"Cənab Prezident İlham Əliyevin 2023-cü ili "Heydər Əliyev İli" elan etməsi hər bir azərbaycanlının ürəyindən xəbər verən bir hadisədir. Həmçinin bu, Ulu Öndərə olan xalq, millət sevgisinin təzahürüdür".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, "Heydər Əliyev İli" çərçivəsində təkcə ölkə daxilində deyil, eləcə də Azərbaycandan kənarda ümummilli liderin həyat və yaradıcılığından, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edən kifayət qədər tədbirlər keçiriləcək: "Biz də İctimai Birlik olaraq təbii ki, "Heydər Əliyev İli" çərçivəsində bir sıra tədbirlər keçirməyi düşünürük. Bununla əlaqədar yaxın günlərdə İctimai Birliyin İdarə Heyəti toplanıb müəyyən müzakirələr aparacaq".
Arzuman Muradlı onu da diqqətə çatdırıb ki, rəhbərlik etdiyi təşkilatın "Heydər Əliyev İli" çərçivəsində gördüyü ən mühüm işlərdən biri Heydərabad şəhərinin salınması istiqamətində fəaliyyəti intensivləşdirmək olacaq:
"Arzu edərdik ki, "Heydər Əliyev İli" çərçivəsində Heydərabad şəhərinin salınması istiqamətində daha mühüm addımlar ata bilək. Bildiyiniz kimi, Araz çayı boyunca və Füzuli Beynəlxalq Hava Limanı ətrafında Heydərabad şəhərinin salınması ilə bağlı "Milli İnkişaf" İctimai Birliyi tərəfindən Təşəbbüs Qrupu yaradılıb və məsələ ilə bağlı Təşəbbüs Qrupu tərəfindən Cənab Prezidentə müraciət ünvanlanıb. Çox istərdik ki, "Heydər Əliyev İli" çərçivəsində irəli sürdüyümüz təşəbbüsün reallaşması istiqamətində ciddi addımlar ata bilək".