Yaponiyanın keçmiş baş naziri Sindze Abenin qətlə yetirilməsi bu ölkənini siyasi dairələrində və cəmiyyətdə şok effekti yaradıb. Sinzdo Abe baş nazir olduğu dövrdə Rusiya prezidenti Vladimir Putinlə tərəfdaşlıq münasibətləri qurmuşdi. Hər iki ölkənin lideri tez-tez görüşür, müxtəlif mövzularda fikir mübadiləsi aparırdılar. Abe Putinlə tərəfdaşlığıa əsaslanaraq ümid edirdi ki, baş nazir olduğu dövrdə Rusiya Kuril adalarını Yaponiyaya qaytaracaq. Olmadı. Liderlərin dostluğu problemin həllini yaxınlaşdırmadı.
Yaponiya-Rusiya münasibətləri hazırda Abenin baş nazirliyi dövrdən daha çox geriyə gedib. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Tokionun ABŞ və Avropa İttifaqı ilə Kremlə qarşı eyni mövqedən çıxış etməsini şərtləndirib. Yaponiya Rusiyaya qarşı sanksiyalara qoşulub. Kreml onsuz da münasibətlərin yaxşı olduğu dövrdə də Kuril adalarını Yaponiyaya qaytarmağa maraq göstərmədi. Belə olan halda Tokionun Rusiyaya qarşı siyasətinin dəyişəcəyi şəksiz idi.
Bu arada, Rusiya Çinlə birgə Yaponiyaqa qarşı hərbi ritorikasını sərtləşdirib. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə fonunda Rusiya və Çin hərbi gəmilərinin Yaponiya sahillərində yaxın ərazilərindəki fəallıqları 2.5 dəfə artıb. Bu haqda Yaponiya Müdafiə Nazirliyinin açıqlaması var. Nazirliyinin məlumatına görə, son 4 ayda Rusiya və Çinin hərbi gəmilərini və hərbi təyyarələrinin Yaponiya sahillərinə yaxınlaşmasına dair 90 hadisə qeydə alınıb. Bu Tokionun ciddi narahatlığına səbəb olub. Rusiya və Çin hərbi gəmiləri və hərbi təyyarələri Yaponiya sahillərinə yaxın ərazilərdə koordinasiyalı şəkildə yaxınlaşırlar. Onların qruplar şəkildə sahilə yaxınlaşması halları çoxalıb.
Rusiya və Çin bu yolla ABŞ-la ittifaqını gücləndirən Yaponiyanı cəzalandırmağa çalışırlar. ABŞ prezidenti Cozef Bayden mayın 22-də Yaponiyaya rəsmi səfər edib. Baydenin səfər günü və səfərdən sonra Rusiya və Çinin hərbi gəmilərinin Yaponiya sahillərinə yaxınlaşması halları olub. May ayındakı fəallıq aprel ayı ilə müqayisədə bir neçə dəfə artıb.
Rusiya və Çinin Yaponiyaya qarşı hərbi təzyiqi əks-effekt verəcək. Bu Yaponiyanın ABŞ-la hərbi ittifaqını gücləndirməyə sövq edəcək. Yaponiya, Hindistan, Avstraliya və ABŞ-la birlikdə dördlü formatda iştirakını artıracaq. Digər tərəfdən Yaponiya İkinci Dünya Müharibəsindən sonra ilk dəfə hərbi büdcəsini artıracaq və ordusun modernləşdirəcək. Vaşinqton bunun əleyhinə deyil.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri