Putinin sərəncamı ilə Rusiya ordusunun 64-cü əlahiddə motoatıcı briqadasına "qvardiya" fəxri adı verilib. Söhbət Ukraynanın Buça şəhərində mülki əhaliyə qarşı kütləvi qətllər və digər hərbi cinayətlər törətməkdə ittiham olunan hərbi birlikdən gedir.
Buçada hələlik azı 412 mülki şəxsin qətlə yetirildiyi artıq təsdiqlənib və faktla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin (Haaqa Tribunalı) böyük ekspert qrupu hadisə yerində işləyir. Rusiya ittihamları inkar edərək onu ukraynalıların törətdiyini iddia edir. Bu günlərdə xarici işlər naziri Sergey Lavrov bu fikri bir neçə dəfə təkrarladı.
Ümumiyyətlə, Rusianın davranışı artıq bütün normalardan kənara çıxıb və bu da anlaşılandır. Moskva ona qarşı irəli sürülən ittihamları heç cür qəbul edə bilməz, çünki orada düşünürlər ki, bu halda özlərini beynəlxalq tribunala təslim etmiş kimi olardılar.
Bəs əslində vəziyyət necədir: Rusiya inadkar inkarçılığı davam etdirməklə törətmiş olduğu cinayətlərə görə məsuliyyətdən qaça biləcəkmi? Bunun üçün həmin cinayətlərə görə məsuliyyətin nədən ibarət olduğunu qısaca nəzərdən keçirməliyik.
İlk növbədə bu, cinayət törətməkdə ittiham olunan ayrı-ayrı fərdlərə qarşı irəli sürülmüş ittihamlardan irəli gələn cəzadır. Məsələn, keşmiş Yuqoslaviyada olduğu kimi. Orada hakimiyyət dəyişdikdən sonra Haaqa Tribunalına təkcə Bosniya serblərinin liderlərini deyil, Yuqoslaviya prezidenti olmuş Miloşeviçin özünü də təslim etdilər.
O zaman Qərb ölkələri buna yalnız hərbi cinayətkarlar təslim ediləcəyi halda Serbiyaya tətbiq olunmuş sanksiyaların qaldırıacağı şərtini irəli sürməklə nail ola bilmişdilar. Deməli, Rusiyaya tətbiq olunmuş sanksiyalar da gələcəkdə bu yolda işə yaraya bilər.
Bunu Rusiya rəhbərliyi də yaxşı anlayır, ona görə də müharibə cinayətkarlarını mükafatlandırmaqla təkcə "dünyaya əlcək atan lider" rolunu oynamır, həm də gələcək sövdələşməyə təklif edəcəyi qurbanların qiymətini indidən qaldırmaqla məşğuldur.
Məhkəmə araşdırması predmeti ola biləcək digər bir məsələ Ukraynaya vurulmuş ziyana görə cərimələrin (reparasiya və kontribusiyaların) ödənməsi ola bilər ki, bu məsələ də faktiki öncədən həll olunmuş kimi görünməkdədir. Həbs və sanksiyalar tətbiq olunmuş Rusiyaya aktivlərinin hesabına.
Amma bu müharibədə Rusiya üçün ən ağır itki Ukraynanın itirilməsi olacaq və o, artıq baş verib. Özü də Rusiyanın ən yumşaq halda "cinayətkar səhv" adlandırıla biləcək mürtəce siyasəti səbəbindən. Burda da söhbət təkcə qətllərdən və insanlığa qarşı törədilmiş digər cinayətlərdən getmir.
Onlar var və şübhəsiz ki, insan həyatına, insanlığa qaşı törədilmiş cinayətlər müharibələrə münasibətin formalaşmasında heç də sonuncu rolu oynamır. Əksinə, bunlar xüsusilə də müasir dünyada həlledici amillərdir. Amma qeyd etdiyim kimi, Rusiyanın cinayətləri təkcə bunlardan ibarət deyil.
Moskvanın müharibə taktikası başdan-başa cinayətlərdən və fatal səhvlərdən ibarətdir ki, bunlar da özünün həm qısa, həm də uzun vadəli nəticələrini hələ xeyli göstərəcəkdir. Söhbət Rusiya üçün xoşagəlməz nəticələrdən gedir şübhəsiz ki.
Keçmiş SSRİ-də ikinci sənaye respublikası olmuş Ukraynanın iqtisadi, o cümlədən də sənaye infrastrukturunu dağıtmaqla Rusiya Kiyevin gələcəkdə bütün parametrlər üzrə ondan uzaqlaşmasının və bununla da ona qarşı istifadəsinin bünövrəsini öz əllərilə qoymaqdadır.
Müharibənin nəticələrindən asılı olmayaraq Ukrayna bərpa olunacaq, amma onun Rusiyanın yanlış müharibə taktikası sayəsində dağıdılmış infrastrukturu gələcəkdə artıq tamamilə fərqli standartlara (Qərb, Avropa) uyğun bərpa olunacaq.
Bu isə Ukraynanın Rusiyadan təkcə hüquqi və siyası deyil, həm də iqtisadi model və standartlar üzrə uzaqlaşması demək olacaq. Buna birdəfəlik (strateji) uzaqlaşma da demək olar. Rusiyanın rəqibləri onun özünün yaratdığı bu şansı əldən verməyəcəklər əlbəttə.
Üstəlik də indi bunu reallaşdırmaq da asan olacaq. Belə ki, bunun üçün vəsaitlər (yuxarıda göstərdiyim kimi) həbs qoyulmuş, dondurulmuş Rusiya ehtiyatlarından götürüləcək, onun hüquqi əsasları isə öz həllini artıq tapıb.
Buna əsas manelər yaradan bürokratik əngəllər ABŞ Konqresində "Ukrayna üçün Lend-Lease Aktının" qəbulu ilə faktiki aradan qaldırılıb. Formal olaraq "Lend-Lease" ABŞ prezidentinə bu və ya digər müttəfiq ölkələrə bürokratik mərhələlərdən keçmədən birbaşa hərbi və digər yardımlar göstərmək səlahiyyəti verir.
Əslində isə Lend-Lease Aktının tətbiq olunma dairəsi və imkanları daha genişdir. Bundan da şübhəsiz ki, ABŞ hərtərəfli istifadə edəcək, özü də təkcə Rusiyaya qarşı deyil. Çox güman ki, həm də Vaşinqtonla münasibətlərində hələ də anlaşılmazlıqlar olan kontinental Avropa müttəfiqlərinə yönəlik də.
Rusiya isə öz yanlış hərbi dəyərləndirmə və taktiki səhvləri üzündən Ukraynada qazandığı məğlubiyyətlərini davam etdirməkdədir. Kiyevi "nasistlərdən azad etmək" xülyası iflasa uğrayan Moskva indi də bütün gücünü Şərqi Ukraynanın Qara dəniz sahili zolağını işgal etməyə və ilhaq etdiyi Krıma quru yolu açmağa yönəldib.
Anlamayaraq ki, o, Ukraynanı artıq çoxdan itirib. Amma bunun da səbəbi var: Rusiyanın faşist "Rus dünyası" doktrinasının hədəfində olan ilk ölkə elə Ukrayna idi. Rus faşizminin ideoloqları ukraynalıların assimilyasıyaya uğradılaraq həmin "Rus dünyasına" qatılmasını nəzərdə tuturdular.
Amma belə görünür ki, faşizm bu dəfə də keçmədi.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri