Bu gün Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, ölkələr arası münasibətlər sistemində diaspor təşkilatlarının özünəməxsus yeri var:
"Dünya azərbaycanlılarının əvvəlki 4 qurultayı 2001-ci ildən başlayaraq Bakı şəhərində keçirilib. Hər bir qurultayda, həmin dövrün tələblərinə müvafiq olaraq, Azərbaycan dövlətinin və diaspor təşkilatlarının qarşısında duran vəzifələr müəyyənləşdirilib və icrası təmin edilib. Nəticədə, dünyanın 60-dan yuxarı ölkəsində təşkilatları formalaşıb.
Təsadüfi deyil ki, 2020-ci ilin Tovuz hadisələrindən sonra soydaşlarımız Amerika qitəsindən tutmuş, Avropanın, Asiyanın siyasi paytaxtlarında, iri şəhərlərində aksiyalar keçirməklə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdılar. Ermənilərin iç üzünü açmaqla geniş tarixi təcrübəyə malik olan çoxsaylı erməni diaspor təşkilatlarına layiqli cavab verdilər. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi əlamətdar və tarixi hadisədir".
Deputat vurğulayıb ki, Şuşa şəhəri hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edir:
"Bu baxımdan Qurultayın Şuşada keçirilməsinin siyasi əhəmiyyəti danılmazdır.
2022-ci il Prezident İlham Əliyev tərəfindən "Şuşa ili" elan olunub.
Türk Dövlətləri Təşkilatı isə 2023-cü ili Şuşanı Türk Dünyasının mədəniyyət paytaxtı seçib.
Ötən ilin 15 iyununda Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında tarixi "Şuşa Bəyannaməsi" imzalandı.
Bu yaxınlarda Milli Məclisin komitələrinin birgə iclası Şuşada keçirildi və analoji tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Ölkəmizə səfərə gələn çoxsaylı xarici qonaqların, diplomatik korpus nümayəndələrinin bölgəyə səfərləri təşkil olunur.
Beşinci qurultayda 65 ölkəni təmsil edən 400 nümayəndənin hər biri yaşadığı ölkənin ictimai-siyasi həyatında, biznes sahəsində özünü təsdiq etmiş aktiv insanlardır. Tarixi qələbədən sonra onların həyatında da əhəmiyyətli dəyişikliklər baş verib. Harada yaşamaqlarından asılı olmayaraq, torpaqların azad olunmasından böyük qürur hissi keçirirlər. Eyni zamanda, onlar 30 illik işğal dövründə erməni vandallarının törətdikləri vəhşilikləri, Azərbaycanın apardığı bərpa-quruculuq işlərini öz gözləri ilə görmək imkanı əldə edəcəklər, ölkələrinə qayıtdıqdan sonra isə, KİV və sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətini məlumatlandıracaqlar. Bu da, təbii olaraq, dünya erməniliyinin apardığı saxta təbliğata verilmiş cavabdır".