Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş Azərbaycanın haqlı mövqeyinin ifadəsi olmaqla yanaşı bir sıra amillər baxımından uğurlu və məhsuldar oldu. Azərbaycanın irəli sürdüyü 5 maddəlik baza prinsipi əsasında müzakirələrin aparıldığı görüş zamanı “Qarabağ münaqişəsi” ifadəsi işlənmədi.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Şarl Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesin məhz bu görüşdən başladığını bildirməsi bir daha görüşün Azərbaycanın maraqlarının təmin olunması baxımından səmərəli keçdiyinin ifadəsidir. Verilən açıqlamalarda aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması, iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsinin davam etdirilməsinin də razılaşdırıldığı qeyd olundu:
“Eyni zamanda Avropa İttifaqı tərəfindən dəmir yolu əlaqələrinin bərpası istiqamətində atılan addımların dəstəklənməsi, rəsmi Bakının irəli sürdüyü 5 baza prinsipindən biri olan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində də müsbət irəliləyişlərin əldə olunduğunu göstərir.
Bütün bu amillər ölkə başçımızın cənab İlham Əliyevin apardığı müdrik xarici siyasətinin nəticəsi olmaqla yanaşı Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsidir ”.
Görüş öncəsi maraq doğuran əsas məsələlərdən biri də İrəvanda müxalifətin mitinq keçirməsi oldu. Brüssel görüşü öncəsi keçirilən, şou xarakteri daşıyan mitinq bir daha Ermənistanın pozuculuq və regionda sülhə təhdid siyasətinin göstəricisidir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, xüsusi olaraq qeyd etmək lazımdır ki, ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyana telefon zəngi edib. Telefon zəngi zamanı İrəvanda baş verənlərlə bağlı dərin narahatlığını ifadə edən Blinken, Paşinyana “Qafqazda indi eskalasiya vaxtı deyil” deyə bildirib. Blinkenin bu mesajı İrəvanda ciddi təlaşa səbəb olub:
“Bu, çox ciddi bir mesaj olmaqla yanaşı. dalana dirənmiş Ermənistanın çoxüzlü və yarıtmaz siyasətinin nəticəsidi. Artıq Ermənistanın yersiz bəhanələrinə, zaman uzatmaq cəhdlərinə və revanşist siyasətinə yer qalmayıb. İqtisadi, sosial, siyasi böhranın hökm sürdüyü Ermənistanın sülh sazişi imzalamaqdan başqa heç bir yolu yoxdur”.
Ruhiyyə