Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur


Ölkəmiz 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək. Bu barədə Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirilib. Məşvərət görüşündə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı bu münasibətlə təbrik edib və Azərbaycanın sədrliyi ilə C6 formatında əməkdaşlığın əlavə impuls qazanacağını deyib: "Fürsətdən istifadə edərək, Azərbaycanı məşvərət görüşlərində sədrliyi qəbul etməsi münasibətilə təbrik edirəm. Əminəm ki, Azərbaycanın rəhbərliyi altında formatımız çərçivəsində fəaliyyət əlavə impuls qazanacaq, qardaşlıq münasibətləri, əməkdaşlıq isə birliyin, etimadın və həmrəyliyin möhkəmlənməsinə töhfə verəcək". Həmçinin, Tacikistan Prezidenti Emoməli Rəhmon da Azərbaycanın C6 formatına sədrliyini dəstəkləyib və qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlığa keçmək üçün potensiala malikdir. Məşvərət Görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda isə bildirilib ki, Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir.
Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edən Prezident İlham Əliyev son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin xeyli genişləndiyini, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm xarakter aldığını bildirdi. Dövlətimizin başçısı həmçinin Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əməkdaşlığın gücləndiyini, qarşılıqlı investisiyaların artdığını qeyd etdi, eyni zamanda, birgə layihələrin uğurla həyata keçirildiyini vurğuladı. Bu yanaşma göstərir ki, münasibətlərin əsas dayağı yalnız siyasi yaxınlıq deyil, həm də konkret layihələr, nəqliyyat bağlantıları, investisiya mexanizmləri və enerji əməkdaşlığıdır.
Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü təkcə növbəti diplomatik toplantı kimi yadda qalmadı. Bu görüş, əslində, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin artıq epizodik təmaslar səviyyəsindən çıxaraq sistemli, çoxşaxəli və strateji tərəfdaşlıq mərhələsinə keçdiyini bir daha əyani nümayiş etdirdi. Xüsusilə Azərbaycanın 2027-ci ildə bu formatda sədrliyi qəbul etməsi regionlararası əməkdaşlığın yeni siyasi çərçivəsini formalaşdıran mühüm hadisə kimi dəyərləndirilməlidir. Beləliklə, Azərbaycan və Mərkəzi Asiya (C6) trekində yeni mərhələnin strateji konturları cızıldı.
Prezident İlham Əliyevin çıxışı da məhz bu strateji xəttin üzərində quruldu. Əslində, C6 formatının gücü də elə bundadır. Bu format yalnız ümumi siyasi bəyanatlarla məhdudlaşmır, regional maraqları ortaq iqtisadi və geosiyasi gündəmə çevirə bilir. Azərbaycanın son illərdə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması, ölkə daxilində Mərkəzi Asiya kapitalı ilə yüzlərlə şirkətin fəaliyyət göstərməsi və ticarət dövriyyəsində 50 faizdən artıq artımın qeydə alınması da bu əməkdaşlığın kağız üzərində qalmadığını sübut edir. Yəni söhbət artıq yalnız dostluq və qardaşlıq ritorikasından deyil, institutlaşmış iqtisadi inteqrasiya prosesindən gedir.
Mirziyoyevin Azərbaycanın sədrliyi ilə formatın “əlavə impuls” qazanacağı barədə fikri də təsadüfi deyil. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, nəqliyyat və enerji əlaqələri vasitəsilə Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında körpü rolunu oynayır. Bu baxımdan Bakı təkcə iştirakçı deyil, həm də əlaqələndirici mərkəz funksiyasını daşıyır. Orta Dəhlizin genişlənməsi, Xəzər üzərindən yükdaşımaların artması və “Rəqəmsal İpək Yolu” kimi layihələr bu funksiyanı daha da gücləndirir.
