Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın addımları regionda öz xeyrinə yaranmış reallığı daha da gücləndirməyə xidmət edir



Newscenter.az.23.02.2022. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” imzalanan Bəyannamə ölkəmizin apardığı xarici siyasətin növbəti uğurlu mərhələsi sayıla bilər. Ermənistandan fərqli olaraq Azərbaycan bütün qonşularla qarşılıqlı faydalı və yaxşı münasibətlər qurur, Rusiya və Türkiyə ilə olduğu kimi, bu gün İran və Gürcüstanla da Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Qoşulmama Hərəkatına hazırda sədrlik edən ölkə kimi Azərbaycan heç bir siyasi bloka qoşulmur. Eyni zamanda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi" Azərbaycana öz milli təhlükəsizliyi üçün əlavə zəmanət yaradıb. Ölkəmizin Türk Dövlətləri Təşkilatında aparıcı ölkə olması bizim milli maraqlardan çıxış etdiyimizi göstərir. Qərblə də münasibətlər yüksələn xətlə inkişaf edir, gözlənilir ki, bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqlar bitəndən sonra yeni saziş imzalasın. Bu gün Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə uğurlu dialoqa malikdir və bu istiqamətdə, eyni zamanda regional təhlükəsizlik məsələləri ilə bağlı NATO ilə uğurlu məsləhətləşmələr aparılır.

Yuxarıda sadalanan çoxşahəli siyasət bir daha sübut edir ki, bu siyasət müstəqil və Azərbaycanın milli maraqlarına xidmət edir. Beləliklə regionda yaranmış yeni konfiqurasiyadan sonra bölgənin söz sahibi olan Rusiya və Türkiyə ilə Azərbaycanın müttəfiqlik sazişləri imzalanmışdır. Azərbaycanın bu addımları regionda öz xeyrinə yaranmış reallığı daha da gücləndirməyə xidmət edir. Rusiya ilə müttəfiqlik sazişi də məhz bu qəbildəndir. Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar imzalanmışdır. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin imzalanması bu baxımdan Ermənistana da ciddi bir zərbə sayıla bilər. Digər tərəfdən bu saziş təbii zərurətdən doğur. Çünki Rusiya ilə Azərbaycanın geniş ticarət əlaqələri vardır, bu ölkədə milyonlarla soydaşlarımız yaşayır, Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında Azərbaycanla Rusiyanın uğurlu əməkdaşlıq tarixçəsi var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvaya səfəri və 22 Fevral, 2022-ci il tarixində imzalanan saziş Qafqaz regionunda sabitliyi daha da artıracaq və bu məsələ bəyənnamədə də öz əksini tapmışdır. Onu da qeyd etmək lazımdır ki, imzalanan müttəfiqlik sazişinin dünyada gedən son siyasi proseslər və gərginliklərlə heç bir əlaqəsi yoxdur, tam əksinə bu addım dünyada güc mərkəzləri ilə strateji əlaqələrin möhkəmlənməsinə və təhlükəsizliyimizin qorunmasına hesablanıb. Belə bir sazişin imzalanması artıq uzun müddətdir ki, planlaşdırılırdı və sazişdə qeyd olunan bəndlərdə deyildiyi kimi hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürür.

Hər iki ölkə müstəqil xarici siyasət yürüdür və yeni saziş Azərbaycanın Rusiya ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsi deməkdir. Bəyənnamədən irəli gələrək hər iki ölkənin terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində işbirliyi genişlənəcək. Sözügedən saziş məhz bölgədə və dünyada yeni çağırışlar və təhdidlərlə mübarizə istiqamətində effektiv bir sənəd sayıla bilər. Məhz Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri Azərbaycanın dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Rusiya ilə belə bir strateji sənədin imzalanmasına əsas yaratmışdır. Ona görə bəzi siyasi qrupların və şəxslərin bu müqavilənin əhəmiyyətini azaldan və guya Azərbaycanın müstəqilliyini məhdudlaşdıran və suverenliyinə xələl gətirən addım kimi qiymətləndirməsinin heç bir əsası yoxdur. Bu kimi cəhdlər sənədi təhrif etməyə və onun haqqında yanlış rəy formalaşdırmağa xidmət edir.

Vüqar Əhmədov-siyasi şərhçi
Xəbəri paylaş