
Oktyabrın 8-də Milli Məclisin Peru ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sahib Alıyev və qrupun üzvü Gülşən Paşayeva İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Peru Respublikasının Deputatlar Palatasının üzvü Marleni Bibiana Arminta Valensiya ilə görüşüblər.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan-Peru münasibətlərinin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini qeyd edən Sahib Alıyev Xocalı soyqırımını tanıyan ilk dövlətlərdən biri kimi Perunun Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. O, iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin və görüşlərin bu əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Öz növbəsində, Marleni Bibiana Arminta Valensiya Bakıda keçirilən beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb və Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Peru ilə Azərbaycan arasında həm dövlət, həm də parlament səviyyəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu bildirib.
Görüşdə çıxış edən deputat Gülşən Paşayeva iki ölkənin parlamentlərinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarından danışıb.
Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti qeyd edilib.
Söhbət qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib.
Süleyman












































