Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: "Cari ilin birinci rübünün yekunları gələcəyə böyük ümidlər bəsləməyə əsas verir"

Jalə Əhmədova: "Cari ilin birinci rübünün yekunları gələcəyə böyük ümidlər bəsləməyə əsas verir"


Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə bir sıra mühüm məqamlarla yadda qaldı.

Müşavirədə Prezident İlham Əliyev post münaqişə dövründə görülən işlərə diqqət çəkərək bildirdi ki, Azərbaycanda post münaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bölgədə yaranmış yeni reallıqları qəbul edib, eyni zamanda, Azərbaycana olan maraq daha da artıb. Bu maraq investisiya layihələrində öz əksini tapır.

Belə ki, təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verilib. Bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyulub,  470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək.

 Ölkənin iqtisadi göstəricilərindən danışarkən, Prezident İlham Əliyev bildirdi ki, birinci rübün yekunlarını əks etdirən rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Belə ki, Ümumi Daxili Məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çoxdur. Xarici ticarət dövriyyəmiz 60 faizdən çox, ixracımız isə təxminən iki dəfə artıb.

 Xarici ticarətimizdə müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Dünyanın əksər ölkələrində isə saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycana isə təkcə üç ayda 5,1 milyard dollar gəlib. Bizim ixracımız idxalı üstələyir.

Ölkəmizin vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox, gömrük orqanları isə 200 milyon manatdan çox vergi toplamışlar. Beləliklə,  Dövlət büdcəsi də profisitlə icra olunur.

Prezident İlham Əliyev mühüm bir məsələni də diqqətə çatdırdı ki, bütün bu  nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqlarımız da yüz faiz daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər yalnız podratçı kimi işləyir. Bizə heç kim heç bir yardım göstərmir.

 Cənab Prezident müharibədən sonra işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi məsələsinə də toxundu və bildirdi ki, basdırılmış minalardan 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Ölkə başçısı dünyada bu məsələ ilə məşğul olan  fondları, QHT-ləri, mütəxəssisləri ölkəmizə dəvət etdi. Bildirdi ki, Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf etdiriləcək. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar.

Cənab Prezident qarşıda dayanan vəzifələrdən danışarkən qeyd etdi ki, hazırda Azərbaycanda ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə özümüzü cəmi 25 faiz təmin edirik. Sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Azad edilmiş torpaqlarda indi böyük əkin işləri aparılır.

 Bundan başqa, şəhid ailələri, müharibə əlilləri üçün inşa edilmiş evlərin, mənzillərin sayı artır. Həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapacaq.

 Müşavirədə cənab Prezident vurğuladı ki, Şuşada icra olunan layihələr xüsusi əhəmiyyətə malikdir. Şuşa şəhərinin içməli su layihəsi prioritetdir. Çünki artıq Şuşada insanlar yaşayır. Şuşada yaşayış binaları da tikilir və tezliklə insanlar qayıdacaqlar. Ona görə Şuşanın içməli su layihəsi bu il tam istifadəyə verilməlidir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib. Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyulub. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Keçmiş poçt binasında isə “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək.

Gələn ay isə Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişdilər. Bu gün isə eyni zamanda, dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri dəvət olunub. Artıq bu ənənənə də bərpa olunub. Bundan başqa, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edib.

Jalə Əhmədova - Milli Məclisin deputatı
Xəbəri paylaş