Mediada yayımlanan məlumatlara əsasən, 44 günlük müharibədən sonra Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalmış Laçın şəhərinin və Zabux da daxil olmaqla bir neçə kəndin Azərbaycana təhvil verilmə prosesi finala yaxınlaşır. Cəmi bir neçə gün, uzaqbaşı avqust ayının sonuna qədər sözügedən məntəqələrdə Azərbaycanın suverenliyi tam bərpa olunacaq. Ermənistan hakimiyyəti prosesə mane olmaq imkanlarının qalmadığını başa düşdüyündən- xüsusilə ordumuzun apardığı “Qisas” əks-hücum əməliyyatından sonra- Azərbaycanı yenidən hərbi güc tətbiq etmək ehtimalından yayınmaq məqsədi ilə zahirən rəsmi Bakının şərtlərinə uyğun davranmaqdan başqa çarəsi yoxdur. Bu, həm də onunla bağlıdır ki, Ermənistan iyun-iyul aylarında yerinə yetirməli olduğu öhdəliklərə əməl etməmək və yeni status-kvo yaratmaq üçün həm silahlı, həm də diplomatik təxribatlar törətməyə üstünlük verdi. Ancaq İrəvanın bütün cəhdləri puça çıxdı. Digər tərəfdən, rəsmi Bakı sistemli və məqsədli şəkildə İrəvanın Qarabağdakı proseslərə müdaxilə etməsini əngəlləyir və necə deyərlər, oyundan kənar vəziyyətdə saxlamağa çalışır.
Azərbaycanın bu siyasətinin “Laçın prosesi”ndə effektiv olduğunu söyləmək üçün artıq əsaslar var. Həmin əsaslardan ilki budur ki, Üçtərəfli Bəyanata əsasən 3 il ərzində çəkilməli olan yeni yolun öz ərazisindən keçən hissəsinin inşasını yubatmağa çalışan Ermənistana Azərbaycan vaxt udmağa imkan vermədi. Artıq sirr deyil ki, Ermənistan rəsmiləri yol məsələsini ən azı gələn ilə qədər uzatmağa çalışırdılar, lakin rəsmi Bakının vaxtında atdığı addımlar qarşısında məqsədlərinə nail ola bilmədilər. Ölkəmizin Rusiya tərəfi ilə apardığı intensiv məsləhətləşmələrin nəticəsi olaraq yeni marşrut artıq istifadəyə hazırdır. Azərbaycan prezidenti İlham Əliyevin məsələ ilə bağlı İsmayıllı rayonuna etdiyi səfər zamanı verdiyi açıqlamalar onu göstərir ki, Rusiya sülhməramlılarının yeni marşurut üzrə dislokasiya olması üçün xüsusi problem yoxdur. Başqa sözlə, bu, o deməkdir ki, Laçın şəhəri və ətraf kəndlərdə qanunsuz məskunlaşdırılanların köçürülməsi üçün Qarabağda yaşayan ermənilərin xahişini nəzərə alaraq avqustun son günlərinədək Azərbaycanın verdiyi möhlət uzanmayacaq. Rus sülhməramlılarının yeni dislokasiyası ilə paralel surətdə həmin məntəqələr ordumuzun nəzarətinə keçəcək. Ermənistandakı revanşistlərin nə silahlı, nə də başqa formada bu prosesə müqavimət göstərmək və nəticəyə təsir göstərə biləcək krizis yaratmaq imkanı qalmayıb. Bir el təbiri ilə desək, “sirkə nə qədər tünd olsa, öz qabını sındırar”.
Laçın şəhərinin və ətraf kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilk növbədə qanuni ərazilərimizdə suverenliyimizin bərpası faktı kimi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsidir. Azərbaycan növbəti dəfə beynəlxalq hüququ, haqqı, ədaləti bərpa etməklə Ermənistanın işğalı nəticəsində didərgin salınmış on minlərlə məcburi köçkünün tezliklə öz doğma yurdlarına qayıtmasını təmin etməyə şərait yaradır. Torpaqlarımızın işğal edilməsi, işğal olunan ərazilərdə qanunsuz məskunlaşmanın aparılması Ermənistanın yaxın keçmişdə törətdiyi müharibə cinayətləri olmaqla İrəvan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Fəqət Ermənistan öz cinayətlərindən yetərincə agah olsa da, Cenevrə konvensiyasına zidd şəkildə torpaqlarımızda apardığı qanunsuz məskunlaşmadan diqqəti yayındırmaq üçün Azərbaycanı “yerli əhalini zorla köçürməkdə” ittiham edir.
Əvvəla, Laçın şəhərinin və ərtaf kəndlərinin yerli əhalisi məlumdur: onlar 1992-ci ildən bəri məcburi köçkün həyatı yaşayırlar.
İkincisi, Ermənistanın Laçın şəhəri daxil olmaqla, işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparması, bu ərazilərin yerli sakinləri olan azərbaycanlıların mülklərinin, qəbiristan və məscidlərin tamamilə dağıdılması fonunda, köçürülmüş ermənilər üçün evlər, kilsə və s. inşa edilməsi etnik və dini zəmində ayrı seçkiliyin təzahürüdür. Görəsən, bütün bunları həyata keçirəndə Ermənistan etnik təmizləmə siyasəti apardığının fərqində nədən olmaq istəmirdi?
Üçüncüsü, sözügedən ərazilərdə qanunsuz məskunlaşmış şəxslərin mütləq əksəriyyəti rəsmi İrəvandan onların Ermənistana köçürülməsini tələb edir. Bu şəxslərin Qarabağ bölgəsində yaşamaq istəməməsi öz-özlüyündə onların nəinki Laçına, bütövlükdə regiona aid olmadığını bir daha təsdiq edir.
Odur ki, Ermənistan qanunsuz məskunlaşmaya görə üzərində olan məsuliyyətdən yaxasını qırağa çəkmək üçün bəhanələr uydurmamalı və qanunsuz məskunlaşdırma hallarının təkcə Laçında deyil, Xankəndi və ətrafında da tam və dərhal aradan qaldırılmasına yardım etməklə sülh prosesinə töhfə verməlidir. Həm də təkcə qanunsuz məskunlaşdırma hallarının yox!
Azərbaycan Ermənistandan Qarabağın Rusiya sülhməramlılarının nəzarətində qalmış zonasında demilitarizasiya aparmaq və bütün silahlı birliklərin ləğv olunmasını tələb edir. Prezident İlham Əliyev İsmayıllıya səfər zamanı Azərbaycanın dövlət televziyasına verdiyi müsahibədə Qarabağdakı qanunsuz silahlı birləşmələrin demilitarizasiyası ilə bağlı rəsmi Bakının qəti mövqeyini belə ifadə etmişdi: “Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq”.
Laçında yeni marşrutun işə düşməsi Azərbaycanın bu tələblərinin yerinə yetirilməsi üçün imkanları genişləndirir. Çünki Üçtərəfli Müqavilədə yeni marşrutun açılması ilə dəhliz məntiqi sıradan çıxdığından rəsmi Bakı təhlükəsizliyinə təminat verdiyi yoldan Ermənistanın hərbi məqsədlər üçün istifadə etməsini əngəlləmək üçün həm hüquqi, həm də praktiki olaraq yeni rıçaqlar qazanır. Bəli, yeni yolun işə düşməsi ilə bölgədə yaranan yeni reallıq Azərbaycanın lehinə möhkəmlənir.
Bu reallıqda nəzərə çarpan tendensiyalardan biri Qarabağdakı erməni əhali ilə Azərbaycanın qurduğu təmaslardır. Məhz bu təmasların nəticəsi olaraq rəsmi Bakı konstruktivlik nümayiş etdirib, erməni vətəndaşlarının xahişini nəzərə alaraq, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər 4.7 km-lik müvəqqəti yoldan istifadə olunmasına razılıq verib. Eyni zamanda, yeni yolun inşası prosesinin mühüm bir hissəsi Rusiya sülhməramlı kontingentinin müşayiəti olmadan aparılıb. Bu müddətdə heç bir skandalın baş verməməsi ermənilər Azərbaycan vətəndaşları kimi yaşaması üçün müsbət simptomlar sayıla bilər. Görünür, bu kimi qığılcımlardan narahat və Qarabağ kartından məhrum olmaqla Ermənistanda hakimiyyətə gəlmək şanslarını itirdiyinin fərqində olanlar Laçında əraziləri və evləri yandırmaqla, bölgədə ekstremist emosiyaları alovlandırmaqla rəsmi Bakının əsəblərini tarıma çəkmək istəyir. Bu hərəkətlərin arxasında həm də Üçtərəfli Bəyanata əsasən işə düşməli olan Zəngəzur dəhlizinə mane olmaq niyə dayanır.
Çox təssüf ki, Ermənistan hakimiyyətinin mövqeyi bu və digər məsələlərdə revanşist qüvvələrin maraqlarından elə də fərqlənmir. İrəvan mediasının təhlili göstərir ki, Ermənistandakı revanşist qüvvələr, onlardan bəzən çəkinən, bir çox hallarda isə fərqli düşünməyən Nikol Paşinyan hakimiyyəti sülh prosesini tormozlamaq üçün xüsusilə iki məsələdə qeyri-konstruktiv mövqe tutur. Ermənistan Zəngəzur dəhliz ilə bağlı müzakirələrdə Üçtərəfli Bəyanatın müvafiq müddəasına zidd mövqe tutur və “yolu açırıq, hərəkətin təhlükəsizliyinə cavabdehik” kimi bəyanatdan kənar irəli sürməklə təkcə Azərbaycana qarşı deyil, Rusiyaya da dirəniş göstərməyə çalışır. Nəticədə Azərbaycana və Rusiyaya Zəngəzur dəhlizinin marşrutu ilə bağlı konkret təkliflər hələ də təqdim olunmayıb. Ancaq bu yanaşma Ermənistana heç nə vermir, tam əksinə, Azərbaycanın İrəvanı üzərinə düşən öhdəlikləri yerinə yetirməyə məcbur etməsi üçün yeni eskalasiya riski yaradır. Unutmayaq ki, ermənilərə rəzil anlar yaşadan Laçın prosesi strateji hədəfin başlanğıcıdır.
Fəzail Ağamalı
Millət vəkili,
Ana Vətən Partiyasının sədri