Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında Qarabağdakı durum barədə də danışıb. O, deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır: "Biz ümid edirik ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq".
Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra nazirlər səviyyəsində belə təmas gözlənilən idi. Çünki Kreml regional proseslərin nəzarətindən kənar olmasını istəmir..
Rusiya bölgədəki təsir gücünün tədricən azaldığını özü də bilir. Odur ki, "ofsayt"a düşməmək, əksinə, "mərkəz xəttində" olmaq üçün çalışır. Bu mənada Lavrovun açıqlamasının səmimiliyi şübhə doğurur. Ən azından ona görə əvvəllər Moskvanın ikiüzlülüyü, hətta onun öz imzasına etinasız yanaşması ilə bağlı kifayət qədər fakt görmüşük.
Aydın məsələdir ki, Qarabağ məsələsində Qərbin, o cümlədən Aİ-nin fəallaşması Rusiyanın maraqlarına uyğun deyil. Yəni Lavrov ermənistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransı zamanı köməyini təklif edəndə daha uzaqgörən davranmağa çalışırdı. Kreml kömək adı ilə proseslərə qoşulmağa və regionda "suların durulmasına" mane olmağı istəyə bilər. İkinci bir tərəfdən bu təşəbbüs Ermənistanın addımlarına nəzarət etməyə, for- postuna təzyiqlərin artırılmasına hesablanır. Çünki İrəvan- Ankara arasında diplomatik əlaqələrin bərpası, həmçinin Paşinyan hakimiyyətinin Qərbə meyli Kremli narahat edir.
Sərhədlərin müəyyənləşdirilməsi üzrə komissiyaya gəldikdə isə, ola bilsin, Moskva bu qrupun tərkibində yer almağa çalışır. Məqsədi isə yenə də proseslərdə "düyün"lər yaratmaqdır.
Bütün hallarda Rusiyanın Cənubi Qafqazdakı sülh və sabitlikdə maraqlı olduğu ağlabatan deyil. Geosiyasi mənzərə müəyyən mənada dəyişsə də, Kremlin regionla bağlı uzunillik maraqları dəyişməz olaraq qalmaqdadır.
Kənan Novruzov- Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti