Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan öyrənmə yoxsulluğuna qarşı necə mübarizə aparır?

Azərbaycan öyrənmə yoxsulluğuna qarşı necə mübarizə aparır?


“Oxu bacarıqlarını təmin edə bilməyən təhsil sistemlərinin riyaziyyat, humanitar, həmçinin sosial elmlər kimi digər sahələrdə biliklər əldə etməyə kömək edə bilməyəcəyi aşkardır. Bu səbəbdən də öyrənmə yoxsulluğunun səviyyəsini minimuma endirmək dövlətlərin sosial siyasətinin əsas tərkib hissəsi olmalıdır.”

Newscenter.az xəbər verir ki, bu fikirlər Dünya Bankının patronajı altında Təhsil üzrə Beynəlxalq Parlament Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Öyrənmə yoxsulluğunun aradan qaldırılması üçün innovasiyalar” mövzusunda keçirilən "Gənc deputatların qlobal təşəbbüsü" proqramının üçüncü toplantısında iştirak edən Könül Nurullayevaya məxsusdur.

Qeyd edək ki, 40 yaşına çatmamış parlamentarilərin və Dünya Bankının ekspertlərinin iştirakı ilə keçirilən virtual tədbir, bu gün dünyanın üzləşdiyi ən aktual problemlərdən birini – pandemiya ilə daha da pisləşən öyrənmə böhranını həll etmək üçün strategiyalar üzrə dialoq platforması rolunu oynayır. Tədbirdə Dünya Bankının təhsil üzrə qlobal direktoru Gayme Savedra, Dünya Bankının xarici və korporativ əlaqələr üzrə vitse-prezidenti Şeyla Redpezi, Gənc Deputatların Parlamentlərarası Birlik Forumunun prezidenti Sahar Albazar, Meksika Parlamentinin üzvü Sinzia Lopez Kastro, Rumıniya Parlamentinin üzvü Viktor Neqrosku, Nepal Parlamentinin üzvü Darma Ray Reqmi, Finlandiya Parlamentinin üzvü Sanni Qrahn-Laasonhen, Argentina Parlamentinin üzvü Brenda Varqas Matyi, İndoneziya Parlamentinin üzvü Dah Roro Esti Vidya Putri, Tanzaniya Parlamentinin üzvü Nima Kiçiki Luqanqira və digər önəmli qonaqlar spiker qismində iştirak ediblər. Toplantıda qeyd olunub ki, bu gün aşağı və orta gəlirli ölkələrdəki 10 yaşadək uşaqların 70%-i sadə mətni belə oxumaqda çətinlik çəkirlər və bu, çox ciddi problemdir.

COVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərini qeyd edən Könül Nurullayeva hesab edir ki, digər sahələrdə yaranmış problemlər müəyyən formada bərpa oluna bilər, ancaq təhsil çox dinamik və geri dönüşü olmayan bir sahə olduğundan uşaqların təhsilindəki çatışmazlıqların gələcəkdə bərpası mümkün olmayan fəsadlara yol açacağı istisna edilmir.

Deputat pandemiya dövründə Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirləri xatırladıb: “Teledərslərin təşkili ilə təhsilin əhatəliyi və əlçatanlığı təmin olundu, 1,6 milyon şagird tədrisə cəlb olundu. Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, "Virtual məktəb” layihəsi reallaşdı, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. Layihənin məqsədi yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək idi. Bunlarla yanaşı, mövcud vəziyyətlə əlaqədar olaraq ənənəvi keçirilən müxtəlif müsabiqə, yarışlar da virtual və onlayn formatda təşkil edildi.”

​K.Nurullayeva Azərbaycanda pandemiya dövründə məktəbəqədər təhsilin davamlılığı ilə bağlı tədbirləri də xatırladıb. Qeyd edib ki, "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə "Oynayırıq və öyrənirik” adlı teledərslərə start verilib. Uşaqlara mövzulara dair nəzəri məlumatlar verilməklə yanaşı, onların inkişafı üçün praktiki məşğələlər də təqdim olunurdu.
K.Nurullayeva həmçinin 2020-ci ildə 44 günlük müharibənin də təhsilə təsirsiz ötüşmədiyini qeyd edib. Belə ki, bu dövrdə cəbhəyanı bölgələrdə 444 məktəbin fəaliyyəti dayandırılıb.

Deputat hazırda ölkəmizdə öyrənmə yoxsulluğunun aradan qaldırılması ilə nəzərdə tutulan tədbirləri də diqqətə çatdırıb: “2020-ci ildə Prezident Sərəncamı ilə təsdiqlənən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na əsasən, fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi istiqamətində mexanizmlər müəyyən olunması, uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur. Eyni zamanda həssas qrupa daxil olan 18 yaşadək əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsil, sağlamlıq və sosial hüquqlarının təmin edilməsi istiqamətində tədbirlər görülməsi, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi fəaliyyət planının icrası üçün tədbirlər kimi nəzərdə tutulur.

Həmçinin, BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” layihəsi həyata keçirilir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd pandemiya nəticəsində öyrənmələrində ciddi boşluqlar yaranan şagirdlərin ehtiyaclarını yerlərdə müəyyən etmək, bu ehtiyacları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkar inkişafını təmin etməkdir. Bu məqsədlə milli qiymətləndirmə tədqiqatının nəticələrinə əsasən ən aşağı nəticə göstərmiş 6 rayonun, ümumilikdə 20 məktəbinin 842 şagirdinə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə ehtiyaclarına uyğun dəstək göstərilib.”

K.Nurullayeva pandemiya və postpandemiya dövrünün təhsil sistemini bir sıra çağırışlarla üz-üzə qoyduğunu və təhsil sistemində daha çevik və optimal məzmun və tədris strategiyalarının tətbiqi, innovasiyaların təşviq edilməsi ilə bağlı təşəbbüslərin ön plana çıxdığını qeyd edib: “Bütün təhsil pillələrində, xüsusilə ali təhsildə distant təhsil təcrübəsinin daha geniş tətbiq edilməsi, texnoloji təchizat və keyfiyyətli internet bağlantısının təmin edilməsi, həm təhsilalan, həm də təhsilverən şəxslərin rəqəmsal bacarıqlarının formalaşdırılmasına və təkmilləşdirilməsinə xidmət edən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi vacib istiqamətlərdən biridir.”

Ruhiyyə
Xəbəri paylaş