Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynadan 2221 kilometr kənarda Ukraynanın “yanında” olmaq mesajı



Newscenter.az.21.03.2022. Artıq 20 gündür ki, Ukrayna sivil dünyanın gözü qarşısında Rusiyanın təcavüzünə məruz qalıb. Paytaxt Kiyev daxil olmaqla Ukraynanın iri şəhərləri və rayonları Rusiyanın aviazərbələri nəticəsində demək olar ki, yerlə yeksan olub. Nə qədər acı olsa da bu gün də hücumlar davam edir və hər ötən gün Ukraynada Rusiya hücumundan ölənlərin sayı artır.

Ukraynanın üzləşdiyi fəlakət, böhtana dəstək məqsədilə bu ölkəyə humanitar yardımlar edilməkdədir və Azərbaycan da hər zaman olduğu kimi humanizm prinsipləri, xeyirxah ölkə missiyasından çıxış edərək humanitar fəlakət astanasında olan Ukraynaya öz xeyirxah əlini uzadır. Bu günə qədər ölkəmizdən bir neçə dəfə Ukraynaya humanitar yardım göndərilib. Sevindirici məqam onda ibarətdir ki, təkcə dövlət deyil, eyni zamanda sadə vətəndaşlar da bu prosesdə aktivlik nümayiş etdirirlər. Elə Ukraynanın Azərbaycandakı səfirliyinin qarşısında sadə xalq kütlələrinin bu ölkəyə dəstək məqsədilə keçirdiyi aksiya bunun əyani sübutu idi. Bu dünyaya bir insanlıq, yardımlaşma mesajı idi və hər kəs əlindən gəldiyi qədər humanitar fəlakət yaşayan Ukrayna xalqına dəstək olmağa çalışırdı.

Ukraynanın Azərbaycandakı səfirliyinin qarşısında keçirilən aksiyada diqqəti çəkən məqamlardan biri bu ölkədəki Azərbaycan diasporunun rəhbəri kimi təqdim edilən Hikmət Cavadovun da əlində bayraq müxtəlif pozlar verməsi oldu. Hətta diaspor rəhbərinə istinadən bir neçə media qurumu yazdı ki; bəs Hikmət Cavadov Ukraynanın yanında olduğunu ifadə edib. Gülməlidir deyilmi? Ukraynadan 2221 kilometr kənarda Ukraynanın yanında olduğu bəyanatını səsləndirmək. Əslində bu Hikmət Cavadovun eybi ilə yanaşı, həm də onu bu günə qədər bəh-bəhlə tərif edənlərin, başa çıxaranların, həmçinin onun bağlı olduğu qurumun eybi, yarıtmaz fəaliyyəti idi. Indiyə qədər Ukraynada digər diaspor təşkilatları tərəfindən Azərbaycan adına atılan addımlar, görülən işləri görməzdən gələnlər, yalnız Hikmət Cavadovu şar kimi şişirənlər bir gün həmin şarın partlayacağını görməli idilər. Bəlkə də görürdülər. Ancaq görməməzlikdən gəlirdilər. Çünki işlərinə yarayırdı. Nədən? Ukraynaya dünyanın vaxtında edilən səfərlərin maliyyəsi onun tərəfindən qarşılanır, qonaqların rahatlığı üçün hər cür şərait yaradılırdı. Ona görə də bəlli qurumlar yalnız Hikmət Cavadova stavka edirdilər. Bu da nəticə.

Ümumiyyətlə Ukraynaya Rusiya işğalı başlayan gündən biz həm də Azərbaycan diasporunun bu ölkədə hansı səviyyədə "güclü" olduğunu gördük. Rusiyanın çoxminli qoşunu ölkə sərhədini çıxıb Ukraynaya istiqamət götürmədən öncə Azərbaycan diasporunun şişirdilmiş rəhbərləri dabanlarına tüpürüb Bakıya qaçdılar və Bakıdan Kiyevə dəstək sloqanı səsləndirdilər. Mən qəti o qənaətdə deyiləm ki, Hikmət Cavadov və ya bir başqa diaspor rəhbəri raket zərbələrinə tuş gələr və həyatlarını itirərdilər. Əsla. Allah qorusun. Ancaq vəziyyət kritik xarakter alana qədər diaspor rəhbərlərimiz Ukraynadakı azərbaycanlıların oradan təxliyə olunmasına yardımçı ola bilərdilər. Daha soydaşlarımız Azərbaycanın Ukraynadakı səfirliyi və diaspor təşkilatları olduğu halda, həmin ərəfədə Ukraynaya Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirmək üçün səfər etmiş İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəllinin ümidinə qalmazdılar.

Bu arada İSBAM rəhbəri rəhbəri Samir Adıgözəllinin Ukraynadakı soydaşlarımızın oradan təxliyəsi üçün Xarkovdakı fəxri konsulluğumuzla birgə fəaliyyətini qeyd etməmək olmaz. Ukraynadakı diaspor rəhbərlərimiz bu ölkəyə sarı 1 güllə atılmadan Bakıya gəlib isti mənzillərindən, paytaxt küçələrindən Ukraynaya dəstək şüarları səsləndirdikləri halda, İSBAM rəhbərliyi həyatını təhlükə altına qoyaraq Rusiyanın raket zərbələri altında spydaşlarımızın Ukraynadan təxliyəsi ilə məşğul idi. Mübaliğəsiz şəkildə deyə bilərəm ki, İSBAM bu müddət ərzində diaspor təşkilatları, eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin görə biləcəyi işləri gördü, yüzlərlə soydaşımızın Ukraynadan təxliyəsinə yardımçı oldu. Əgər Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti qənaətbəxş olsaydı, o zaman İSBAM, yaxud hansısa bir qeyri qurumun bu istiqamətdə fəaliyyətinə də ehtiyac yaranmazdı. Yaxud, Diasporla İş üzrə Dövlət Komitəsinin səlahiyyətli rəsmiləri Ukraynadakı soydaşlarımızın təxliyəsi üçün Polşaya ezam olunmazdı. Elə Ukraynadakı (əgər olsaydılar) diaspor təşkilatları ilə Bakıdan koordinasiyalı şəkildə bu işi həyata keçirmək mümkün olardı.

Düşünürəm ki, Ukrayna olayları həm də bizlər, eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsi üçün bir dərs oldu. O mənada ki, bundan sonra Komitə hansı təşkilatlarla işləməli olduğunu götür-qoy etməli olacaq, diaspor təşkilatlarına yenidən nəzər yetirəcək. Hərçənd buna ümid az olsa da, bütün halda Dövlət Komitəsi bu istiqamətdə konkret addım atmalıdır. Çünki bu gün Ukraynada yaşanan olayların sabah bir başqa formada digər bir öılkədə olacağına heç bir zəmanət yoxdur. Ona görə də hər bir ölkədəki diaspor təşkilatlarının fəaliyyəti, onların potensialı, real gücünə yenidən nəzər yetirmək olduqca vacibdir.

NEWSCENTER.AZ
Xəbəri paylaş