Dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi vergi sisteminin yeni çağırışlara uyğun olaraq təkmilləşməsini zəruri edir. Bu baxımdan ölkəmizdə vergi sahəsinin innovativ inkişafı üçün müasir mexanizmlər yaradılır. Azərbaycanın vergi sistemi transsərhəd vergitutma sahəsində mövcud olan beynəlxalq standartlara uyğunluğu, transfer qiymətlərinə nəzarət sahəsində görülən işlər, BEPS Planının mahiyyəti və onun həyata keçirilməsinin ölkəmizə faydaları və digər məsələləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayevlə müzakirə etdik.
- Orxan müəllim, rəhbərlik etdiyiniz baş idarənin yeni strukturu bu il təsdiq edilib. Beynəlxalq vergitutma sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?
- 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin yeni strukturu təsdiq edilib. Baş idarənin tərkibində 4 şöbə fəaliyyət göstərir: Beynəlxalq əlaqələr şöbəsi, Beynəlxalq vergitutma şöbəsi, Beynəlxalq məlumat mübadiləsi və vergi monitorinqi şöbəsi və Transfer qiymətləri və elektron ticarətə nəzarət şöbəsi.
Baş idarənin əsas fəaliyyət istiqamətlərindən biri beynəlxalq təşkilatlar və xarici vergi administrasiyaları ilə vergi sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın həyata keçirilməsidir.
Dövlət Vergi Xidməti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA), Fiskal Sənədləşmə üzrə Beynəlxalq Büro (İBFD), Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlarla vergi sahəsində sıx əməkdaşlıq edir.
Qloballaşan iqtisadiyyatda ölkəyə birbaşa investisiyaların cəlb edilməsində ikiqat vergitutmanın aradan qaldırılması sazişlərinin əhəmiyyəti böyükdür. Belə ki, qeyri-rezidentlər ölkəyə investisiya yatırmazdan əvvəl onların həmin ölkədə əldə etdikləri gəlirlərin iki dəfə vergiyə cəlb edilməsini aradan qaldıracaq müvafiq beynəlxalq müqavilələrin mövcudluğuna önəm verirlər. Bu baxımdan, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər üzrə xarici ölkələrin səlahiyyətli orqanları ilə danışıqların aparılması, saziş layihəsinin maddələrinin ölkənin iqtisadi mənafeyinə uyğun qarşı tərəflə tam razılaşdırılması baş idarənin əsas prioritetlərindəndir.
İkiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlərin tətbiqi ilə bağlı müvafiq inzibatçılıq Qaydalarının beynəlxalq normalara və standartlara uyğun olması üçün vaxtaşırı yenilənməsi və aktual qalması vacibdir. Qaydalara uyğun olaraq edilən bir çox ərizə müraciətlərinə baş idarə tərəfindən rəy verilir. Bu günə qədər vergi sahəsində ümumilikdə 94 beynəlxalq müqavilə bağlanılıb və onlardan 55-ni ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər təşkil edir. Hazırda ikiqat vergitutma sazişlərinin əhatə dairəsinin genişləndirilməsi üçün Yaponiya, Hindistan, Slovakiya, Portuqaliya və digər ölkələrlə müvafiq müqavilələrin bağlanması istiqamətində işlər görülür. Həmçinin, “Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 12 ikitərəfli və 5 çoxtərəfli, “Vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq haqqında” 9 ikitərəfli və 1 çoxtərəfli, “Əməkdaşlıq haqqında” 9 ikitərəfli və “Məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında” 3 ikitərəfli müqavilələr imzalanıb.
- Bu gün DVX-nın mühüm fəaliyyət istiqamətlərindən biri beynəlxalq məlumat mübadiləsinin həyata keçirilməsidir. Qloballaşan dünyada belə mübadilə sistemində iştirak etmək ölkəmizə nə verir?
- Beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Bu Konvensiya çərçivəsində ölkəmiz 137 ölkə ilə müvafiq məlumatların mübadiləsini həyata keçirir və nəticədə geniş miqyaslı vergi məlumatlarına çıxış əldə edir. Qeyd etmək istərdim ki, sözügedən çoxtərəfli saziş ölkədə vergitutma bazasının qorunması, vergidən yayınmanın qarşısının alınması və mənfəətin digər ölkələrə köçürülməsinə dair mübarizənin aparılmasına xidmət edir.
2017-ci ildə yuxarıda adıçəkilən Konvensiya əsasında “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya, 2021-ci ildə isə “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulmuşuq. Həmçinin, 2015-ci ildə Azərbaycan Respublikası ilə ABŞ hökuməti arasında Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş imzalanıb.
Ölkəmizin sıx qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin olduğu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrlə də məlumat mübadiləsi prosesi qurulub. 2018-ci ilin noyabrın 2-də Qazaxıstan Respublikasında keçirilmiş Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında Protokol”u imzalanıb.
Əlavə olaraq qeyd etmək istərdim ki, 2013-cü ildə Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a qoşulub. Bu qurumun əsas istiqamətlərdən biri müvafiq ölkələr tərəfindən məlumat mübadiləsinin beynəlxalq standartlara uyğun olub-olmamasının qiymətləndirilməsi və həmin standartlara uyğunluğunun təmin olunmasından ibarətdir.
Hazırda Qlobal Forum tərəfindən Azərbaycanda Ümumi Hesabatlılıq Standartı (CRS) ilə bağlı inzibatçılığın tətbiqi səviyyəsinin qiymətləndirilməsi (ikinci mərhələ) prosesi davam edir. Qiymətləndirmə çərçivəsində daha yuxarı göstəricinin əldə edilməsi məqsədilə mübadilə tərəfdaşları ilə sıx əməkdaşlıq edirik.
Bildirmək istərdim ki, beynəlxalq məlumat mübadiləsi sorğu əsasında, spontan və avtomatik olaraq ikitərəfli və çoxtərəfli sazişlər çərçivəsində həyata keçirilir. Hazırda DVX tərəfindən avtomatik məlumat mübadiləsinin aşağıdakı əsas istiqamətləri istifadə olunur: maliyyə institutları tərəfindən verilmiş məlumatların mübadiləsi (FATCA və CRS formatı), bütün növ gəlirlər üzrə mübadilə (STF formatı) və transfer qiymətləndirilməsi üzrə ölkələrarası hesabatlılıq (CbCR formatı).
- Transfer qiymətləndirməyə nəzarət sahəsində hansı işlər aparılır?
- Transfer qiymətləndirmə çox mühüm bir istiqamətdir və bu sahəyə nəzarət baş idarəmiz tərəfindən aparılır. Qeyd etmək istərdim ki, bu istiqamətdə mütəxəssislərin formalaşmasında Avropa İttifaqının DVX ilə birgə aparılan Tvinninq layihəsi mühüm rol oynayıb. Transfer qiymətləndirmə prosesinin beynəlxalq standartlara uyğun aparılması məqsədilə son dövrlərdə Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilib, tətbiqi ilə bağlı Qaydalar və daxili istifadə üçün Metodik göstəriş hazırlanıb. Burada əsas vəzifəmiz Vergi Məcəlləsinin 14-1-ci maddəsində nəzərdə tutulan şəxslər arasında aparılan əməliyyatların “qol uzunluğu” prinsipinə uyğunluğunu təmin etməkdir.
Nəzərə alınmalıdır ki, ölkəmizdə vergi ödəyiciləri tərəfindən könüllü qaydada açıqlanan nəzarət olunan əməliyyatların məbləği hər il 2 milyard manatdan çoxdur. Buna görə də hər il transfer qiymətləndirmə ilə bağlı vergi nəzarəti tədbirlərinin aparılması üçün müvafiq risk meyarları əsasında yüksək, orta və aşağı riskli vergi ödəyiciləri müəyyənləşdirilir.
Transfer qiymətləndirmə üzrə müvafiq müqayisəli iqtisadi təhlillərin və yoxlamaların yüksək səviyyədə aparılması məqsədilə məşhur “Bureau van Dijk” beynəlxalq məlumat bazasından istifadə edirik. Onu da qeyd etməliyəm ki, tərəfimizdən “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nın yeni layihəsi təsdiq mərhələsindədir.
Transfer qiymətləri ilə bağlı yaxın gələcəkdə beynəlxalq məlumat bazalarından istifadənin genişləndirilməsini, transfer qiymətləndirmə məqsədləri üçün iqtisadi sahələr üzrə daxili qiymət (marja) məlumat bazasının yaradılmasını nəzərdə tuturuq. Bundan başqa, transfer qiymətinin müəyyənləşdirilməsi üsulunun əvvəlcədən seçilməsi üzrə razılaşmaların təşviqi, nəzarət olunan əməliyyatların həcminin müəyyənləşdirilməsi məqsədi ilə “çarpaz nəzarət”in təşkili, daimi nümayəndəliyə aid edilən gəlirin müəyyənləşdirilməsi ilə bağlı qaydaların hazırlanması planlaşdırılır. Həmçinin, uçot-məlumat bazasının və risk meyarları əsasında avtomatlaşdırılmış risk-təhlil sisteminin təkmilləşdirilməsi, maliyyə əməliyyatları, qeyri-maddi aktivlərin alışı-satışı, aşağı dəyərli xidmətlərdə transfer qiymətləndirmə yanaşmalarının tətbiqi və transfer qiymətləri üzrə birgə yoxlamaların aparılması kimi tədbirlərimiz gözlənilir.
- Baş idarənin digər fəaliyyət istiqamətləri üzrə hansı işlər aparılır?
- Elektron ticarət sahəsi “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanunu və bu sahədə vergitutma ilə bağlı məsələlər isə Vergi Məcəlləsi ilə tənzimlənir. Sözügedən Qanun layihəsinə və Vergi Məcəlləsinə OECD-nin elektron ticarət sahəsində vergi tənzimləmələrini özündə cəmləşdirən konsepsiyalar əsasında əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Belə ki, vergi qanunvericiliyinə iqtisadiyyatın rəqəmsallaşmasından yaranan vergi problemlərinin İki-Komponentli həllinə dair OECD-nin Pillar 1 və Pillar 2 yanaşmalarının, o cümlədən, mənfəətin bölüşdürülməsi (profit allocation) və əlaqə (nexus) qaydaları, qalıq mənfəətin (residual profit), minimum qlobal vergi həddinin və vergi dərəcələrinin müəyyən edilməsi tələblərindən irəli gələn dəyişikliklərin edilməsi üzərində müvafiq işlər aparılır.
Elektron ticarətin vergiyə cəlb edilməsi, həmçinin, elektron ticarət ilə məşğul olan rezident, xüsusilə də sosial şəbəkələrdə, veb-səhifələr vasitəsilə mal (iş, xidmətlər) təqdim edən, və rezident şəxslərin qanunvericilikdə nəzərdə tutulan uçotunun həyata keçirilməsi, həmin şəxslərə vergilərin düzgün hesablanmasına nəzarət edilməsi fəaliyyət istiqamətimizə aiddir. Eyni zamanda, qeyri-rezidentlərin uçotunun təmin edilməsi istiqamətində müvafiq mərkəzləşdirilmiş platformanın hazırlanması üçün də işlər davam etdirilir. Bu həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də texniki baxımdan işləri əhatə edir.
Həmçinin, baş idarə tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübariziə sahəsində Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən 2023-cü ildə aparılacaq 5-ci raund qiymətləndirmə mərhələsinə hazırlıqlarla bağlı DVX səlahiyyətləri çərçivəsində Milli Risk qiymətləndirilməsi ilə bağlı hesabatın hazırlanması, MONEYVAL Komitəsi tərəfindən verilən sualların cavablandırılması və digər aidiyyəti tədbirlə görülməkdədir. Baş idarə çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində DVX-nin səlahiyyətləri çərçivəsində müvafiq monitorinqlərini və digər aidiyyəti tədbirləri həyata keçirir. Bu sahədə DVX Maliyyə Monitorinqi Xidməti ilə sıx əməkdaşlıq edir.
Eyni zamanda, güzəştli vergi tutulan ölkələr və ərazilər üzrə tərəfimizdən mütəmadi olaraq müvafiq təhlillər aparılır və belə ölkələrin və ərazilərin siyahı üzrə yenilənməsi ilə bağlı aidiyyəti üzrə təkliflər verilir.
- Beynəlxalq vergitutma sahəsində bizi hansı yeniliklər gözləyir? BEPS Planının həyata keçirilməsi ölkəmizə hansı faydanı verəcək?
- Hazırda qarşıda duran əsas hədəflər müxtəlif vergidən yayınma sxemlərinin tətbiqi ilə vergitutma bazasının aşındırılması və mənfəətin başqa yurisdiksiyalara köçürülməsinə qarşı mübarizənin aparılması, ölkədəki qeyri-rezident və rezident şəxslər üçün beynəlxalq vergitutma baxımından ədalətli və əlverişli sistemin yaradılması, həmçinin, avtomatik məlumat mübadiləsinin genişlənməsi və emalın daha effektiv aparılması, beynəlxalq müqavilələr şəbəkəsinin artırılması, inzibati yardım üzrə digər formatların tətbiq edilməsi, müqavilələrin tətbiqilə bağlı proseslərin rəqəmsallaşdırılmasından ibarətdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Böyük İyirmilik (G20) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) başlamış olduğu 15 fəaliyyətdən ibarət “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsində iştirak etmək niyyətindədir. Ölkəmizin İƏİT-in BEPS layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivəyə qoşulmasına dair Azərbaycan Respublikası Prezidenti tərəfindən 2022-ci ilin 17 fevral tarixli Sərəncam imzalanıb.
İnklüziv Çərçivəyə “minimum standart” hesab edilən əsas 4 Fəaliyyət daxildir. Bunlar zərərli vergi vərdişləri, vergi sazişlərindən sui-istifadə, transfer qiymətləri üzrə sənədləşmə və mübahisələrin həll edilməsidir (5, 6, 13 və 14-cü fəaliyyətlər).
Eyni zamanda, BEPS layihəsində rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi ilə bağlı məsələlərin tənzimlənməsi, hibrid uyğunsuzluqların təsirinin aradan qaldırılması, nəzarət olunan xarici müəssisə qaydalarının (CFC) təkmilləşdirilməsi, faiz çıxılmalarının məhdudlaşdırılması, qeyri-maddi aktivlər, yüksək riskli transfer qiymətləri üzrə əməliyyatlar, aqressiv vergitutma strategiyalarının açıqlanmasının tələb edilməsi və daimi nümayəndəlik statusundan süni yayınmanın qarşısının alınması üçün çoxtərəfli sazişin bağlanması ilə bağlı fəaliyyətlər də mövcuddur. Sözügedən fəaliyyətlər üzrə vergi qanunvericiliyinə baş idarə tərəfindən hazırlanmış təkliflər əsasında əlavə və dəyişikliklər edilib.
Qeyd etmək istərdim ki, BEPS-in 15-ci Fəaliyyət Planı olan Çoxtərəfli Alət (Multilateral Instrument) üzrə Çoxtərəfli Konvensiyaya qoşulmaq istiqamətində proseduralar həyata keçirilir. Belə ki, həmin Alətin əsas məqsədi BEPS layihəsi çərçivəsində tətbiq olunan və transmilli şirkətlər tərəfindən həyata keçirilən riskli əməliyyatların və vergidən yayınmanın qarşısını almaqdan ibarətdir. Müvafiq Konvensiyaya qoşulmaqla qüvvədə olan ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərə, BEPS layihəsi çərçivəsində inkişaf etdirilmiş və vergi sazişlərində yaranan sui-istifadə hallarının qarşısının alınması ilə bağlı əlavə və dəyişikliklərin edilməsinə imkan yaradır.
2021-ci ilin 8 oktyabr tarixində BEPS İnklüziv Çərçivəyə üzv ölkələr layihənin genişləndirilməsi üzrə “Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsində çətinliklərin aradan qaldırılmasını təmin etmək üçün İki pilləli həll üzrə Bəyanat”ı imzaladılar (BEPS 2.0). Sözügedən Bəyanatın BEPS-in 1-ci Fəaliyyətinin (Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi ilə bağlı məsələlərin tənzimlənməsi) davamı kimi qiymətləndirilir. Ölkəmizin BEPS-in həm ilkin, həm də yeni layihələrinə qoşulması nəzərdə tutulur. Qeyd etdiyim kimi, rəsmi qoşulma prosesi hələ tam olaraq yekunlaşmasa da, bu məqsədlə minimum standart hesab edilən bir qismi işlərin icrası başa çatıb və digər fəaliyyətlərin həyata keçirilməsi üzrə işlər davam etdirilir.
BEPS Planının ölkəmizdə tətbiqi öz növbəsində potensial investisiya qoyuluşlarının artımına, əhalinin məşğulluğunun daha da yaxşılaşdırılmasına və digər sahələrin inkişafına töhfə vermək baxımından vacibdir. Belə ki, BEPS Planının və digər beynəlxalq standartların tətbiqi daxili bazarda rəqabətliyin qorunmasına, yeni biznes modellərin yaradılmasına, vergi bazasının düzgün formalaşmasına, fəaliyyətin iqtisadi dəyərin yarandığı yerdə vergiyə cəlb edilməsinə, vergilərin tam şəkildə və düzgün hesablanmasına, ölkələrarası vergilərin ədalətli bölgüsünə xidmət edəcək.
Qeyd edilən standartlar və tövsiyələrin ölkəmiz tərəfindən səmərəli icrasının yalnız vergi orqanlarının fəaliyyətindən deyil, həmçinin, vergi ödəyicilərindən də asılı olduğunu nəzərə alaraq, bu məsələdə ödəyiciləri iş birliyinə dəvət edirik.(vergiler.az)