Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulmuşdur. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılmış və telefon danışıqları keçirilmişdir.
06 aprel 2022- ci ildə keçirilən Brüssel görüşü ölkəmizin milli maraqlarının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti uğuru kimi qiymətləndirilməlidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri ilə görüşləri və əldə olunmuş nəticələr onu göstərir ki, Azərbaycan Prezidentinin dünyada böyük nüfuzunun göstəricisidir.
Görüşün əsas məsələlərindən biri də razılaşma onu göstərir ki, Avropa İttifaqı 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır. Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.
Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti ŞarlMişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir.
Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Danışıqlar zamanı tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaqdır. Ərazi bütövlüyümüzün tanınması fonunda nəqliyyat-kommunikasiya xətlərinin açılması, sərhədlərin demarkasiyası ilə yanaşı İqtisadi Məşvərət Şurasının yaradılması barədə razılıq regionun gələcək inkişafını şərtləndirəcək amillərdən biridir. Nəhayət ki, regiona ədalətli sülh gələcəyinin ilkin işartıları görünməyə başlamışdır. Avropa İttifaqı bu addımı ilə özünün tərəfsiz və qərəzsiz mövqeyini sərgiləməklə yanaşı, xalqlara sülh istəyinin reallığa söykəndiyini sübut etmiş oldu. Diplomatik müstəvidə Azərbaycanın qələbəsi şübhəsiz və danılmazdır. Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.
Görüşdə həmçinin, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olundu. Eyni zamanda, bu görüşün nəticəsi olaraq Avropa İttifaqının işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə, itkin düşmüş şəxslərin tapılmasına kömək göstərməsi, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərilməsi nəzərdə tutulur. Görüşdə infrastruktur layihələri ilə bağlı əməkdaşlıq da xüsusi vurğulandı. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alındı.
Cənubi Qafqaz bölgəsində sülh və dinc quruculuğun, dayanıqlı sabitliyin bərqərar olmasında mühüm amil kimi qəbul olunan və diplomatik müstəvidə Azərbaycanın qələbəsini danılmaz edən Brüssel görüşləri Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə müdafiə etməsinin parlaq təzahürüdür.
YAP Tərtər rayon təşkilatının əməkdaşı - Əli Paşayev