Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüssel razılaşması həm də sülh sazişidir -VAQIF ABDULLAYEV

Brüssel razılaşması həm də sülh sazişidir


Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüş növbəti dəfə Azərbaycanın diplomatik-siyasi uğuru kimi qiymətləndirilə bilər. İlk növbdə onu vurğulamaq lazımdır ki, çox normal siyasi atmosferada və səmimi ovqatda keçirilən görüşdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin nikbin və praqmatik təşəbbüskarlığı daha çox nəzərə çarpırdı. Xüsusilə də AİŞ-nın rəhbəri Şarl Mişellə Prezident İlham Əliyev arasında həddindən artıq səmimi şəxsi dialoq və xoşniyyətli nikbin təmaslar Azərbaycanın əsil güvənli tərəfdaş və söz sahibi olan ölkə statusundan xəbər verdi. Eləcə də, üçtərəfli görüşdə tədbirin əsas etibarilə Cənab İlham Əliyev tərəfindən idarə edildiyi və funtamental qərarların qəbulunda Onun diqtəsinin dominat olduğu aydın nəzərə çarpırdı.

Üçtərəfli görüşün nəticəsinə əsasən, AİŞ-nın birbaşa dəstəyi ilə Azərbaycan və Ermənistan arasında sülh mexanizm və formatının yaradılması nəzərdə tutulur. Bu onu təqdiqləyir ki, Azərbaycanın təkidlə beynəlxalq birlik qarşısında irəli sürdüyü dayanıqlı sülh və möhkəm təhlükəsizlik, geniş regional əməkdaşlıq təşəbbüsləri Avropa Şurasının da qəbul etdiyi əsas prinsiplərlə tam üst-üstə düşür. Azərbaycan və Avropa İttifaqı Şurasının prinsipial olaraq eyni mənafeyə xidmət edən birgə baxışları bölgədə əməkdaşlıq mühiti formatının alternativsiz yeganə yol olduğunu nümayiş etdirir.

AİŞ-nın rəhbəri Şarl Mişelin üçtərəfli görüşün nəticələri barədə bəyanatı da onu deməyə əsas verir ki, Azərbaycanın irəli sürdüyü sülh layihəsi planı Avropa Şurası və Ermənistan tərəfndən qəbul olunur və ölkəmizin təklif etdiyi şərtlər əsasında müqavilə sənədi hazırlanacaq. Ermənistan bununla öz üzərinə öhdəlik götürdü və Xarici İşlər Nazirliklərinə bununla bağlı təlimatlar veriləcəyi dəqiqləşdi. Beləliklə, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət sülh müqaviləsinin imzalanması üçün ilkin təməl qoyuldu.

Əlbəttə hamını Azərbaycanın masaya qoyduğu 5 maddəlik sülh paketində hansı məsələlərin əks olunduğu çox maraqlandırır.

Əvvəla onu xüsusi qeyd etmək lazımdır ki, 5 maddəlik çərçivə sənədinin fundamental ana prinsipi Azərbaycanın beynəlxalq miqyasda qəbul edilən ərazi bütövlüyü və suverenliyinin, sərhəd toxunulmazlığının Ermənistan tərəfindən qeyd-şərtsiz tanınmasıdır. Sənəddə Dağlıq Qarabağ ifadəsinə ümumiyyətlə yer verilməyib və bu o deməkdir ki, Cənab Preizdentin bəyan etdiyi kimi münaqişə artıq tarixdə qaldığından və Qarabağ problemi həll olunduğundan bu bölgədə yaşayan ermənilərin ictimai-siyasi statusu Azərbaycan Konstitusiyasından irəli gələn tələblərə əsasən müəyyənləşəcəkdir. Bu reallığın Avropanın mötəbər masasında qəbul edilməsi isə Ermənistanın bu mövzuda məntiqsiz bəhanələrinə yer qoymayır. Baza paketi əsasında ölkəmizin milli maraqlarını tamamilə ifadə edən digər bəndlər isə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hüquqi-texniki məsələlərin həll üzrə birgə komissiyanın yaradılması, iki ölkə arasında normal etimad mühtinin və əməkdaşlığın yaraılması, iqtisadi-siyasi əlaqələri normallaşdırmaq üçün birgə addımların atılması, nəqliyyat-kommunikasiya xətlərinin yaradılması və regional nəqliyyat marşrutları şəbəkəsinin inteqrasiyası, regional əməkdaşlıqda manesiz və heç bir şərt olmadan kommunikasiyaldan birgə istifadənin təmin edilməsi ilə bağlıdır. Bu, həm də tarixi torpaqlarımızdan keçməklə Naxçıvanı Zəngilanla birləşdirən Zəngəzur dəhlizinin də yaradılması deməkdir. Bu xüsusda bir məqama xüsusi diqqət yetirmək lazımdır. Bəziləri ötən ay Azərbaycan və İran arasında Araz çayından keçməklə Naxşıvanı birləşdirən yeni dəhlizin yaradılmasına daiz imzalanmış sazişdən sonra hesab edirdilər ki, Zəngəzur dəhlizi gündəlikdən çıxdı. Brüssel danışıqlarında Cənab İlham Əliyevin qəbul etdirdiyi şərtlər paketi təsdiq etdi ki, Azərbaycan Ermənistan ərazisindən keçəcək nəqliyyat-kommunikasiya marşrutlarının yaradılmasında israrlıdır və bu layihələr mütləq həyata keçiriləcəkdir.

Beləliklə, Brüssel danışıqları bir daha onu təsdiq etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olan Ermənistanın bütün əsassız iddialarından əl çəkməklə bölgədə sülh mühitinin formalaşmasına qoşulmaqdan başqa çıxış yolu qalmır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş