Pakistan parlamentariləri Müsəlman Liqasına mənsub olan Mian Məhəmməd Şahbaz Şərifi yeni baş nazir seçiblər. Parlamentin etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın əleyhinə 174 parlament üzvü səs verib.
Şahbaz Şərif kimdir?
Müsəlman Liqasına mənsub olan Mian Məhəmməd Şahbaz Şərifi əvvəllər üç dəfə Pakistanın Baş naziri vəzifəsində çalışıb. O, Pakistan Müslüman Liqasının lideri olmamışdan əvvəl uzun illər Pəncab əyalətində baş nazir vəzifəsində çalışıb.
Şərifin spesifik cəhəti tez-tez inqilabi şeirlərdən sitat gətirməsidir. Sələflərindən fərqli olaraq o, rəqibləri ilə ortaq məxrəcə gələ bilən, həm ordu, həm də müxalifətlə dil tapa bilən siyasətçi kimi tanınır.
İmran Xan demarş edəcək?
Şərifi Baş nazir postunda gözləyən ən mühüm həlli vacib məsələlər heç şübhəsiz, iqtisadi və təhlükəsizlik problemləridir. Məsələ ondadır ki, 1947-ci ildə müstəqilliyini elan edən Pakistanda bu günə qədər dörd dəfə hərbi çevriliş və eyni sayda uğursuz hərbi çevriliş cəhdi baş tutub. Çevrilişlər məhz Şərif ailəsinə qarşı olub. Yəni Şahbaz Şərifin xarici siyasətdə və ya orduya qarşı kiçik bir səhvi onun sonunu gətirə bilər.
Şərifin düşünməli olduğu bir məsələ də, Pakistanın keçmiş baş naziri İmran Xandır. Belə ki, İmran Xan ölkədə dərhal parlament seçkilərinin keçirilməsini tələb edir. Prinsip etibarilə, o, baş nazir seçilməyəcəyi təqdirdə seçkilərin nəticəsini tanımayacağını bildirmişdi. Bunun ardınca isə İmran Xanın rəhbəri olduğu Təhriki İnsaf Partiyası yeni baş nazir seçkisinə az qalmış parlamentdən çıxıb.
İmran Xanı vaxtilə hakimiyyətə məhz ordu gətirib. Xan bu gün yenə orduya və onu dəstəkləyən elektoratlarına arxalanır. İmran Xan gücünü göstərmək üçün bir neçə gün öncə paytaxt İslamabadda minlərlə tərəfdarlarının iştirakı ilə dəstək mitinqi keçirdi. Nəticə etibarilə İmran Xan mövcud vəziyyətlə barışmayacaq. O, Şahbaz Şərifin ilk yanlış qərarını fürsətə çevirməyə çalışacaq.
Şahbaz Şərif də İmran Xanın səhvini təkrar edə bilər!
Pakistanda bu günə qədər hakimiyyətdə olan şəxslərin bir çoxu korrupsiya ittihamları ilə üzləşib. Əksər baş nazirlər korrupsiya ittihamları ilə həbs olunublar. Şahbaz Şərifin mənsub olduğu ailə üzvləri də bu ittihamlara məruz qalıb. Misal üçün, Şahbaz Şərifin böyük qardaşı Nəvaz Şərif 2017-ci ildə korrupsiya ittihamı ilə mühakimə olunub. Bu mənada İmran Xan Şərifin qardaşı kimi səhv etməsini gözləyə bilər. Çünki İmran Xan özündən öncəki hakimiyyətlərdən fərqli olaraq karrupsiyaya görə deyil, xarici və təhlükəsizlik siyasətinə görə hakimiyyətdən uzaqlaşdırılıb.
İmran Xanın Çinlə və Rusiya ilə yaxınlaşması siyasi və hərbi elitanın narazılığına səbəb olmuşdu. Ancaq Şahbaz Şərifin də Çinlə münasibətləri korlayacağı inandırıcı deyil. Çünki Pakistan İmran Xandan əvvəl də Çinlə sıx əlaqələr qurub. Əsas səbəb də məhz Hindistan faktorudur. Hindistan məsələsində Pakistan və Çin ortaq maraqlar ilə hərəkət edir. Mümkündür ki, bu, Şahbaz Şərifin hakimiyyəti zamanı da davam edəcək.
İslamabad Bakı və Ankara ilə münasibətləri dəyişəcək?
Bu gün olmasa da, gec-tez Pakistanda İmran Xan dövrü bitəcəkdi. İmran Xandan sonra hakmiyyətə kimin gəlməsindən asılı olmayaraq Pakistanın xarici siyasətində bəzi ölkələrə qarşı kəskin dəyişikliklər olmayacaq. Pakistanın iqtisadi və xarici siyasətinin Şərif dövründə Azərbaycan və Türkiyəyə qarşı dəyişəcəyi az proqnozlaşdırılandır. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şahbaz Şərifi Pakistanın yeni Baş naziri seçilməsi münasibətilə təbrik edib. Bu özlüyündə rəsmi Ankaranın Şahbaz Şərif hakimiyyətini tanıdığını, bundan sonra da iki ölkə arasında münasibətlərin davam edəcəyini göstərir. Azərbaycana gəldikdə isə rəsmi Bakının da Ankaradan fərqli mövqe sərgiləyəcəyi inandırıcı deyil.
Turan Rzayev-siyasi ekspert