Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Kim olur-olsun, əgər qarşındadırsa, rəqibi bağışlama"-MÜSAHİBƏ

"Kim olur-olsun, əgər qarşındadırsa, rəqibi bağışlama"-MÜSAHİBƏ


Pərvanə İsmayılova 1982-ci ildə Qax şəhərində anadan olub. Hazırda Qax rayon Uşaq-Gənclər İdman Şahmat məktəbində müəllim işləyir. 1992-ci ildə 10 yaşlı qızlar arasında SSRİ və dünya çempionluğunu qazanıb.
1993-cü ildə sürətli şahmat üzrə Respublika çempionu, Avropa birinciliyinin gümüş, dünya birinciliyinin bürünc mükafatçısı, 1994-cü ildə Avropa birinciliyinin çempionu, 1995-ci ildə dünya birincliyinin bürünc mükafatçısı, 1996-cı ildə Avropa birincliyinin bürünc mükafatçısı olub. “Beynəlxalq Şahmat Federasiyasının ustası” adına layiq görülüb. Bunlar onun uğurlarının bir hissədir.

- Ziyalı ailəsində dünyaya gəlmişəm,- Pərvanə xanım deyir,- Atam kimyaçı olub. Evimizdə daim savad təbliğ edilib. Atamın şahmata çox böyük marağı vardı, həvəskar şahmatçı idi. Bizim Qax rayonundan olan tanınmış şahmatçı Aynur Sofiyeva (onun xətrini dünyalar qədər istəyirəm) bir stimul olub. Uşaq vaxtı deyirdim ki, Aynur xanım kimi olmaq istəyirəm. Mən balaca olanda onun bizimlə görüşməsi, söhbətlər aparması bir növ başlanğıc oldu.

Atam həvəskar şahmatçı olsa da, şahmata aid çoxlu kitablar axtarır, tapırdı. SSRİ-i dövründə bu çox çətin idi. Atamın zəhməti və əziyyəti ilə evdə şahmatı öyrənməyə başladıq. İlk vaxtlar ağırlıq məndən 3 yaş böyük bacımın üzərində idi. Valideyinlərim onun şahmatçı kimi yetişməsi üçün çalışırdılar. Mən isə kənarda oturub, atamla bacımın oyununa baxırdım...

İndi bir haşiyəyə çıxım. Atam toylarda qazanc üçün gitara çalırdı. Bir gün gecə saat 3-də toydan evə gəlib. Görüb ki, oyağam, anam nə qədər acıqlansa da, yatmamışam, demişəm ki, "atamla şahmat oynayıb, sonra yatacağam”. Ona da maraqlı gəlib ki, axı mən bu qızı öyrətməmişəm. Xətrimə dəyməmək üçün şahmatı düzüb və bacıma çətinliklə öyrətdiyi “tələ"ni mənim üçün hazırlayıb. Qısa bir oyun ərzində mən onu mat etmişəm və ondan sonra gedib yatmışam. Atam çox təəcüblənib. Çünki o şahmatla bağlı ancaq bacımla məşğul olmuşdu. Mən isə kənardan baxıb öyrənmişdim. Bu hadisədən sonra mənimlə daha çox məşğul olub və şahmat həyatım başlayıb.

Uzun illər nailiyyətim oldu. Daha sonra atama Türkiyədən iş, mənə isə orada çox dəyərli məktəblərin birində təqaüdlə oxumaq təklifi gəldi. Bir müddət İstanbulda yaşadıq. Orada da şahmatı oynadım, davam etdirdim. Türkiyədə təhsili ingilis dilində alırdım. Çünki ingilis dili səviyyəm çox yüksək idi. Biz yenidən Azərbaycana qayıdanda 10-cu sinifdə oxuyurdum. Burada məktəbi bitirdikdən sonra Xəzər universitetinə qəbul olundum. Amma Bakıda evimiz olmadığı və müəyyən çətinliklərimiz yarandığından, atam məni oxutdura bilmədi. Mən də küsdüm, dedim ki, ancaq ingilis dili üzrə təhsil alacağam, yoxsa oxumayacağam. 28 yaşıma çatanda gördüm ki, yox, diplomsuz alınmır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldum və oranı bitirdim. Ondan sonra şahmat müəllimi kimi davam etdim. Hazırda Qax rayon Uşaq-Gənclər İdman Şahmat məktəbində məşqçi-müəllim kimi işləyirəm.

