Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibə Rusiyanın mistik gücü haqqında təsəvvürləri yerlə yeksan etdi

Müharibə Rusiyanın mistik gücü haqqında  təsəvvürləri yerlə yeksan etdi


Putin Rusiyası Ukraynanı hansı vasitə ilə olursa olsun öz təsir dairəsinə almaq üçün bütün vasitələrə əl atmışdı. Şərqi Ukrayna ərazilərinin və Krımın müqavimətsiz işğalı onun iştahına yeni stimul verdi. Ukraynanın yeni, sivil dünyaya inteqrasiyaya cəhdləri isə prosesləri Putinin bu günkü hərbi avantürasını reallaşdırmağa doğru apardı.

Bəs, ümumiyyətlə, Putinin postsovet məkanında işğal və təsir altında saxladığı ərazilər onun nəyinə lazım idi? Öz xalqını saxlamaqla işqal olunan ərazilərə milyardlarla vəsait xərxləməyin hədəfi nə idi? Putin nəyə can atırdı və bu müharibə labüd idimi?

İlk olaraq qeyd edək ki, bəli, müharibə labüd idi. Həlledici qarşıdurma proqnozu həm kəşfiyyat məlumatları, həm də məntiqi təhlillə təsdiq edilirdi.

Xatıqlayaq ki, “şər imperyası” olan SSRİ-nin çöküşündən sonra sivil dünya Rusiyanı iqtisadi baxımdan dağılmaqdan və federativ dövlət olaraq etnik əsasda parçalanmadan qorumaq üçün o dövr üçün həlledici sayıla biləcək hər cür dəstəyi verdi. Moskvada Parlament binasının sivil dünyanın susqun razılığı ilə top atəşinə tutulması və etirazçıların linc edilməsi, Yeltsini Yandarbiyevlə bir stol arxasında oturmağa məcbur edən etnik zəmində Çeçen müstəqillik savaşı kimi bir ocağın söndürülməsi, Cövhər Dudayevin və digər milli savaş komandirlərinin fiziki məhvi, “Windows” və digər proqramların “pirat” versiyasında Rusiyada pulsuz yayılmasına göz yumulması və s., böyük investisiyalar və Rusiyanı parçalanmadan qorumağa yönəlik geniş diapozonda yardım prosesinin yadda qalan və üzdə olan komponentləri yaxın tariximizdə orta və yaşlı nəslin şahidlik etdiyi hadisələrdəndir.

Görünən odur ki, Rusiyanın bu günkü aqressiyasının əsasında “itirilmiş mövqe sindromu”nun (lost position syndrome), itirilmiş hegemon mövqenin və fövqəl dövlət nostalgiyasının yaratdığı iddialar dayanır. Ötən əsrlərdə çökən imperiyaların yerində bu gün dünyaya örnək ola biləcək sivil dövlətlər yaransa da, təəssüf ki, Rusiya isə bu sindromdan qurtula bilmədi. Rusiya bir az dirçələn kimi köhnə xroniki xəstəliyin residivi kimi hegemonluq ambisiyaları baş qaldırdı və reallıq hissini itirmiş diktatorda özünə vurğunluq hissi yaranmağa başladı. Kaprizlik, beynəlxalq hüquqa və konvensiyalara sayğısızlıq, epizodik işğal faktları ilə təhdid siyasəti və bu cinayət tərkibli fəaliyyətin cəzasız qalması Putinin əl qolunu aşmağa başladı. Bir qayda olaraq, avtoritar cəmiyyətlərdə birinci şəxsin ətrafında onu psixoloji komfortda saxlayan komanda toplanır. Onlar diktatoru ilahiləşdirir, onu reallıqdan uzaqlaşdırır, arxayın salır və yaranmış mühitdə öz korporativ maraqlarını həyata keçirirlər. Rusiyada məhz analoji anomal proseslər öz apogeyinə çatanda SSRİ-nin çöküşü ilə itirilmiş mövqeləri bərpa etmək kimi, fövqəl dövlət qurmaq kimi cəfəng və təhlükəli strategiyaya start verildi (Avrasiya ittifaqı yaradıldı, Ukraynanı özünə qatmaq üçün Yanukoviçə 15 milyard dollar pul ayrıldı və s.). Putin və Rusiya dövlət başçısına müşavirlik edən institutlar və mərkəzlər öz güçünü bu sindromdan qurtulmaq fəaliyyətinə səfərbər etmək, Rusiyanın mövcud ərazilərini qoruyub saxlamaq, onu demokratikləşdirmək, ictimai-siyasi həyatı müasir dünya standartlarına uyğunlaşdırmaq, azad, divertikasiyalı güclü iqtisadiyyat qurmaq əvəzinə, tamamilə yanlış, Rusiyanın bu günkü dövlətçiliyi üçün fatal nəticələr yaradacaq yola qədəm qoydular. Putin Rusiyanın demokratikləşdirib onu iqtisadi cəhətdən inkişaf etmiş böyük dövlətə çevirə və Rusiya tarixində böyük şəxsiyyət kimi qala bilərdi. Lakin o özünü məhvə aparan yolu seçdi.

