Ailədə kişinin qadına ev işlərinə görə əmək haqqının ödəməsi təklifinə münasibətim birmənalıdır.
Sözü gedən təklif natamamdı və ümumən insanlıq, qadın-kişi fəlsəfəsinə zidd yanaşmadır. Əvvəla qeyd edim ki, ədalət və sosial bərabərlik baxımından həmin o təklifin və ümimiyyətlə çox hallanan "gender bərabərliyi" deyilən anlayışın dağıdıcı qüvvəsinin tətbiqi yolverilməzdir. Təkcə bir fakt - əgər kişi ilə qadın bərabər hüquqludurlarsa onda, qadının (işçi) profilləşdirilməsi hansı məntiqə uyğundur. Ailə anlayışı, könüllülük, sevgi, bərabərlik prinsipidir, profilləşmə isə sadaladığım prinsiplərin öhdəliyə çevrilməsidir, yəni məcburətdir - deməli ailə də məcburi və öhdəlikli ittifaq görünüşü alır. Bu isə ö deməkdir ki, ailə anlayışı mahiyyətini dəyişir, o halda sual ortaya çıxır - belə ailə forması nəyə və kimə lazımdır? Məqsəd ali insan birliyini - ailə məfununu məhv etməkdirsə, təklif olunan belə qaydaların tətbiqi o nəticəni verə bilər. Yox əgər, məqsəd o deyilsə onda, evdar qadınlara dövlət tərəfindən analıq, evdarlıq müavinətlərinin verilməsi ailəyə sosial dəstəklə yanaşı həm də, ailə bağlılığını gücləndirər və bu üsul dəstəklənməlidir.
Yeri gəlmişkən, çoxları "gender bərabərliyi" anlayışının mahiyyətini anlamır. Bu prinsip özündə qadın və kişi arasında bir başa bərabərliyi təbliğ etmir. Gender bərabərliyi haqqında vikipedik məlumatdan bu fərqi görmək mümkündür:
"Gender bərabərliyi Bəhai dininin fundamental təlimlərindən biridir. Qadın və kişi bərabərdir və cinslərin bərabərliyi ruhani və mənəvi bir meyardır ki, planetin birləşməsi və sülhün bərqərar olması üçün zəruridir. Bəhai təlimlərində bu prinsipin fərdi, ailəvi və cəmiyyətin həyatında həyata keçirilməsinin vacibliyi qeyd edilir. Bəhai təlimləri kişi və qadının tam şəkildə ruhani və sosial bərabərliyini təsdiq etsə də, bərabərlik anlayışı eyniliyi nəzərdə tutmur, cinslərin özünə xas aspektləri və ya həyatın müəyyən sahələrində səciyyəvi xüsusiyyətləri var."
Odur ki, qadın və kişi, hər kəs onun üçün həyatda əzəldən müəyyən edilmiş özünəməxsus mahiyyətinə uyğun funksiyasını yerinə yetirməlidir. Qadın və kişinin Allahdan, təbiətdən gələn özəlliklərin qorunması, ümumən insanlıq sivilizasiyasının mühafizəsi deməkdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq, hüquqşünas