- Yarışlarda hansı uğurlar qazanmısınız?

- Azərbaycanda çox gözəl, kefiyyətli yarışlar keçirilirdi. Ağ top yarışını xatırlayıram. Bütün rayonlara gedirdik, iştirak edirdik. Müəllimlərim danışırdı, o qədər balaca imişəm ki, ayqqabılarımı soyunub, stolun üstünə çıxırmışam ki, boyum fiqurlara çatsın. Yəni yarışlara balaca yaşlardan başlamışam. 1991-ci ildə SSRİ çempiontına qatıldım. Yarış Kerç şəhərində keçirilirdi. Özümdən 4-5 yaş böyük qızlarla yarışıb, çempion oldum və dünya çempionatına vəsiqə qazandım. 1992-cı ildə Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında çox gözəl bir qələbə ilə dünya çempionu oldum. Müstəqil ölkəyə şahmat üzrə qızlar arasında ilk qızıl medalı mən gətirmişəm. Atam o qədər sevinirdi ki, gözlərindən yaş gəlirdi. Gediş edib, atamın gözünün içinə baxırdım. Bundan bilirdim ki, atamın kefi yaxşıdırsa, deməli, mənim vəziyyətim də yaxşıdır.
Ailədə iki bacı olmuşuq. Böyük bacımın da uğurları olub. Ancaq gözündə problem olduğuna görə şahmatdan məcburən uzaqlaşdı.

Daha sonra mən 1994-cü ildə Fransada keçirilən Avropa çempionatına qatıldım. Orada da birinci yerə çıxdım. Hətta oteldə axşam xəbərlərində özümü görəndə o qədər sevinmişdim ki... Müəllimim deyirdi ki, “səni bir Fransanın xəbərlərində görməmişdik, o da oldu”.

- Neçənci illərə qədər yarışlara qatıldınız?

- 2000-ci ildə il yarım şahmatdan uzaqlaşdım. Layiqli dəstəyi görə bilmədiyim üçün küsdüm. Amma sonra gördüm ki, şahmatla nəfəs alıram, onsuz mümkün deyil. Öz istəyimlə yenidən qayıtdım. Qaxda çalışmazdan öncə 10 ilə yaxın Bakıda Nəsimi rayonunda bir nömrəli şahmat məktəbində işlədim. Çoxlu uğurlu, birinci dərəcəli şahmatçılar yetişdirdim. Hətta onların arasından Avropaya gedib medal gətirəni oldu.

- Küskünlüyünüzə nə səbəb olmuşdu? Bu haqda ətraflı danışardınız...

- Xaricdə keçirilən yarışlara qatılmaq üçün maddi imkan lazım idi. Mən isə sponsor tapa bilmirdim. O vaxt bu, tək mənim yox, çoxlarının problemi idi. Dövlətdən bir az qayğı gözləyirdim. Çünki şahmat üzrə bu qədər nailiyyət tək-tük olurdu. O vaxtlar ölkəmiz çox çətin dövrlərdən keçirdi, anlaşılan idi.

- Şəhriyarın, Teymurun uğurlarını izləyirsiniz. Ümumiyyətlə, şahmatımızın hazırkı vəziyyəti haqda nə düşünürsünüz?

- Mən onlarla qürur duyuram! Qaxdan Xanım Balacayeva kimi qrossmeysterimiz yetişib. Şəhriyarın bacısı Zeynəb Məmmədyarova silahdaşım olub. Yarışlarda qarşılaşmışıq. Üzərində qələbə çaldığım da olub. İndi yetişən şahmatçıların hamısı Teymur, Şəhriyar kimi olmaq istəyir.

- Övladlarınız sizin yolunuzla getməyə meyillidirlərmi?

- Oğlum universitetdə ikinci kursda oxuyur. Qızımın isə hələ 6 yaşı var. Oğlum bir ara çox gözəl şahmat oynayırdı. Amma hələlik başı təhsilə qarışıb. Qızımın isə şahmata marağı indi yaranır.

- Rayonlarda şahmata maraq necədir?

- Şahmata maraq var. Üstəlik, burada Pərvanə müəllimə işləyir deyə, sağ olsunlar, maraq göstərirlər. Qaxda şahmat SSRİ dövründən fərqlənib, seçilib. Bizim zonada ali təhsilə, elmə çox maraq var. Uşaqları şahmata yönəldirik. Ailələrin isə marağı daha çox məktəb yönünədir ki, təhsili güclü olsun. Bir az o baxımdan yaxşı şahmatçı yetişdirməkdə çətinlik çəkirik. Ucqar kəndlər nisbətən kasıb olduğu üçün fərdi işləmək mümkün olmur. Şahmatda uşaqla hər gün 4 saat fərdi işlənməlidir. Valideynin isə buna maddi imkanı çatmır. Uşaqları yetişdiririk, yarışa göndərə bilmirik. Maddi vəsaitdə çətinlik olur. Bakı uzaqdır. Bu məsələdə Qax rayon gənclər - idman idarəsi və rayon gənclər idman şahmat məktəbi də dəstək göstərməlidir.

- Azərbaycan Şahmat Federasiyası ilə əlaqələriniz necədir? Dəstək ala bilirsinizmi?

- Şahmat Federasiyasının rəhbəri Mahir Məmmədov bacardığı hər şeyi edir. Onun belə bir cümləsi var: "Nəinki şahmatçılara, əli şahmata toxunmuş hər bir kəsə fərdi yanaşılmalı, kömək edilməlidir və ediləcək”. Bu çox qürurverici cümlədir. Onların dəstəyini görürük.

- Erməni rəqibləriniz olubmu? Necə hisslər keçirmisiniz?

- 1996-cı il idi. Estoniyada yarışa qatılmışdım. Bir qadın qrossmeyster ilə oynayırdım. Bu qadın Aqoqabyan adlı erməni idi. Məşhur şahmatçının anası idi. 5-6 saat çəkən oyundan sonra mən onu məbluğ etdim. Erməni qadın məni qucağına alıb öpdü. Sonra atamı qucaqladı və dedi, “Sağ ol ki, belə qız yetişdirmisən. Mən bütün beynimi sonuna kimi işlətdim, amma çıxış yolu tapa bilmədim”.

Şahmatda qəddar olmuşam. Bağışlamağı heç sevməmişəm. Atam həmişə öyrədirdi ki, kim olur-olsun, əgər qarşındadırsa, rəqibi bağışlama. Kiçik yaşlarımızda bacımla da qarşılaşmışdıq. Respublika çempionatında mənə yalvarırdı ki, "yığıdığım şokoladları sənə verəcəyəm, məni məğlub etmə". Razılaşmadım, onu uddum.

- Deyirlər, şahmatçılar iti ağıllı, iti sözlü olurlar?

- Yeri gələndə sözlə mat edirəm. Heç özüm də bilmirəm necə olur. Sözümü yerində deyirəm. Şahmatın mənə verdiyi üstünlüklər arasında “sınmazlıq” var. Əzmkarlığı qazandırıb. O yol ilə olmadısa, bu yol ilə gedəcəyəm. İntuitivliyi, irəlini görməyi öyrədib. Şahmat həyat tərzimdir.

azvision.az
Xəbəri paylaş