Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının marağındadır

Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının marağındadır


Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının marağındadır. Bu səbəbdən də Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında mövcud problemlərin tezliklə həll olunması və tərəflər arasında sülh sazişinin imzalanmasını dəstəkləyir. Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş regionda sülhün bərqərar edilməsi istiqamətində atılan mühüm addımdır.

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb. Son proseslər göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Təsadüfi deyil ki, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Digər tərəfdən, bəyanatda Fərrux kəndi ətrafında proseslərə də toxunulmaması göstərir ki, Avropa İttifaqı artıq qoşunların dislokasiya yerlərinin dəyişməsinə də Azərbaycanın daxili işi kimi yanaşır.

Bəyanatda ATƏT-in Minsk qrupunun da adı çəkilmir. Bu, o deməkdir ki, faktiki olaraq Minsk qrupunun həmsədrlik institutu tarixin arxivinə göndərilib. Bütövlükdə, görünən odur ki, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

Hər iki tərəfin Avropa İttifaqına etimadı var. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan lider kimi qəbul olunur. Bu səbəbdən də, beynəlxalq birlik 44 Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. Şarl Mişelin bəyanatından da göründüyü kimi, Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir.

Aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılığın əldə edilməsi əhəmiyyətli hadisədir. Bu komissiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi ilə məşğul olacaq. Eyni zamanda, sülh sazişi ilə bağlı ortaya qoyulan mövqe də təqdirəlayiqdir. Məlumdur ki, Azərbaycan Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib və bu məqsədlə qarşı tərəfə beş bənddən ibarət təkliflərini göndərib. Brüssel görüşündə bu məsələ də diqqət mərkəzində olub. Belə ki, görüşdə əldə edilmiş razılığa əsasən ölkə rəhbərləri zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə müvafiq tapşırıq verəcək. Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar ortaya qoyulub. Ümumiyyətlə, Brüssel görüşü Prezidentimiz cənab İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi.

Fatma Yıldırım-Milli Məclisin deputatı
Xəbəri paylaş