Nəticə isə göz qabağındadır. Əslində, məhz Putinin kriminal təfəkkürə malik olması da bu proseslərin məhək daşı və yönətimi oldu.
Rusiyaya belə fövqəldövlət qurmaq lazım idimi? Əlbəttə ki, xeyr. Dərk etmək lazım idi ki, təbii resursların satışı ilə “dolanan” SSRİ-nin çöküşü ilk növbədə iqtisadi çöküş oldu. Orta və yaşlı nəsil yaxşı xatırlayır ki, mövcudluğu dövründə sovet insanının həyat səviyyəsi qərb insanından həmişə aşağıda dayanıb. Məhz SSRİ iqtisadi cəhətdən yanlış və zorakılıq üzərində qurulmuş, azad fikrə, düşüncəyə, təşəbbüsə qənim kəsilmiş xalqlar həbsxanası idi. Qeyd edək ki, bu günkü Rusiya da analoji stereotiplərlə yaşayır. Təəssüflər olsun ki, postsovet məkanda hələ də sovet nostalgiyası ilə yaşayan zavallı adamlar, onların təbliğat ruporları mövcuddur. Qətiyyətlə bildirməliyəm ki, bu gün Ukraynanın yanında dayanmaq, onun haqq davasını dəstəkləmək əvəzinə, Zelenskini səhv etməkdə suçlamaq və Putin Rusiyasına loyallıq göstərmək, onun bəşəri cinayətlərinə göz yummaq Azərbaycanın milli təhlükəsizliyinə potensial təhdiddir, milli maraqlarına xəyanətdir və insanlarımıza şüuraltı təslimçilik ruhu aşılamaqdır.

Ukrayna ərazisində gedən savaş sivilizasiyasını qorumağa, xalqların azadlığına yönəlik həlledici savaşdır. Ukraynaya tarixdə analoqu olmayan qərb dəstəyi məhz buna görədir.

Bu, həm də Azərbaycan xalqının azadlığına, ərazi bütövlüyünün və suverenliyinin bərpasına yönəlik müqəddəs savaşdır.

Ukrayna strateji kəşfiyyat məlumatlarını müharibədən əvvəl (xüsusilə, 2014-cü ildən bəri) alırdı, taktiki kəşfiyyat məlumatlarını isə müharibə dövründə real zaman rejimində alır və bu onun qələbəsini şərtləndirən əsas amillərdəndir. Rusiyaya qarşı açılan ikinci cəbhə (iqtisadi sanksiyalar) da Ukraynanın qələbəsini yaxınlaşdıran və Rusiyaya yönələn sarsıdıcı tədbirlərdəndir.

Müharibə Rusiyanın mistik gücü haqqında təsəvvürləri yerlə yeksan etdi və reallıqda rus hərb maşınının miskin durumda olmasını dünyaya göstərdi, psixoloji baryer dağıldı. Ukrayna xalqının əyilməz ruhu və vətən əxlaqı ilə Rusiya yırtıcıdan şikara çevrilir.

Putin və komandası bəşər tarixinə hərbi canilər kimi düşəcəklər. Hələ hakimiyyətinin ilk illərində Putin Çeçenistanda apardığı soyqırımı ört-basdır etmək üçün Moskvada heksogenlə partlayışlar törətməyə başladı, yüzlərlə günahsız insanın həyatına son qoydu. 23-26 oktyabr 2002-ci il tarixində Dubrovka (Nord-ost) faciəsində FSB əməkdaşlarının qeyri-peşəkar əməliyyatı da (yuxu gətirən qazın aşırı dozasının tətbiqi ilə yüzlərlə mülki şəxsin həyatını itirməsi) bu qəbildən olan bəşəri cinayətlərdəndir. Bütün bunlar da Ukraynadakı antibəşəri cinayətlər kimi Beynəlxalq Haaqa tribunalının materialları sırasına daxil edilməlidir.

Putin öz hakimiyyəti dövründə sıravi rusiyalıların məhrumiyyətlərini onların milli hissləri ilə oynamaqla örtə bilmişdi. Bu günkü Rusiya cəmiyyətində Stolkholm sindromu (Stockholm Syndrome - zorakılıq tətbiqi hadisəsi zamanı qurbanla aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı, müdafiə-təhtəlşüur xarakterli travmatik əlaqəni təsvir edən formalaşan münasibətlər sistemidir) hökm sürməkdədir. Lakin çox yaxın dövrdə bu sindromun da enerji yükü boşalacaqdır.
Yaşasın Ukrayna və onun şanlı Silahlı qüvvətləri!

Ukraynanın azadlığı, ərazi bütövlüyü və suverünliyi uğrunda şəhid olan qəhrəmanlara əbədi eşq olsun!

Adil Qeybulla
Xəbəri paylaş