Burada xüsusilə bir məqam diqqət çəkir: nəqliyyat gündəliyi artıq təkcə tranzit məsələsi deyil. O, regional iqtisadi təhlükəsizliyin əsas elementlərindən birinə çevrilir. Xəzərin hər iki sahilində yerləşən infrastruktur layihələri Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə beynəlxalq bazarlara bağlayır. Bu isə həm ölkələrarası ticarətin səmərəliliyini artırır, həm də marşrutların rəqabət qabiliyyətini yüksəldir. Digər tərəfdən, Orta Dəhliz üzrə yükdaşımaların artması qlobal logistika xəritəsində bu xəttin əhəmiyyətinin yüksəldiyini göstərir.
Energetika sahəsində əməkdaşlıq da eyni dərəcədə strateji xarakter daşıyır. Azərbaycan təkcə enerji resursları ixrac edən ölkə deyil, həm də Mərkəzi Asiya resurslarının dünya bazarlarına tranzitində mühüm həlqədir. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə daşınması bu sahədə yeni imkanların formalaşdığını göstərir. Paralel olaraq, yaşıl enerji dəhlizi istiqamətində atılan addımlar gələcəyin enerji xəritəsinin artıq indidən qurulduğuna işarə edir. Bu, xüsusilə qlobal enerji keçidi fonunda regional əməkdaşlığa əlavə dəyər verir.
Birgə Bəyanatda Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakının əhəmiyyətinin vurğulanması isə siyasi baxımdan ayrıca məna daşıyır. Bu, Azərbaycanın sadəcə qonaq və ya müşahidəçi kimi deyil, formatın tamhüquqlu və fəal iştirakçısı kimi qəbul edildiyini göstərir. Beləliklə, C6 formatı bir əməkdaşlıq müstəvisi kimi daha çevik, daha dərin və daha funksional məzmuna qovuşur. Bu, həm də regiondaxili etimadın artdığını, ortaq təhlükəsizlik və inkişaf maraqlarının daha aydın şəkildə formalaşdığını göstərən vacib siqnaldır.
Azərbaycan üçün bu əməkdaşlığın başqa bir mühüm tərəfi də var: azad edilmiş ərazilərin bərpası prosesində Mərkəzi Asiyanın türk dövlətlərinin göstərdiyi dəstək. Füzulidə Özbəkistanın inşa etdiyi məktəb, Qazaxıstanın Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda tikdiyi məktəb bu münasibətlərin təkcə dövlətlərarası deyil, həm də simvolik və mənəvi dərinliyə malik olduğunu göstərir. Bu layihələr qardaşlığın konkret infrastruktur ifadəsidir. Bu, həm də Türk Dövlətləri Təşkilatının (TDT) real məzmuna malik birlik formatı olduğunu göstərir.
Türkmənbaşı görüşü göstərdi ki, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Bu mərhələnin əsas istiqamətləri siyasi koordinasiyanın güclənməsini, iqtisadi əlaqələrin dərinləşməsini, nəqliyyat-logistika marşrutlarının şaxələnməsini, enerji təhlükəsizliyi üzrə ortaq maraqların artmasını və institusional əməkdaşlığın möhkəmlənməsini əhatə edir. Azərbaycanın 2027-ci ildə sədrliyi isə bu proseslərin daha sistemli koordinasiyası üçün mühüm imkan yaradır. Bu baxımdan, artıq qarşıdakı illərdə əsas sual əməkdaşlığın olub-olmayacağı deyil, onun hansı sürətlə və hansı institusional dərinliklə inkişaf edəcəyidir. Mövcud dinamika göstərir ki, tərəflər artıq yalnız qarşılıqlı əlaqələri artırmaqla kifayətlənmək istəmirlər. Ortada daha böyük hədəflər var: birlikdə investisiya qoymaq, birlikdə istehsal etmək və birlikdə xarici bazarlara çıxmaq. Azərbaycan bu hədəflər fonunda C6-nın liderinə çevrilir. Xeyirli-uğurlu olsun!

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş