Yaxın-uzaq tariximizin ən şərəfli günlərindən biri olan 28 May - Müstəqillik Günü yaxınlaşdıqca Azərbaycan xalqını və dövlətimizin başçısını təbrik edən dünya liderlərinin sayı gündən-günə artır. Bu təbrik məktubları arasında ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu heç şübhəsiz ki, xüsusi əhəmiyyətə malikdir.
Məktubun əhəmiyyətliliyi bir sıra önəmli məqamlarla bağlıdır. Bunu Baydenin son məktubunun əvvəlki məktublarından ciddi şəkildə fərqlənməsindən də görmək mümkündür. Əvvəlki məktublar daha çox formal protokol xarakteri daşıyırdı. Lakin sonuncu məktubunda isə Amerika Birləşmiş Ştatlarının lideri ənənəvi diplomatik ritorikanın çərçivələrindən kənara çıxaraq, ABŞ və Azərbaycan münasibətləri ilə bağlı bir sıra çox ciddi məqamlara toxunub.
Budəfəki məktub ilk növbədə Ağ Ev rəhbərliyinin Azərbaycana qarşı yeni yanaşmasının göstəricisi kimi dəyərləndirilməlidir. Yaxın keçmişə ekskurs etsək görərik ki, son 30 ildə ABŞ-Azərbaycan münasibətləri heç də hamar və neqativsiz olmayıb. ABŞ prezidentləri bir çox hallarda Azərbaycana munasibətdə “ikili standartlar” siyasətindən çıxış ediblər. Xüsusən də artıq tarixə qovuşan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 28-29 il ərzində ABŞ ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr ölkə kimi Azərbaycana qarşı heç də ədalətli mövqe tutmayıb.
Birləşmiş Ştatlar ənənəvi olaraq “demokratiya” və “insan haqları”nı bəhanə edərək Azərbaycana qarşı daim təzyiq göstərməyə və bu yolla özünün bölgədəki geosiyasi maraqlarını təmin etməyə çalışıb. Lakin indi reallıqlar dəyişib. Daha doğrusu, Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad etməklə Cənubi Qafqazda yeni reallıqlar yaradıb.
Artıq nə “Dağlıq Qarabağ münaqişəsi” adlı münaqişə var, nə ermənilərin maraqlarına xidmət edən “status-kvo” vəziyyəti var, nədəki bu vəziyyətin qorunub saxlanmasına himayədarlıq edən, dəstək verən ATƏT-in Minsk Qrupu var. Bu qrup artıq formal quruma çevrilib və de-fakto mövcud deyil. ABŞ rəhbərliyi də heç şübhəsiz ki, bu yeni reallıqların fərqindədir və hazırda bu yeni reallıqlara adekvat siyasət yürütməyə başlayıb. Baydenin sözügedən təbrik məktubunda da məhz yeni siyasətin konturlarını müşahidə edirik.
Biz ABŞ-ın Azərbaycana münasibətdə yeni yanaşmasını təqdir edirik və ümid edirik ki, Ağ Evin xarici siyasət kursunu müəyyənləşdirən şəxslər bundan sonra ermənipərəst yanaşmalardan tamamilə imtina edəcəklər. Xüsusən də Dövlət Departamentinin strateqləri ənənəvi ermənipərəst siyasətin ötən 30 il ərzində ABŞ-Azərbaycan münasibətlərinə nə qədər ağır zərbə vurduğunun fərqində olmalıdırlar.
Bu da etiraf edilməlidir ki, erməni lobbisinin maraqlarına uyğun yürüdülən siyasət Birləşmiş Ştatlara əslində heç nə qazandırmadı. Əksinə, 44 günlük müharibədən sonra bu siyasət tamamilə iflasa uğradı. Görünən budur ki, Bayden də bu həqiqəti dərk edir və ona görə də ABŞ-ın Azərbaycana qarşı münasibətində müsbət kontekstdə dəyişikliklər etməyə başlayır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri