"Brüssel sülh gündəliyində bütün bəndlər Azərbaycanın maraqlarına uyğundur. Rəsmi İrəvan da bu şərtləri qəbul etməyə məcburdur. Bu günlərdə Ermənistan Parlamentində Qarabağdakı separatçı rejimin “bayrağı” ilə bağlı yaşanmış qalmaqal, Seyran Ohanyanın “bayrağı” parlamentin tribunasından atması göstərdi ki, əslində erməni əsilli Azərbaycan vətəndaşlarının status məsələsi rəsmi Bakının tələbinə uyğun olaraq gündəlikdə yoxdur".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkilinin sözlərinə görə, faktiki separatçı qurumun iddiaları indi Ermənistan hakimiyyətinin özü üçün əlavə problemdir və Brüsseldə aparılan danışıqlarda da aydın oldu ki, Paşinyan hökuməti də status, muxtariyyət, müqəddərat kimi absurd iddialara görə sülh mühitini pozmaq niyyətində deyil:
"Bunu Paşinyan Ermənistan Milli Assambleyasının iclasında da dilə gətirdi və “bu gün beynəlxalq ictimaiyyət bizə deyir ki, status ilə bağlı tələblərinizi bir az aşağı salın ki, Ermənistan və Qarabağ ətrafında böyük beynəlxalq konsolidasiya təmin olunsun” söylədi. Paşinyanın bu mövqeyi əslində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacağının anonsu kimi də şərh etmək olar".
Könül Nurllayeva diqqətə çatdırıb ki, erməni mətbuatında da “Ter-Petrosyan qapalı iclaslar keçirəndə deyirdi ki, biz kimik, Qarabağı saxlaya bilək? İndi eyni şeyi Paşinyan deyir” etiraflarına rast gəlirik:
"Əslində separatçı rejim də məsələnin fərqindədir. Xankəndidə Rusiyaya birləşmək arzularının gündəmə gəlməsi, Araik Arutunyanın bu günlərdə sabiqlərlə - Arkadi Qukasyan və Bakщ Saakyanla bir araya gələrək çıxış yolları axtarması təsadüfi deyil. Aydın olur ki, separatçı rejim Ermənistan hökumətinə olan ümidini itirib və Moskvadan imdad diləyir. Amma sülh razılaşması ərafında formalaşmış beynəlxalq rəy onu göstərir ki, Qarabağdakı separatçıların status məsələsi Qərbin və Rusiyanın marağında deyil. Prezident İlham Əliyev də bu günlərdə Xankəndidə qazın nəqli ilə bağlı ermənilərin yaratdığı şouya münasibət bildirərkən bir daha bəyan etdi ki, biz qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər: “Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq”. Əslində Xankəndidəki ermənilər bu reallığı dərk etməlidir ki, bu gün heç kim Azərbaycanı heç nəyə məcbur edə bilməz. Bütün şərtləri Azərbaycan diktə edir, bütün reallıqları rəsmi Bakı formalaşdırır".
Ruhiyyə