Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.
Bildirilib ki, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Öncə onu deyək ki, bu, tərəflərin ilk telefon danışığı kimi yüksək qiymətləndirilməlidir. Bu, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasının hər iki dövlət üçün prioritet olduğunu bir daha göstərir. Yaxın günlərdə nazirlərin türkiyəli və rusiyalı həmkarları ilə telefon danışıqları da mümkündür. Yəqin ki, Bayramov və Mirzoyan həmkarlarını bu müzakirənin nəticələri barədə məlumatlandırmaq istəyəcəklər.
Görünür, Avropa İttifaqının iştirakı ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş uğurlu olub. Hər halda dünənki telefon danışığı məhz həmin görüşün səmərəsidir.
Əvvəllər də dediyimiz kimi, İrəvan Azərbaycanla münasibətlərin normallaşmasına tələsir. Bunun başlıca səbəbi isə Rusiyanın Ukrayna ilə apardığı müharibədir. Kremlin bu savaşdan nə qalib, nə də məğlub çıxması Ermənistana sərf edir. Birinci halda Paşinyan hakimiyyətinə təzyiqlər artacaq, ikinci halda isə Ermənistan "çətirini" itirəcək.
Həmçinin indi geosiyasi maraqlarını həyata keçirməkdən ötrü Azərbaycan üçün də əlverişli regional şərait yaranıb.
Bu mənada diplomatik təmasların intensivləşməsi və güclənməsi gözləniləndir.
Yaxın gələcəkdə birgə sərhəd komissiyasının təşkili istiqamətində növbəti addımlar atıla bilər. Həmçinin yekun sülh sazişi ilə bağlı da hansısa razılıqların əldə olunması istisna deyil. Hərçənd Rusiya buna mane olmaq üçün əlindən gələni edəcək. Qərb ölkələri isə vasitəçilik statusu ilə proseslərin iştirakçısı olmaq istəyəcək. Rusiya və Qərbin birinci məqsədi "suların durulmasına" mane olmaqdırsa, ikincisi guya sülhə töhfə vermək adı ilə Cənubi Qafqazdakı təsir gücünü artırmaqdır. Odur ki, müxtəlif dünya liderlərinin Cənubi Qafqazla bağlı loyal bəyanatlar səsləndirmələri, prosesi dəstəkləmələri gözləniləndir.
Ancaq nəzərə almaq lazımdır ki, artıq regiondakı reallıqları Azərbaycan və Türkiyə diktə edir. Bu isə o deməkdir ki, digər "oyunçular" mövqeyimizlə razılaşmalıdırlar.
Dediyimiz kimi, regional sabitlik baxımından yaxın vaxtlarda diplomatik təmasların intensivləşməsi mümkündür. Bu isə bölgə üçün yeni reallıqlar vəd edir. Bu təmasların ilk nəticələrindən biri olaraq erməni terrorçuların Qarabağdan çıxarılması haqqında yeni razılığın əldə olunması da mümkündür.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti