Ölkələr arasındakı münasibətlərdə “yanlış siqnal” termini də var. Misal üçün Pekin Vaşinqtonun Tayvana “yanlış siqnal” göndərdiyini əsas tutaraq ada ətrafında hərbi təlimlərə başlayıb. Pekin “yanlış siqnal” dedikdə nəyi nəzərdə tutub?
ABŞ-ın 6 konqresmeni Tayvana səfər edib. Çin adanı özününkü sayır. Pekinin məntiqinə görə, amerikalı konqresmenlər adaya səfər etməklə Çinin Tayvanla birləşməsinə mane olmaq istəyirlər. Pekin Vaşinqtona etiraz məktubu göndərib. Məktubda yazılıb ki, “Vaşinqton Tayvan separatçılarına yanlış siqnallar göndərir, halbuki Çinə söz verilmişdi ki, ada dəstəklənməyəcək”. Vaşinqton açıq-aşkar Tayvan separatçılarına dəstəyini artırır. Bunun qarşılığında Çin aprelin 15-də hərbi təlimlərə başlayıb. Pekin bununla Ağ Evə demək istəyib ki, “Sizin siyasətiniz Çinə ada ətrafında hərbi təlimlər keçirməyə məcbur edib”. Halbuki, Çin böyük ehtimalla bu təlimlərə uzun müddət hazırlaşıb, sadəcə bunun üçün Pekinə zəmin lazım idi. Həmin “zəmini” də adaya səfər edən konqresmenlər verdilər. Təlimlər genişmiqyaslıdır, hərbi gəmilərlə yanaşı, bombardmançı və qırıcı təyyarələr iştirak edirlər.
ABŞ-ın Tayvanla rəsmi əlaqələri yoxdur. Buna baxmayaraq, Vaşinqton illərdir Tayvanı silah və hərbi texnika ilə təhciz edir. Ağ Ev açıq bəyan edib ki, Tayvanın Çinlə birləşməsinin əleyhinədir və buna imkan verməyəcək. Pekin Vaşinqtonun bu siyasətini ölkəsinə qarşı qəsd kimi qiymətləndirir. Co Baydenin prezidentliyi dövründə Ağ Evin Tayvana dəstəyi daha da artıb.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri