Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etməklə regionda yeni reallıqlar yaratdı və Ermənistanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan etdi. Ümumiyyətlə, münaqişə mövcud olan 30 ilə yaxın bir müddətdə də Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu qeyd edirdi. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra regionda nəqliyyat və kommunikasiyaların açılması təşəbbüsü ilə çıxış etməsi, azad edilmş ərazilərdə bərpa-quruculuq işlərinə başlanılması Azərbaycanın regionda sülh və təhlükəsizlikdə maraqlı olduğunu sübut edir.
Azərbaycanın 44 günlük hərbi əməliyyatlar nəticəsində münaqişəni həll etməsi və ərazi bütövlüyünü təmin etməsi uzun müddət münaqişənin həlli ilə məşğul olmalı olan ATƏT-in Minsk Qrupunun da lazımsız bir təsisat olduğunu təsdiqlədi. Postmünaqişə dövründə isə cənab Prezident İlham Əliyevin keçirdiyi görüş və apardığı danışıqlar nəticəsində yeni bir format yarandı və bu, ötən ilin dekabrın 14-də ilk üçtərəfli görüşün keçirildiyi Brüssel sülh gündəliyi oldu.
Avropanın siyasi paytaxtı Brüsseldə növbəti görüş isə aprelin 6-da baş tutdu. Cənab Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin milli maraqları naminə həyata keçirdiyi qətiyyətli siyasəti nəticəsində görüş zamanı ədalətli sülhün və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində mühüm qərar qəbul edildi. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılmasının qərara alınması Azərbaycanın növbəti diplomatik qələbəsdir. Çünki sözügedən sənəddə Azərbaycanın ərazi bütövlüyü əsas məqamdır və “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Həmçinin lazımısz təsisat olan ATƏT-in Minsk Qrupunun həmsədrlik institutuna istinad yoxdur. Bundan əlavə, sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılığın əldə olunması və aprel ayının sonuna kimi birgə komissiyanın yaradılması nəticəsində sərhəddə gərginlik aradan qalxmış olacaq. Görüş zamanı nəqliyyat-kommunikasiya xətlərinin bərpası, yaradılması, dəmir və avtomobil yollarının çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması da qərara alınmışdır. Əldə edilən daha bir razılaşmaya əsasən isə Avropa İttifaqının dəstəyi ilə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstəyin göstərilməsi də nəzərdə tutulur.
Avropa İttifaqı dünyanın ən nüfuzlu təşkilatlarından biridir və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu təşkilatla ölkəmiz arasında səmərəli və konstruktiv əməkdaşlıq qurulmuşdur. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoymuş və ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola sahib olmuşdur. Avropa İttifaqı bitərəf və qərəzsiz olduğu üçün həm Azərbaycan, həm də Ermənistan ona etimad göstərir. Eyni zamanda Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında Avropa İttifaqı da maraqlıdır. Bundan əlavə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyada yüksək nüfuz sahibi olması Avropa İttifaqı ilə Azərbaycan Prezidenti arasında təmasları daha da yaxınlaşdırır. Bir sözlə, cənab Prezident İlham Əliyevin regional liderliyi Avropa İttifaqı tərəfindən qəbul edilir. Məhz müstəqil Azərbaycan dövləti də cənab İlham Əliyevin dünyada olan şəxsi nüfuzu və diplomatik məharəti hesabına siyasi müstəvidə davamlı qələbələrə imza atır.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı