Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1993-cü ilin 3 oktyabr tarixi Azərbaycan dövlətçilik tarixinin mühüm hadisəsidir

1993-cü ilin 3 oktyabr tarixi Azərbaycan dövlətçilik tarixinin mühüm hadisəsidir


“İyirmi doqquz il əvvəl oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Həmin gün xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Bununla da Ulu Öndər Heydər Əliyev ölkəmizi böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkənin və xalqın ən ağrılı anında xilaskarlıq missiyasını yerinə yetirdi:

“Həmin dövrlər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin zamanda dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Ümummilli Lider Heydər Əliyevdən imdad istədi. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Vəzirov-Mütəllibov rejimi, daha sonra AXC-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışdı və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa, Kəlbəcər xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi”.

“Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin çıxışlarında vəsiyyət etdiyi kimi bu gün Şuşaya da, Laçına da, Ağdama da, Füzuliyədə, Cəbrayıla da, Zəngilana da, Qubadlıya da, Kəlbəcərə də gedir, bayramlarımızı qeyd edə bilirik:

“Əlbəttə ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də 3 oktyabr 1993-cü ildən başlayan yolun, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsinin məntiqi nəticəsidir. Heç şübhəsiz ki, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ, Şərqi Zəngəzur dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.

Ruhiyyə
Xəbəri paylaş