Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Humanitar minatəmizləmə uzunmüddətli sülh və sosial-iqtisadi inkişafa xidmət edir”

Könül Nurullayeva: “Humanitar minatəmizləmə uzunmüddətli sülh və sosial-iqtisadi inkişafa xidmət edir”


4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ərəfəsində Bakıda beynəlxalq tədbirin keçirilməsinin xüsusi əhəmiyyəti var. Belə ki, konfrans post-münaqişə dövründə dünyanın diqqətini işğaldan azad edilmiş ərazilərdəki mina probleminə cəlb etmək baxımından vacibdir. Humanitar minatəmizləmə fəaliyyətinin insan həyatı, davamlı inkişaf, infrastruktur layihələrinin icrası, iqtisadi inkişafın təmin edilməsi üçün önəmini nəzərə alaraq, Azərbaycanın yenidənqurma və bərpa işləri çərçivəsində minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin şahidiyik.

Bu fikirləri Newscenter.az-a səsləndirən Milli Məclisin deputatı Könül Nurullayeva deyib ki, konfransda humanitar minatəmizləmə ilə uzunmüddətli sülh və sosial-iqtisadi inkişaf arasında qarşılıqlı əlaqələrin nəzərdən keçirilməsi təsadüfi deyil:

"Bir daha beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırıldı ki, qayıdış, bərpa-quruculuq üçün ən böyük maneə məhz Ermənistanın basdırdığı minalardır. Üstəlik, mina insanların həyatı üçün böyük təhlükədir. Azərbaycanda 3000-dən çox mina qurbanı qeydə alınıb. Təbii ki, məqsəd ilk növbədə insan itkisinin qarşısını almaqdır. Azərbaycan humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olur. Məqsəd bu bölgələrə əhalinin qaytarılmasını təmin etməkdir".

Deputat diqqətə çatdırıb ki, BMT-nin 2030-cu il üzrə Davamlı İnkişaf Gündəliyinin məqsədlərinə nail olunmasında da minatəmizləmə xüsusi yer tutur. Azərbaycan da mina təmizlənməsi sahəsində bütün təkliflərə açıqdır:

"Bakıda keçirilən beynəlxalq konfrans eyni zamanda mina təmizlənməsi sahəsində ən qabaqcıl təcrübənin bölüşülməsi, texnoloji və metodoloji yeniliklərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi baxımından önəmlidir".

Könül Nurullayevanın sözlərinə görə, mövcud vəziyyət göstərir ki, beynəlxalq səviyyədə minaların təmizlənməsinə ayrılan vəsaitlər azdır:

"Beynəlxalq fondların bu işdə fəal olmasına ehtiyac var. Azərbaycan unikal modelə çevrilmək, minalardan azad olmaq əzmindədir. Bakıda keçirilən beynəlxalq tədbir həmçinin minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər. Yaradılması nəzərdə tutulan Qlobal Etimad Fondu Azərbaycanın minalardan təmizlənməsi layihələrinə dəstək ola, donorların prosesə cəlbini sadələşdirə bilər. Bu, azad edilmiş ərazilərdəki humanitar minatəmizləmə əməliyyatının genişləndirilməsi, gücləndirilməsi, qayıdışın yaxınlaşdırılması deməkdir".

Ruhiyyə
Xəbəri paylaş