlı film və videoçarxlar hazırlanaraq yerli telekanallarda, eləcə də sosial mediada nümayiş etdirilib.

Hesabat dövründə Azərbaycanın dövlət-din münasibətlərinin, tolerantlıq modeli və zəngin mənəvi-əxlaqi irsinin xaricdə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulayan C.Əlifzadə bu istiqamətdə beynəlxalq konfranslar təşkil edildiyini, Komitə əməkdaşlarının xarici mətbuatda, eləcə də xarici internet resurslarında məqalələrlə çıxış etdiyini qeyd edib. Bununla yanaşı, BMT-nin mənzil qərargahında qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) “Bərabərliyə yeni baxış: Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin onilliyi çərçivəsində irqçilik, ksenofobiya və ayrı-seçkiliyin hər kəs üçün aradan qaldırılması” mövzusunda nazirlərin iştirakı ilə virtual formatdakı görüşdə, Özbəkistanın təşkilatçılığı ilə baş tutan “Radikalizm, ekstremizm və terrorizmlə mübarizədə gənclərin rolu" mövzusunda beynəlxalq videokonfransda, Avropa İttifaqı-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 9-cu onlayn iclasında, Macarıstanın Debretsen şəhərində “Müasir Avropanın sütunları: dini icmaların birgəyaşayışı” mövzusundakı konfransda, Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik, İslam məsələləri sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti 6-cı iclasında Azərbaycanın Komitə rəsmiləri tərəfindən təmsil edildiyini, o cümlədən Dövlət Komitəsi və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans, Komitənin təşəbbüsü, Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin dəstəyi ilə isə “Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” mövzusunda beynəlxalq videokonfrans keçirildiyini deyib.

Daha sonra çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov hesabat dövründə görülən işlər barədə məlumat verərək qeyd edib ki, 2021-ci ildə İnstitutun bakalavr səviyyəsinə 3-ü əcnəbi olmaqla, 68 tələbə qəbul olunub. Onlardan 33 tələbə “Dinşünaslıq”, 35 tələbə isə “İslamşünaslıq” ixtisasları üzrə təhsil alır. 2020/2021-ci tədris ilində tələbələrin həm akademik, həm də şəxsi inkişafına töhfə vermək məqsədilə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşkilatçılığı ilə İnstitutda ingilis dili kursları, İnstitutun IV kurs tələbələri üçün Peşə hazırlığı kursu təşkil olunub. Hesabat dövründə İnstitut və “Alban-Udi Xristian” dini icmasının birgə təşkilatçılığı ilə Qəbələ rayonu Nic qəsəbəsində “Alban-Udi Xristian” dini icması üçün xristianlıq tədris kursu fəaliyyətə başlayıb.

Xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması barədə məlumat verən rektor bu məqsədilə İnstitut ilə Pakistan İslam Respublikasının Müsəlman İnstitutu arasında Anlaşma Memorandumu, Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalandığını vurğulayıb.

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdikləri “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” regional proqramı çərçivəsində İnstitutun 100-dək tələbəsi üçün təlim və infosessiyalar keçirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun 2021-ci ildəki fəaliyyəti və cari ildə görüləcək işlərə dair hesabatla isə Fondun icraçı direktoru Mehman İsmayılov çıxış edib. Bildirib ki, Fond dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunması və təbliği, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətini uğurla davam etdirib. Fond bir sıra İslam və qeyri-İslam dini icmalarının maarifləndirici layihələrinə maddi dəstək göstərib. Həmçinin Fondun dəstəyi ilə “Alban-Udi Xristian” dini icmasının üzvləri Pasxa bayramında Laçın rayonundakı “Ağoğlan” monastırını, Kəlbəcər rayonundakı “Xudavəng” məbədini və Xocavənd rayonunun Tuğ kəndindəki Alban məbədini ziyarət ediblər. Fond Ramazan ayı münasibətilə müsəlman dini icmalarla birlikdə “Şəhid ailələrinə Ramazan sovqatı” aksiyasını həyata keçirib, aksiya çərçivəsində ümumilikdə 720 nəfər Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən dini icma sədri və din xadimlərinə birdəfəlik maddi yardım göstərilib. Məhərrəm ayı çərçivəsində doğum günü olan ümumilikdə 700 nəfərdən çox Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər keçirilib. Fond Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müraciəti əsasında nəşr etdirdiyi 2300-dən çox Qurani-Kərim kitabını (Azərbaycan dilində) soydaşlarımızın istifadəsi üçün Gürcüstana göndərib.

Daha sonra Dini maarifləndirmə şöbəsinin müdiri Sadiq Mirzəyev Komitənin 2022-ci ilin Tədbirlər planı barədə məruzə edib, rəy və təkliflər nəzərdən keçirilib. Yekunda Aparat rəhbəri Amil Cavadov tərəfindən Kollegiyanın qərar layihəsi səsləndirilib və müzakirələrdən sonra qəbul edilib.

Mehman
Xəbəri paylaş