Qazi Elvin Cəfərovun intiharı hamımızı sarsıtdı. Faciənin səbəbi nə olub, hüquq-mühafizə orqanları ortaya çıxaracaq və əgər hansısa məmurun ən cüzi də olsa təqsiri müəyyən edilsə həmin vəzifəli şəxs yaxud şəxslər mütləq mənada cəzalanacaq. Bu öz yerində.
Amma heç şübhəsiz ki, Elvinin ölümündə əsas səbəbkarlardan biri onun həssas durumundan faydalananlar, əlindən alışqanı alıb onu bu fikirdən daşındırmaqdansa, ən azı ailəsinə, yaxınlarına Elvinin belə niyyəti olduğunu bildirməkdənsə qazinin əsəbini və sarsıntsını lentə almaq naminə onu intihara təhrik edənlər, vəfatından sonra isə faciəsindən şou düzəldənlərdir. Bu qüvvələr üçün bir insanın həyatını itirməsi, iki övladın atasız qalması faciə yox, dövlətçiliyə qarşı mübarizə üçün fürsətdir.
Ölkədə həssas təbəqəyə, şəhid ailələri və qazilərə diqqət və qayğı şəxsən cənab Prezident üçün əsas prioritetlərdən biridir. Qazilərin sosial rifahının gücləndirilməsi və qayğı ilə əhatələnməsi, o cümlədən, mənzil, məşğulluq və özünüməşğulluq təminatı üçün köklü işlər görülür, ciddi nəticələr də var. Amma baxaq, özünü müstəqil adlandıran, yaxud, açıq formada radikal qüvvələrin nəzarətində olan hansısa media qurumu, bu cameədən olan hansısa bloqqer, hansısa siyasətçi mənzillə, maşınla təmin olunan bir qazini ən azı informasiya savaşımızın xətrinə öz sujetinin, çıxışının qəhrəmanına çevirirmi? Azərbaycanda fəaliyyət göstərən xarici media strukturları da eyni qaydada. Necə olur eyni xarici media orqanı Ermənistanda kitabxanada işlə təmin olunmuş erməni müharibə iştirakçısı haqqında az qala 10 dəqiqəlik süjet hazırlayır, Azərbaycana gələndə isə yalnız mənfi tendensiyaları axtarır. Bu süjetlərdə də ekspert qismində də ancaq və ancaq antimilli cəbhədə təmsil olunan və dövlətin əleyhinə istənilən məzmunda şərhlər verməyə hazır olanları seçirlər. Demək ki, bunların aşı-suyu eyni yerdən gəlir.
Necə olur ki, bir neçə media təsisatını çıxmaq şərti ilə ölkədə qazilərlə bağlı bir dənə də olsun ürəkaçan, ümid verən təbliğat xarakterli sujetə, yazıya rast gəlmirik. Hamı qazinin problemi ilə xal qazanmağa çalışır. Niyə? Heç qayğı ilə əhatələnən, mənzil, maşın alan, xaricdə dövlət tərəfindən müalicəsi etdirilib sağlam şəkildə ailəsinə qovuşan qazimiz yoxdurmu? Axı bizim dövlətin qaziyə əsl münasibəti qaragüruhun dediyi və göstərdiyi deyil. Bəli, problemlər mövcuddur, xüsusən süründürməçilikdən və bürokratik əngəllərdən haqlı olaraq narazı qalan qazilərimiz var, amma onların say nisbəti heç 10 faizdən artıq deyil axı. İndi tək dövlət yox, bütövlükdə cəmiyyət olaraq bizim prioritetimiz də digər qazilərimizə qayğını davam etdirməklə bərabər məhz bu kəsimin narazılıqlarını aradan qaldırmaq olmalıdır. Bunun üçün ilk növbədə biz ümumi vətəndaşlar üçün kriteriya və prosedurları qazilərə tətbiq etməməli, qazilərə əlahiddə yanaşmalıyıq. Bu mənada hesab edirəm ki, zamanında qaçqın və məcburi köçkünlərə münasibətdə olduğu kimi qazilərin işləri ilə bağlı bir Komitə, yaxud Agentliyin yaradılmasına ehtiyac var. Çünki qazilərin bir qismi, xüsusən baş-beyin travmaları almış insanların psixoloji durmu, səhhətləri xüsusi yanaşma tələb edir. Digər tərəfdən, qazilərin çoxunun problemləri faktiki eyni xarakterlidir və daha az enerji və resursla dövlətin iradəsinə müvafiq olaraq bu problemləri mərkəzləşmiş qaydada həll etmək mümkündür.
Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı