Bu il ərzaq buğdasına çıxış idxalatçı ölkələr, o sıradan da Azərbaycan üçün problemli olacaq. Çünki bir tərəfdən dünya bazarında buğdanın qiymətinin bahalaşması davam edir, digər tərəfdən ixracatçı ölkədələ xaricə satışa qadağalar qoyurlar. Qiymətlərin bahalaşmasını şərtləndirən amillər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində təcazüvə məruz qalan ölkədə istehsal imkanlarının azalması və əsas ixracatçı ölkələrdə satışa tətbiq edilən qadağalardır. Bugünlərdə Hindistan əsas taxıl məhsullarının ixracını qadağan etdikdən sonra beynəlxalq bazarlarda buğdanın qiyməti yenidən qalxıb. Çikaqoda etalon buğda indeksi 5,9 faizə qədər yüksəlib ki, bu da son iki ayın ən yüksək göstəricisidir.
Hindistanda İxrac qadağası buğda məhsullarını vuran isti dalğasının daxili qiymətləri rekord həddə çatdırmasından sonra qoyulub.
Yeri gəlmişkən qeyd edim ki, Hindistandan öncə Rusiya buğdanın ixracına iyunun 30-dək qadağa qoyub, Qazaxıstan isə ixrcata kvota tətbiq edib, Çində də buğda ixracı qadağa olunub. Adı çəkilən ölkələr Azərbaycan üçün potensial tərəfdaşlar sayılırdı.
Son aylarda dünya əmtəə bazarlarında buğdanın qiymətinin qalxması nəticəsində çörək və tortdan tutmuş əriştə və makarona qədər hər şeyin qiyməti bahalaşıb.
Bəzi ölkələrdə, o sıradan İranda unun qiymətinin bahalaşması kütləvi etiraz aksiyalarına gətirib çıxarıb.
Azərbaycan dünya bazarında yaranmış durumu düzgün qiymətləndirməli və taxıl təhlükəsizliyi üçün vaxtında qərarlar qəbul etməlidir. Heç şübhəsiz ki, bu ilki idxal qiymətləri əvvəlkindən yüksək olacaq və odur ki, Azərbaycanda da istehlakçılar yeni qiymət artımına hazırlaşmalıdırlar.
Qubad İbadoğlu-iqtisadçı