Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması xalqımıza milli özünüdərk duyğusu gətirdi

Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması xalqımıza milli özünüdərk duyğusu gətirdi


Azərbaycanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə maddənin daxil edilməsi azərbaycançılıq ideologiyasının möhtəşəm təntənəsi kimi o zaman çox böyük əks-səda doğurmuşdu. Sovetlər Birliyinin sərt mühitində belə bir addımı yalnız Heydər Əliyev kimi böyük dahi, müdrik şəxsiyyət və rəhbər ata bilərdi.

1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası Azərbaycan SSR-nin yeni konstitusiya layihəsini hazırladı və ümumxalq müzakirəsinə verdi. Ümumxalq müzakirəsindən sonra 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırış, növbədənkənar VII sessiyasında Heydər Əliyev "Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə etdi. Bu Konstitusiya SSRİ-nin yeni Konstitusiyası əsasında hazırlansa da, orada respublikanın milli, iqtisadi, siyasi və tarixi xüsusiyyətləri də öz əksini tapmışdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasına daxil edildi. Konstitusiyanın 73-cü maddəsində göstərildi ki, “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Ulu Öndər Heydər Əliyev 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında demişdi: "Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

Bu siyasətin məntiqi nəticəsi kimi kommunist ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər Əliyev Azərbaycana milli özünüdərk duyğusu gətirdi. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuş oldu.

Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Çünki Heydər Əliyev yaxşı bilirdi ki, hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısı, onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verən Ümummilli Lider Azərbaycan dilinin adını da özünə qaytardı. Belə ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.

Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq, 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdı. Həmin Fərman ana dilimizin qorunması ilə bağlı bir sıra məsələləri özündə ehtiva edirdi. Bu Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu isə, Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin, onun tətbiqinin, qorunmasının və inkişaf etdirilməsinin qayğısına qalır və onun dövlət dili kimi hüquqi statusunu müəyyən edir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş